Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:09

Türkiyə türkmanlara görə Təhlükəsizlik Şurasına müraciət edib


Türkiyə qonşu Suriyada türkman əhali üzərinə hücumların müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurasının çağrılmasını tələb edib.

Türkiyə qonşu Suriyada türkman əhali üzərinə hücumların müzakirə edilməsi üçün BMT Təhlükəsizlik Şurasının çağrılmasını tələb edib.

Reuters agentliyi xəbər verir ki, bu barədə məlumat Türkiyə baş nazirinin ofisindəki mənbədən alınıb.

Bundan bir qədər əvvəl Ankara Rusiyanın Türkiyədəki səfirinə Suriyada türkman əhalisinin bombardmanına etiraz notası təqdim edib.

Ahmet Davutoğlu
Ahmet Davutoğlu

Reuters agentliyi bildirib ki, Suriyanın dağlıq ərazisində gedən döyüşlərə görə 1700 türkman qaçaraq Türkiyə ərazisinə sığınıb.

Rusiya təyyarələri Suriyanın türkmanlar yaşayan bölgəsini bombardman etməklə Assad-ın quru qoşunlarının hücumunu dəstəkləyir.

Ankara ümumiyyətlə Rusiyanın Suriyaya hərbi müdaxiləsindən, ələxüsus da Moskvanın prezident Assad-ı dəstəkləməsindən narazıdır və bunu dəfələrlə bəyan edib.

Reuters yazır ki, Türkiyə hazırda türkman kəndlərinin bombardmanı məsələsini Rusiya və ABŞ-la müzakirə edir və məsələnin BMT TŞ-yə çıxarılması üçün hazırda qurumun sədri olan Britaniyaya müraciət edib.

Xəbər verilir ki, baş nazir yaranmış vəziyyəti habelə ölkənin hərbi və kəşfiyyat orqanları ilə müzakirə edir.

Bu məsələ həmçinin xarici işlər naziri Feridun Sinirlioğlu və dövlət katibi John Kerry arasında telefonla müzakirə olunub.

Türkmanlara görə 3-cü dünya müharibəsi?

Türkiyə bildirir ki, Suriyanın türkman kəndlərindən 1700 qaçqın artıq Türkiyəyə gəlib və vəziyyət dəyişməzsə daha 30 minədək insan evlərindən didərgin düşə bilər.

Sputniknews.com saytı yazır ki, Türkiyə lazım gələrsə, Suriya türkmanlarını birbaşa müdafiə edəcəyini bildirib.

Sayt yazır ki, Türkiyə baş naziri Davutoğlu Ankaranın “türkmanların Türkiyə və Suriyada müdafiəsi üçün bütün lazımi tədbirləri görəcəyini” dilə gətirib. Baş nazir tədbirlərin təfərrüatına varmayıb.

Bununla belə, Britaniyanın “Daily Star” qəzeti Türkiyə-Rusiya münasibətlərində yaranmış vəziyyətə dair məqaləsinə “3-cü Dünya Müharibəsi: Türkiyə Rusiyanı “ciddi nəticələrlə” hədələyib” adlandırır.

Qəzet yazır ki, NATO üzvü olan Türkiyə alyansın böyüklüyünə görə ikinci ordusuna malikdir.

“Daily Star” qəzetinin məqaləsində deyilir ki, Rusiya və Türkiyə Suriya müharibəsinin qarşıduran cəbhələrindədirlər.

Lavrovun səfərinə “artilleriya hazırlığı”

Türkiyənin ingilisdilli Todays Zaman saytı yaranmış vəziyyətdə Suriyanın türkman əhalisinin tutduğu mövqedən yazır.

Suriya Türkman İttifaqından Samin Hafez sayta bildirib ki, Suriya rejiminə qarşı vuruşan türkmanların vəziyyəti xüsusilə ağırdır.

