Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:09

Ekspert: Moskva Türkmənistan-Azərbaycan kəmərini bloklamaq niyyətindədir


Türkmənistanda Şərq-Qərb kəmərinin açılışı mərasimində
Türkmənistanda Şərq-Qərb kəmərinin açılışı mərasimində

Türkmənistan özünün qaz ixracat marşrutlarını şaxələndirmək üçün yaranmış belə bir əlverişli dövrdə, yenidən Rusiyanın orbitinə qayıtmağa meyllənib. AzadlıqRadiosunun müxbiri Kris Riklton (Chris Rickleton) radionun Türkmən xidməti ilə birlikdə hazırladığı məqalədə belə yazır.

Rusiya artıq bir xeyli vaxtdır ki, Türkmənistanın əsas qaz alıcısı deyil.

İndi Türkmənistanın ən böyük alıcısı Çindir. Çin hazırda Türkmənistandan vaxtilə Rusiyanın aldığından dörd dəfə artıq qaz alır.

Amma əgər Çin özünü enerji ticarətində daha çox biznes partnyoru kimi aparırsa, Moskva böyük bir ehtimalla bu sövdələşmədə siyasi maraqlara malik olacaq.

Bu xüsusilə də indi, Rusiyanın Avropanın qaz bazarından çıxarıldığı bir vaxtda daha da aktualdır.

Türkmənistan başqa yol seçib

Londondakı Chatham House analitik mərkəzindən beynəlxalq ekspert Annet Bor (Annette Bohr) AzadlıqRadiosuna deyib:

"Geniş mənada Türkmənistan Avropa İttifaqının qaz bazarına potensial çıxışı ola biləcək yeganə qeyri-Rusiya qaz mənbəyidir. Bu Aİ-nin Rusiya qazından başqa mənbələrə daha ucuz və daha səmərəli keçidinə imkan yaradardı. Lakin Aşqabad aşkar şəkildə Rusiyanın yanına keçməkdə, öz qazının Qərb istiqamətində yönləndirilməsi imkanına arxa çevirməkdədir. Başqa sözlərlə ölkə özünün Rusiya və İran kimi avtoritar silahdaşları birgə addımlamağı və təcrid olunmuş vəziyyətdə qalmasını qoruyub saxlamaq yolunu seçib”.

Gazprom şirkətinin rəhbəri Aleksey Miller fevralın 15-də Aşqabada səfər edərək orada arxadağ Qurbanqulu Berdiməhəmmədov və onun yenicə taxta əyləşdirilmiş oğlu Serdarla görüşüb. Bu, onun son 6 ayda Türkmənistana ikinci səfəri idi.

Rusiya Türkmənistandan təbii qaz idxalını 2016-cı ildəki sıfırdan 2021-ci ildə 10 milyard kubmetrə çatdırıb. Məqalədə deyilir ki, bu rəqəm 2000-ci illərin ortasında bundan 4 dəfə çox – ilə 40 milyard kubmetr idi. Moskva o vaxt türkmən qazından öz qazını Avropa bazarına çıxarmaq üçün istifadə edirdi.

Hazırkı 10 milyard kubmetr həcminin artırılacağı barədə heç bir bəyanat verilməsə də, Rusiyanın qaz nəhəngi Türkmənistanla qaz əməkdaşlığı barədə müzakirələrin davam etdiriləcəyinə yayğın işarə edib.

Millerin mesajı

Lakin Millerin səfəri Rusiyanın Türkmənistana özünün qaz bazarındakı yerini tarazlamaq yolunda maneə yox, öz aktivi kimi baxdığına dair şayiələri daha da gücləndirib. Miller 2022-ci ilin Rusiya qazı üçün “çox ağır il” olduğunu etiraf etmişdi.

Türkmən xidməti Kremlə yaxın teleqram kanallarından birinə istinadən yazır ki, Miller əslində Türkmənistana Moskvanın TransXəzər Kəmərinin (TXK) tikintisinə heç bir vəchlə yol verməyəcəyinin mesajını verib.

Bu kəmərin tikintisi Azərbaycanın Avropa İttifaqına qaz ixracatını artırmaq imkanı verə bilər.

“Şərqə baxış” adlı həmin teleqram kanalında deyilir:

"Əvəzində Türkmənistana öz qazını İranın ərazisindən birbaşa Türkiyəyə ixrac etmək imkanı vəd edilib. Bu sxemlə əməkdaşlıq etməklə Türkmənistan Rusiyanın və İranın yaratmaq, Qətərin isə qoşulmaq istədiyi “qaz OPEC-nin” tamhüquqlu üzvünə çevriləcək”.

Gazprom AzadlıqRadiosunun bu barədə sorğusuna hələ ki cavab verməyib.

Öz qazını nəhəng həcmlərlə Xəzərin dibi ilə çəkiləcək kəmərlə nəql etmək niyyətini Türkmənistan azı 25 ildir ki, bəyan edir.

Xəzər dənizinin hüquqi statusu barədə razılaşmanın əldə edilməsi ilə Azərbaycan və Türkmənistan arasında dəniz neft yataqları üstündə mübahisə də müsbət həllini tapıb.

Hətta bundan əvvəllər də Rusiya və İran belə bir layihəyə ətraf mühit mülahizələri ilə mane olacaqlarına işarə etmişdilər.

Deyəsən heç Avropaya da lazım deyil

Lakin TXK Avropa üçün bu qış çox faydalı ola bilərdisə də, Avropanın enerji bazarı bu layihəyə o qədər də üstünlük vermir.

