Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 18:50

Mark Kermode uşaqlar üçün 25 ən yaxşı filmi seçir


Uşaq filmi necə olur? Uşaq filmi məxsusi azyaşlı tamaşaçılara və onların get-gedə artan tələbatlarını qarşılamaq üçün çəkilən filməmi deyilir?

Bəlkə uşaqlıq çağından söz açan filmlər belə adlanır? Bəlkə söhbət, sadəcə, uşaqların da baxa biləcəyi filmlərdən gedir?

Britaniyanın “The Guardian” qəzeti uşaqlara tövsiyə olunan 25 filmin siyahısını dərc edib. Müəlliflərin fikrincə, siyahıdakı filmlər uşaqların kino bilgilərinin formalaşmasına maraqlı töhfə verə bilər.

Səssiz kino çağına aid, zamana tabe olmayan klassik “Uşaq” (The Kid) (1921) filmində Jackie Coogan Charlie Chaplin-in tərəf müqabilidir.

“Uşaq” Chaplin-in rejissor kimi yaratdığı ilk tammetrajlı film sayılır. Yumor, pafos və faciənin unikal qarışığı bu filmi bütün dünyaya sevdirib. Həmin filmi izləyən heç bir uşaq, yaxud yetkin şəxs təsirlənməyə bilməz.

Alman rejissoru Lotte Reiniger-in 1926-cı ildə çəkdiyi Şahzadə Əhmədin macəraları (The Adventures of Prince Achmed) filmi günümüzə gəlib çatmış ən köhnə tammetrajlı animasiya filmlərindəndir və dövrün bir çox filmləri kimi irqi və cinsi stereotiplərlə - qəliblərlə doludur. Ancaq yetərincə yetkin auditoriya bu filmdən yararlanaraq, animasiya tarixi haqda bilgilərini zənginləşdirə bilər. Reiniger-in “Min bir gecə nağıllarından” ilhamlanaraq çəkdiyi bu film çox sayda klassik uşaq filmlərinin yaradıcılarına ilham verib.

Növbəti 2 yeri…

Siyahıda növbəti iki yeri Disney-in 1937-ci ildə çəkdiyi “Ağca və yeddi cırtdan” (Snow White and the Seven Dwarfs) və Victor Fleming-in 1939-cu ildə Amerika yazıçısı L. Frank Baumun məşhur uşaq romanı əsasında “Warner Brothers” studiyasında çəkdiyi “Oz qalasının sehrbazı” (The Wizard of Oz) filmləri tutur.

Hindistanlı rejissor Satyajit Ray-ın 1955-ci ildə benqal dilində çəkdiyi “Yol nəğməsi” (Pather Panchali) filmi 1956-cı ildə Kann kinofestivalında ən yaxşı insani sənədli film nominasiyasında qalib olub.

Bu film eyni zamanda müasir Hindistan kinosunun təkamülündə danılmaz rol oynayıb. Bibhutibhushan Bandyopadhyay-ın romanı əsasında çəkilmiş bu film yoxsul kənd həyatında mübarizə, təbəssüm və yoldaşlığı əks etdirir.

Gənc Subir Banerjee-nin son dərəcə təbii oyunu filmi daha da gözəlləşdirir. Bu film sonradan çəkilən “Aparajito” və “Apur Sansar” filmləri ilə birlikdə trilogiya olub.

Fransa rejissoru Albert Lamorisse-in 1965-cı ildə çəkdiyi qısametrajlı “Qırmızı şar” (The Red Balloon) filmi balaca oğlan və onun tapdığı, öz aləmi olan şar haqqındadır.

Bədbin fonda ümid rəmzi olan bu poetik film bizə savaşsonrası dövrün ruhunu çatdırır. Lamorisse bu filmə görə ən yaxşı senari kateqoriyasında Oskar mükafatına layiq görülüb. O, qısametrajlı filmlə bu kateqoriyada qalib olmuş yeganə insandır.

Siyahıda növbəti yeri fransız rejissor Jean-Pierre Léaud-un 1959-cu ildə çəkdiyi “400 zərbə” (Les Quatre Cents Coups) detektiv filmi tutur.

