Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:03

Britaniya kəşfiyyatı: Rusiya fosfor bombasından istifadə edə bilər


Mariupol şəhəri bugün
Mariupol şəhəri bugün

Ukrayna prezidenti Volodimir Zelenski də Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyini deyib

Britaniya Müdafiə Nazirliyinin aprelin 11-də keçirdiyi brifinqdə deyilir ki, Rusiya Donetsk və Luqanskın atəşə tutulmasını davam etdirib, lakin Ukrayna silahlı qüvvələri bir neçə hücumu dəf edərək düşmənin çox sayda tankını, maşınlarını və artilleriya qurğularını məhv edib.

The Evening Standard yazır ki, brifinqdə belə bir xəbərdarlıq edilib:

“Rusiya qüvvələrinin bundan əvvəl Donetsk vilayətində fosfor silahlarından istifadə etməsi bu silahlardan hazırda qızğın döyüşlər gedən Mariupiolda da istifadə edə biləcəyi ehtimalı yaradır”.

Ağ fosfor yüksək zəhərliliyə malikdir və oksigenlə kontaktda alışa bilir.

Bu silahdan istifadə çox sayda insanın ölməsinə və çox ağır xəsarətlər almasına səbəb ola bilər.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Rusiyaya xəbərdarlıq etmişdi ki, Moskva Ukraynada kimyəvi silaha əl atarsa “çox sərt bədəl” ödəyəcək.

Lakin o bu bədəlin nədən ibarət olacağını deməmiş və Rusiya ilə NATO arasında birbaşa toqquşmanı istisna etmişdi.

Ukrayna ordusunun Rusiyanın yeni hücumlarını dəf etdiyi bildirilir
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Pentaqon narahatlığını bildirir

Aprelin 11-də Ukrayna prezidenti Volodimir Zelenski də Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyini deyib və Qərbi Rusiyaya qarşı daha sərt sanksiyalara çağırıb.

Reuters agentliyi yazır ki, mühasirədə olan Mariupol şəhərində kimyəvi silahdan istifadə edildiyinə dair təsdiq olunmamış xəbərlər var.

Pentaqonun sözçüsü Con Körbi aprelin 11-də bu barədə deyib:

"Biz bunu hazırda təsdiq edə bilmərik və vəziyyəti yaxından monitorinq edəcəyik. Bu xəbərlər, əgər doğrudursa, çox dərin narahatlıq yaradır və bu, bizim Rusiyanın Ukraynada potensial olaraq iğtişaşa qarşı müxtəlif kimyəvi agentlərdən, gözyaşardıcı qazla qarışdırılmış kimyəvi agentlərdən istifadə etmək imkanına dair narahatlığımızı əks etdirir”.

Reuters agentliyi Mariupol merinin köməkçisi Petro Andryuşşenkoya istinadən kimyəvi hücum xəbərlərinin hələki təsdiqini tapmadığını, məsələnin araşdırıldığını yazır.

Separatçılar hədələyir

Rusiyanın dövlət RIA Novosti agentliyi bildirib ki, guya Donbasdakı rusiyayönlü separatçılar kimyəvi silahdan istifadəni götür-qoy edirlər.

Qondarma “Donetsk Xalq Respublikasının” nümayəndəsi Eduard Basurin deyib ki, separatçı qüvvələr Mariupolda kimyəvi silaha əl ata bilər.

Rusiyanın dövlət telekanalında Mariupoldakı Azovstal zavodu barədə danışan Basurin deyib ki, orada yerin altında bir neçə mərtəbə sığınacaq var və oranı hücumla tutmaq mümkün deyil:

"Bu zavod sovet vaxtı tikilib, çoxlu beton və armaturdan istifadə olunub. Bu səbəbdən ora hücum etməyin, belə deyək, mənası yoxdur. Bizim çox sayda əsgərimiz qırılacaq, amma düşmən heç itki verməyəcək. Buna görə də hazırda bu zavodun, ordan bütün giriş və çıxışların bloklanması məsələsi həll olunmalıdır. Düşünürəm ki, bundan sonra kimyəvi qoşunlara müraciət edilməlidir ki, bir üsul tapıb bu köstəbəkləri yuvalarından çıxaraq”.

Kiyev, İrpin və Buça sakinləri geri dönür
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Şəhər meri bildirir ki, Rusiya qoşunları Mariupolu mühasirəyə alandan bəri burada 10 min sakin həlak olub.

Mer Vadim Boyçenko deyib ki, küçələr meyitlərlə doludur və itkilər 20 minə çata bilər.

O əlavə edib ki, Rusiya qüvvələri şəhərə səyyar krematoriya gətiriblər. Məqsəd meyitləri yandırıb izi itirməkdir.

Rusiya qoşunları şəhərə humanitar dəhlizin açılmasına imkan vermir.

XS
SM
MD
LG