Bunu S&P Global Commodity Insights şirkətindəki Finance & Capital Markets komandasının başçısı Loren Ruzekas (Laurent Ruseckas) deyib.

Ekspertin fikrincə, Rusiya qazından izal olan Avropa İttifaqı təchizatın gələcəyini daha çox maye qaza söykənən şəbəkələrə bağlayır:

"Hazırda həqiqətən də böyük qaz kəmər layihələrinə və onların maliyyələşdirilməsinə həvəs azalıb. Orta müddətdə Avropaya qaz lazım olmayacaq. Bundan sonra isə idxal tələbi 2050-ci ilədək sıfra enəcək bir bazara xidmət etməli olan kəmərlərin tikintisinə kimin pul xərcləmək istəməsi sual altında qalacaq”.

Dekabr ayında Serdar Berdımuxammedov Azərbaycan və Türkiyə prezidentləri İlham ƏliyevRecep Tayyip Ərdoğanla Türkmənistanın Avaza şəhərində görüşmüşdü. O vaxt Ərdoğan Türkmənistan və Azərbaycan arasında qaz kəmərinin çəkilişinə tərəfdar olduğunu bildirmişdi.

Lakin Türkmənistan Qərb diplomatlarına bildirmişdi ki, Aşqabad tikintisi daha ucuz başa gələcək, amma daha az qaz nəql edəcək alternativlərdə maraqlı deyil. Annet Bor bu barədə deyir:

"Türkmənistanın istədiyi odur ki, Avropa pulunu da götürüb gəlsin və onunla ilə 30 milyard kubmetrlik uzunmüddətli kontrakt bağlasın. Amma bu baş tutacaq məsələ deyil”.

Ekspert əlavə edir ki, Türkiyə də Aşqabadın mövqeyindən arxayın deyil.

Şansları sıfırdan aşağı olan layihə

Öz qazını Qərbə nəql etmək üçün texniki imkanları olmayan və qazın ixracı üçün şimala – Rusiyaya və şərqə Çinə baxan Türkmənistan ümidini, qazı Hindistan, Pakistan və Əfqanıstan ərazisi ilə nəql edəcək TAPI adlı konsorsiuma bağlayır. Həmin konsorsiumun isə hələki gözə dəyən investoru yoxdur.

Moskva bu layihədə marağı olsa da, bundan artıq nəsə deməyib.

Rusiyanın Kabildəki səfiri Zamir Kabulov yanvar ayında bildirmişdi ki, kəmər üçün bir vaxtlar mövcud olan sərt şərait indi “bir az yumşalıb”.

Kabulov əlavə etmişdi ki, Moskvanın bu layihədə iştirakı onun kommersiya dəyərindən asılı olacaq.

Lakin Ruzekas bildirir ki, bu layihənin bəhrə verməsi şansları indi sıfırdan da aşağıdır.

Ekspertin sözlərinə görə maye qazın qiymətlərindən şoka düşən Pakistan və Hindistan bu layihənin gerçəkləşməsini istərdilər.

Lakin bu layihə ilə bağlı fundamental problemlərdən biri də Türkmənistanın Turkmengaz şirkətinin texniki imkanlarıdır.

Ekspert qeyd edir ki, Rusiya hazırda hər hansı kəmərə milyardlarla dollar xərcləmək qüdrətində deyil.

Digər tərəfdən isə Rusiyanın deyilənə görə Türkmənistana təklif etdiyi variant – İran vasitəsilə ixrac Aşqabadın regional enerji nüfuzunu artırmayacaq.

Aşqabad Moskvanı “etibarsız partnyor” adlandırmışdı

Britaniyadakı Methinks araşdırma firmasından enerji təhlükəsizliyi eksperti Con Roberts (John Roberts) AzadlıqRadiosunun Türkmən xidmətinə deyib ki, Türkmənistanın İran ərazisi ilə Türkiyəyə nəql edəcəyi qazın həcmi ildə 5 milyard kubmetrdən artıq olmayacaq.

Ekspertin fikrincə Türkiyənin də belə layihələrə qol qoyub-qoymayacağı məlum deyil. O düşünür ki, Ankara ehtimal ki, Avropa İttifaqının bu layihəyə mənfi münasibətini nəzərə almalı olacaq.

Lakin Rusiyanın Türkmənistanı idarə etmək üçün rıçaqları var. Rusiya qaz qiymətlərinin kəllə-çarxda olduğu bir vaxtda Türkmənistandan qaz nəqlini dayandırmaqla Aşqabadın iqtisadiyyatına ağır zərbə vurmuşdu.

Türkmengazın 2015-ci ildə dərc etdirdiyi bir hesabatda Rusiya “etibarsız partnyor” adlandırılırdı. Həmin hesabatın internetdəki linki indi işləmir.

Bor bu qənaətdədir ki, Türkmənistanın Rusiyanın layihələrinə çox da etibar etməməsi müdrik mövqe olardı:

"Rusiya özünün qaz bazarını rekonfiqurasiya etməklə məşğuldur. Qərb tərəfindən təcrid olunan Moskva İrandan getdikcə daha çox asılı vəziyyətə düşür ki, bunun da Türkmənistan üçün təsirləri ola bilər. Moskva gələcəkdə Qazaxıstan və Türkmənistan vasitəsilə İrana, oradan isə Pakistan və Hindistana çıxış axtarır. Lakin Pakistana gedən mövcud marşrutla kiçik həcmlər daşına bilər və üstəlik də bu yayğın ideyanın həyata keçməsinin infrastruktur, logistika və texniki əngəlləri var”.

XS
SM
MD
LG