ABŞ ilə Avropadakı müttəfiqləri arasında Ukrayna ilə bağlı siyasətdəki fikir ayrılıqlarını bir daha ön plana çıxaracaq daha bir hərbi planlaşdırma və diplomatik fəaliyyət həftəsi başlayır. Bu, NATO-nun Brüsseldəki mənzil-qərargahında ardıcıl iki gün keçiriləcək iki əsas toplantıda özünü göstərəcək.
ABŞ ilk toplantıda iştirak etməyəcək və, görünür ki, Avropa ölkələri öz planları ilə irəliləməyə çalışarkən Vaşinqton ikinci toplantıda da əsas rol oynamayacaq. Aprelin 10-da keçiriləcək ilk toplantı Kanada və Avstraliya kimi qeyri-Avropa ölkələrini də əhatə edən "istəklilər koalisiyası"nın müdafiə nazirlərini bir araya gətirəcək.
ABŞ prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ evdə baş vermiş gərgin görüşdən sonra martın əvvəlində formalaşdırılan bu koalisiya 30 ölkədən ibarətdir. Onun əsas məqsədlərindən biri mümkün atəşkəs və ya sülh sazişindən sonra Ukraynaya göndəriləcək hərbi qüvvə yaratmaqdır. Lakin bu qüvvənin yaradılması ilə bağlı əsas problemlərdən biri odur ki, bir çox ölkələr, o cümlədən Britaniya bu təşəbbüsün yalnız ABŞ-nin dəstəyi ilə — hava dəstəyi, logistik və kəşfiyyat təminatı ilə — mümkün ola biləcəyini bildirib. Ancaq indiyədək ABŞ-dən bu istiqamətdə açıq bir dəstək siqnalı verilməyib.
NATO-nun Avropadakı keçmiş ali baş komandanı Filip Bridlav AzadlıqRadiosuna deyib ki, o, Vaşinqtonda belə bir dəstəyi təmin etmək üçün siyasi iradənin olmadığını düşünür. Lakin onun fikrincə, Avropa hər halda öz planlarını davam etdirməlidir: "Əgər Putin hasarın o tayına baxsa və Böyük Britaniya, Fransa və Almaniyanın da daxil olduğu böyük bir koalisiyanı görsə, fasilə verəcək".
Almaniyanın Ukraynada hər hansı hərbi qüvvədə təmsil olunub-olunmayacağı bəlli deyil. Ölkə fevralda keçirilən seçkilərdən sonra siyasi keçid dövrünü yaşayır və yeni koalisiya hökumətinin qurulması ilə bağlı danışıqlar davam edir.
Britaniya və Fransa koalisiyaya rəhbərlik edərək missiya üçün hərbi güc təmin edəcəyinə söz verib və aprelin 10-da keçiriləcək danışıqlara ev sahibliyi edəcəklər.
"Düşünürəm ki, Avropa bunu özü edə bilər", - Bridlav deyib.
"Rusiya ordusu çox zərbə alıb. Onların qüvvələri yenidən qurmaq və bərpa etmək üçün ABŞ-nin təmin edəcəyi sülh müddətinə ehtiyacı var. Onlara bərpa etməyə icazə vermək Rusiyaya verdiyimiz ən böyük hədiyyə olacaq", – o qeyd edib.
"Onun getməməsi çox böyük səhvdir"
Onun bu fikirləri ABŞ-nin Avropadakı keçmiş ordu komandanı Ben Hocesin AzadlıqRadiosuna verdiyi müsahibədəki şərhləri təkrarlayır. Hoces keçən ay bildirib ki, Avropa qüvvələri "yaxşı təchiz olunmuş qadın və kişilər"dən ibarətdir və bu məsələni ABŞ-nin iştirakı olmadan da həll edə bilər. Lakin ABŞ-nin iştirakı hələ də gündəlikdəki əsas məsələlərdən biridir.
"Avropalılar Trampı bu ideyanı dəstəkləməyə inandırmalıdır", – deyə NATO-da müxtəlif yüksək vəzifələrdə çalışmış və 2018-ci ildə təqaüdə çıxmış Cemi Şi AzadlıqRadiosuna bildirib.
"Ola bilsin ki, bu, kiçik bir qüvvə olacaq və ön cəbhədə yerləşməyəcək... Əsas məsələ isə budur: əgər sülh əldə olunmasa və müharibə davam etsə, bu qüvvə, ümumiyyətlə, yerləşdiriləcəkmi?" –Şi sual edir.
"İstəklilər koalisiyası"nın danışıqlarından bir gün sonra, yeni transatlantik fikir ayrılığı Ukrayna Müdafiəsi üzrə Əlaqə Qrupunun toplantısında bir daha üzə çıxacaq. Bu qrup 2022-ci ildə ABŞ-nin ozamankı müdafiə naziri Lloyd Ostin tərəfindən yaradılıb. Ostinin sədrlik etdiyi bu görüşlərdə əsas məqsəd Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya hərbi yardımın koordinasiyası idi. Lakin onun varisi Pit Heqset, görünür, bu dəfə toplantıya qatılmayacaq. Pentaqon aprelin 4-də bildirib ki, Heqset həmin vaxt Panamaya səfər edəcək.
"Avropadakı müttəfiqlərimizin liderləri qitənin müdafiəsinə görə əsas məsuliyyəti öz üzərilərinə götürməlidirlər", – Heqset fevral ayında deyib.
"Dəyərlər vacibdir. Amma siz dəyərlərlə atəş aça bilməzsiniz. Sərt gücün əvəzini heç nə verə bilməz", – deyən Heqset Avropanı müdafiə xərclərini artırmağa çağırıb.
O, bu fikirləri Əlaqə Qrupunun əvvəlki iclasında iştirak etdikdən bir gün sonra səsləndirib. Heqset həmin görüşdə iştirak etsə də, iclasa sədrlik etməmişdi.
"Heqsetin iştirak etməməsi ABŞ-nin bu dəfə Ukraynaya dəstək üçün yeni bir yardım paketi açıqlamaq niyyətində olmadığını göstərir", – keçmiş NATO rəsmisi C.Şi bildirib. "Birləşmiş Ştatlar, yəqin ki, hələ də yardımı Ukrayna ilə faydalı qazıntılar üzrə danışıqların nəticəsi ilə əlaqələndirir".
"Mən katib Heqseti şəxsən dost hesab edirəm. Amma sizə deyərdim ki, onun getməməsi çox böyük səhvdir", - Bridlav deyib. "Amerika Avropada liderliyini nümayiş etdirməyə davam etməlidir".
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq tərəfindən hazırlanıb.