Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:50

Ukraynaya qırıcı təyyarələr verilə bilər - Qərb mediası


F-16 qırıcı təyyarəsi
F-16 qırıcı təyyarəsi

Ukraynaya ABŞ və Almaniya tanklarının göndərilməsi qərarından dərhal sonra NATO ölkələri Kiyevə qırıcı təyyarələrin verilməsi məsələsini müzakirə edirlər.

Bu barədə məlumatı hərbçi məmurlara və diplomatlara istinadən Politico portalı verib.

Bundan əvvəl Qərb ölkələri Rusiya ilə müharibənin eskalasiya olunmaması məqsədilə Ukraynaya döyüş təyyarələrinin verilməsini müzakirə etməkdən çəkinirdilər.

Politico saytının müsahiblərindən birinin sözlərinə görə Vaşinqton Kiyevə bildirmişdi ki, hazırda Ukraynaya hərbi təyyarələrin verilməsi imkanı yoxdur.

O vaxt ABŞ və onun müttəfiqləri bu məsələni “qırmızı xətt” hesab edirdilər.

Bu da qeyd olunur ki, ötən yayda Kiyev müttəfiqlərdən dəqiq vuran yaylım atəşli zenit-raket qurğusu HIMARS sistemini istəyəndə də, ona dərhal müsbət cavab verilməmişdi. Amma nəticədə Ukraynaya sözü gedən sistemlərin verilməsi qərara alınmışdı.

Daha mübahisəli məsələ

Politico saytının yazdığına görə qırıcıların göndərilməsi, Ukraynaya ağır tankların verilməsi ilə bağlı məsələdən daha mübahisəlidir.

Hələlik Ukraynaya ABŞ istehsalı F-16 qırıcıları verə biləcəyini yalnız Niderland bəyan edib.

Ötən həftə ölkənin xarici işlər naziri Vopke Hukstra parlamentə bildirmişdi ki, əgər Kiyev müvafiq müraciət edərsə, hökumət bu məsələyə baxmağa hazırdır.

Almaniya kansleri Olaf Şolts bugünlərdə Kiyevə qırıcı təyyarələr verilməsini istisna edib.

O bildirib ki, bu, müharibəni daha da qızışdıra bilər. Yeri gəlmişkən, Şolts Ukraynaya Leopard tanklarının verilməsi məsələsində də sonadək müqavimət göstərmişdi.

Bundan başqa ekspertlərin fikrincə Ukrayna üçün NATO-nun əsas döyüş təyyarələri olan F-15 və F-16 qırıcıları o qədər də münasib deyil.

Onlar deyirlər ki, bu təyyarələrə texniki xidmət məsrəflidir və onlardan istifadə üçün Ukraynadakı aerodromların yenidən qurulmasına ehtiyac var.

Təyyarələr yox, plan

Ekspertlərin rəyinə görə Ukraynaya ən münasib olanı İsveç istehsalı Gripen qırıcılarıdır.

Amma İsveçin müdafiə naziri Pol Yonson deyib ki, Stokholmun Ukraynaya qırıcı təyyarələr verilməsi üçün “təcili planı” yoxdur.

Bəzi ekspertlər isə deyirlər ki, Ukraynaya ümumiyyətlə təyyarələrdən daha çox hava hücumundan müdafiə sistemləri lazımdır.

Politico mənbələrə istinadən yazır ki, Ukrayna üzrə kontakt qrupunun Ramştayn bazasında keçiriləcək növbəti iclasında da Kiyevə hərbi aviasiyanın verilməsinə dair prinsipial qərarın qəbul ediləcəyi gözlənilmir.

Lakin elə həmin mənbələr bildiriblər ki, bu görüşdə “təcili ehtiyac olduğu halda” Ukraynaya qırıcıların verilməsi planı müzakirə olunacaq.

Rusiya ABŞ və Qərb ölkələrinin Ukraynanı müasir və daha güclü silahlarla təchiz etməsinə qəzəbli reaksiya verir.

XS
SM
MD
LG