Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 03:12

Almaniya Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb


Boris Pistorius, Rustem Umerov, Con Hili
Boris Pistorius, Rustem Umerov, Con Hili

Almaniya qarşıdakı dörd il ərzində Ukraynaya 11 milyard avro məbləğində hərbi yardım göstərəcək. Bunu Ukraynanın müdafiə naziri Rustem Umerov X platformasında paylaşımında bildirib: "Mən Almaniya xalqına və hökumətinə, xüsusilə də həmkarım, müdafiə naziri Boris Pistoriusa Ukraynaya 2029-cu ilə qədər əlavə 11 milyard avro hərbi yardım ayrılması ilə bağlı bugünkü açıqlamasına görə təşəkkür edirəm. 2025-ci ildə Almaniyadan göndəriləcək silah və texnika bizə səma məkanımızı qorumaqda... və döyüş meydanındakı mövqelərimizi möhkəmləndirməkdə... ciddi dəstək verəcək".

B.Pistorius isə bu gün, aprelin 11-də Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Əlaqə Qrupunun iclasında bu il üçün Ukraynaya yeni genişmiqyaslı hərbi yardım paketini açıqlayıb. Hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, piyadalar üçün zirehli maşınlar, tanklar, kəşfiyyat dronları yerüstü müşahidə üçün radar sistemləri, artilleriya mərmiləri daxildir. Britaniyalı həmkarı Con Hili ilə birgə Brüsseldə "Ramşteyn formatı"ndakı iclasa həmsədrlik edən Pistorius bildirib ki, müharibənin gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün "pəncərə" açıla bilər. Lakin o əlavə edib ki, "bu pəncərə yalnız Ukraynanın döyüşmək istədiyini və lazım gələrsə, bunu bacaracağını Rusiyaya göstərsək, açılacaq".

Onun sözlərinə görə, daha müasir silah sistemləri, eləcə də yaxşı təlim keçmiş qüvvələrlə Ukrayna mümkün atəşkəs və ya sülh sazişindən sonra da özünü müdafiə etmək qabiliyyətində olacaq.

"Rusiya heç bir illüziyaya qapılmamalıdır. Ukrayna daha da güclənir. Biz bunu təmin etməliyik və edəcəyik", – Almaniyanın müdafiə naziri vurğulayıb.

Britaniya Müdafiə Nazirliyi də Ukrayna üçün 450 milyon funt sterlinq dəyərində hərbi yardım paketini elan edib.

"Biz müharibəni unudaraq sülhü təhlükə altına qoya bilmərik. Məhz buna görə bu gün açıqlanan iri yardım paketi Ukraynanın ön cəbhədəki mübarizəsinə güclü dəstək verəcək", –C.Hili Brüsseldəki iclasda deyib.

Nazir əlavə edib ki, "2025-ci il Ukraynadakı müharibə üçün həlledici ildir".

ABŞ müdafiə naziri Pit Heqsetin və Ukrayna prezidenti Volodimir Zelenskinin iclasa onlayn formatda qatıldığı bildirilib.

XS
SM
MD
LG