7 nominasiyada Oskar aldı

Robert Stevenson-un 1964-cü ildə Avstraliya yazıçısı PL Travers-in kitabları əsasında çəkdiyi “Marry Poppins” filmi gözəl bir Disney müziklidir. Film düz 13 nominasiyada Oskara namizəd göstərilib, yeddi nominasiyada, o cümlədən Julie Andrews-un ifasına görə ən yaxşı aktrisa kateqoriyasında və Sherman qardaşlarının bəstələdiyi “Chim Chim Cher-ee” mahnısına görə bu mükafata layiq görülüb.

Siyahıda daha sonra “Kes“ (1969, Britaniya) və 1970-ci ildə Fransada stop-mouşn tərzində çəkilmiş “Polluks və mavi pişik” (Pollux et le Chat Bleu) cizgi filmi hələ də yeni fanatlar qazanmaqda davam edir.

Qəzet daha sonra 1972-ci ildə çəkilmiş “The Amazing Mr Blunden” və Kanada Milli Kino Şurasının istehsalı olan, 1976-cı ildə çəkilmiş, Oskara namizəd göstərilmiş 10 dəqiqəlik “Küçə” (The Street) filmini tövsiyə edib. Filmə nfb.ca/film/the_street səhifəsindən pulsuz baxmaq mümkündür.

Balaca oğlanın yadplanetli ilə dostluğundan söz açan “Yadplanetli” (ET: The Extra-Terrestrial) (1982) filmini fantastik film də saymaq olar, ancaq film həm də rejissor Steven Spielberg-in valideynlərinin boşanmasından sonra yaşadığı tənhalıq və narahatlığı ifadə edir.

Hayao Miyazakin-in 1988-ci ildə çəkdiyi “Qonşum Totoro”(My Neighbour Totoro) ən yaxşı animasiya filmlərindən biri sayılır. Film balaca uşaqların meşə ruhları ilə dostlaşmasından bəhs edir. Bu film müxtəlif nəsilləri təmsil edən tamaşaçıların könlünü oxşadığından, Miyazakin-in işlərini daha da populyarlaşdırıb.

Bir yox, bir neçə filmə ilham verdi

Frances Hodgson Burnett-in kitabı bir yox, bir neçə filmə ilham verib. Ancaq Agnieszka Hollandın 1993-cü ildə çəkdiyi “Gizli bağ” (The Secret Garden) filmi ayrıca seçilir.

1994-cü ildə Louisa May Alcott-un March bacıları haqda romanı əsasında çəkilmiş “Kiçik qadınlar” (Little Women) filmi üç nominasiyada Oskara namizəd göstərilib.

İlk dəfə səssiz kino çağında ekranlaşdırılmış bu roman sonradan bir neçə filmin əsasını təşkil edib.

Məşhur seneqallı müğənni Youssou N’Dour-un musiqisi 1998-ci ildə Qərbi Afrika xalq nağılı əsasında çəkilmiş “Kiriku və cadugər” (Kirikou and the Sorceress) filminə özəl rəng qatır.

2002-ci ildə Maori yazıçısı Witi Ihimaera-nın eyniadlı romanı əsasında çəkilmiş “Balinanı ram edən” (Whale Rider) filmində gənc qız öz tayfasının lderi olmaq üçün mübarizə aparır. Yeni Zelandiyalı aktrisa Keisha Castle-Hughes bu filmdəki roluna görə ən yaxşı aktrisa nominasiyasında Oskara namizəd göstərilib. O zaman o, həmin kateqoriyada ən gənc namizəd sayılırdı.

2002-ci ildə və sonradan 2012-ci ildə Louise Rennison-un romanı əsasında çəkilmiş “Bekhəm kimi oyna” (Bend It Like Beckham) filmi iki gənc qızın (Parminder Nagra və Keira Knightley) dostluğundan söz açır. “Bend It Like Beckham” əsasında səhnə müzikli də yaradılıb.

XS
SM
MD
LG