Türkiyə təhlilçiləri qeyd edirlər ki, Rusiya bombardmanının intensivləşməsi Lavrovun səfərinə “artilleriya hazırlığı” kimi də qiymətləndirilə bilər

O deyib ki, əllərində olan silahlarla əvvəllər Assad-a qarşı vuruşa bilsələr də, indi bunu ruslara qarşı etmək qeyri-mümkündür.

Türkiyə mediası hakim AKP vəzifəlisi Selçuk Özdağa istinadən bildirir ki, türkmanların döyüşdüyü Türkman dağı bölgəsi hələlik Assad qüvvələrinin əlinə keçməyib.

Xəbər verilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı vəziyyəti müzakirə etmək üçün noyabrın 25-də Ankaraya səfər edəcək.

Türkiyə təhlilçiləri qeyd edirlər ki, Rusiya bombardmanının intensivləşməsi Lavrovun səfərinə “artilleriya hazırlığı” kimi də qiymətləndirilə bilər.

Türkman ellərində döyüşlər gedir

Türkiyənin Doğan xəbər agentliyinin məlumatına görə hazırda Türkman dağı bölgəsinin yarısı türkmanların, digər yarısı Assad qüvvələrinin nəzarətindədir.

Yerli türkman komandirlər deyirlər ki, onları Assad qoşunlarının hücumları yox, Rusiya təyyarələrinin bombardmanı narahat edir

CNN Türk xəbər verir ki, son döyüşlər Bayır deyilən bölgədə gedir, Bucaq bölgəsinin türkman əhalisi artıq evakuasiya edilib.

Ərazidəki üç strateji nöqtədən biri olan Qızıldağ həftəsonu Suriya hökumət qoşunlarının əlinə keçib.

Yerli türkman komandirlər deyirlər ki, onları Assad qoşunlarının hücumları yox, Rusiya təyyarələrinin bombardmanı narahat edir.

Xəbər verilir ki, Rusiya ərazinin bombardmanı üçün qadağan edilmiş saçma mərmilərdən istifadə edir.

Türkiyənin baş naziri Ahmet Davutoğlu ölkə parlamentində jurnalistlərə bildirib ki, türkman əhalinin belə qətliam qarşısında müdafiəsiz qalması yolverilməzdir.

AKP və “türkman qalmaqalı”

“Todays zaman”ın yazdığına görə türkman məsələsi Türkiyənin daxili siyasi həyatında mübahisə və qalmaqallara səbəb olmaqda davam edir.

Türkmanların qətliamla üzləşməsi barədə suala cavab verərkən, Davutoğlu bunun üçün təqsirin Suriyadakı qiyamçılara dəstəyi həyata keçirən ölkə kəşfiyyatında olduğuna işarə vurub.

O deyib ki, türkmanların qətliam təhlükəsi məsələsini ötən ilin əvvəllərində Suriyaya gedən bir neçə yük maşınını sərhəddə saxlayanlardan soruşmaq lazımdır.

İraqda İŞİD-ə qarşı döyüşən türkman könüllüləri (Arxiv)
İraqda İŞİD-ə qarşı döyüşən türkman könüllüləri (Arxiv)

Qəzet yazır ki, hakim AKP partiyası aylardan bəri bu maşınlarda humanitar yardım yüklərinin olmasında israr edirdi.

Lakin ötən ilin mayında “Cümhuriyyet” qəzeti maşınlarda silah olduğunu aşkara çıxarmışdı.

Qəzetin məlumatına görə maşınlarda 1000 top mərmisi, 50 min kəmər pulemyot gülləsi, 30 min kəmər ağır pulemyot gülləsi vardı.

O vaxt hökumət Suriyadakı radikal islamçıların silahlandırılmasında ittiham edilsə də, Davutoğlu bu silahın türlkmanlar üçün nəzərdə tutulduğuna and içmişdi.

Türkmanlar Türkiyədən hər hansı silah almadıqlarını bildirirdilər.

Türkman mənbələrin verdiyi məlumata görə, Türkiyəyə qaçqın gəlmiş türkmanların 90 faizi öz kəndlərinə qayıdıb.

XS
SM
MD
LG