Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:11

Ukraynadakı müharibənin sualı: ‘Qələbə nə deməkdir’


Donbas
Donbas

Getdikcə daha çox ekspert xəbərdarlıq edir ki, müharibə uzandıqca Qərbin Ukraynaya dəstəyi azala bilər

Rusiyanın Ukraynanı işğalı yeddinci aya girdi. Tərəflərdən heç biri qəti qələbəyə, yaxud məğlubiyyətə yaxın görünmür. Gələn aylarda bu münaqişədə nə gözləmək olar? AzadAvropa/AzadlıqRadiosunun müxbiri Mayk Ekel bu haqda yazır.

“Növbəti altı ayda müharibə zəif atəşlə qaynamağa davam edəcək, hər iki tərəf hərbi və iqtisadi itkilər verəcək. Kompromis tapmaqla bağlı söhbətlər daha ucadan eşidiləcək”, – Berlindəki Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Mariya Şaqina deyib.

İqtisadi göstəricilər

Münaqişədə yaxın və uzaq gələcəkdə izlənəcək birinci məsələ iqtisadiyyatla bağlıdır. Rusiyanın İqtisadiyyat Nazirliyi avqustun 17-də yaydığı proqnozda ölkədə ÜDM-nin ilin sonunadək 4.2 faiz azalacağını, inflyasiyanın 13.4 faiz olacağını bildirib. Daha öncəki proqnozlar, o cümlədən Beynəlxalq Valyuta Fondunun gözləntiləri daha bədbin idi.

Bəzi ekspertlər işğala görə Qərbin sanksiyalarının hələ Rusiya iqtisadiyyatına tam təsir göstərmədiyini, tam təsirin gələn aylarda üzə çıxacağını düşünürlər.

“Əlçatan istehlak mallarının, hətta ərzaq məhsullarının keyfiyyəti və kəmiyyəti azalacaq. İnflyasiya real maaşlara daha çox təsir göstərəcək. Ölkədə zavodlar dayanacaq, işçilər ya çıxarılacaq, ya da uzunmüddətli məzuniyyətə göndəriləcək”, – Los Ancelesdəki Kaliforniya Universitetində siyasi təhlilçi və Rusiya siyasəti üzrə ekspert Daniel Treysman deyib. Onun fikrincə, bütün bunlar narazılıq yarada bilər.

Ukrayna iqtisadiyyatına gəlincə, Rusiyanın hücumları nəticəsində ÜDM, Dünya Bankının hesablamasına görə, yarıbayarı azala bilər. Müharibə uzandıqca göstəricilər də pisləşir. Ukraynanın Qara dəniz limanlarının blokadası nəticəsində dayanan kənd təsərrüfatı malları ixracı təzəlikcə bərpa olunub.

Büdcə defisiti mayda 4 milyard dollara, iyunda 6 milyard dollara çatıb.

Qərbin donor ölkələri və maliyyə qurumları Ukrayna büdcəsinə dəstək üçün milyardlarla avro vəd etsələr də, bu məbləğin kiçik bir hissəsi göndərilib. Bunu Almaniyada yerləşən Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutu bildirir.

Baş nazir Denis Şmihal mayda deyirdi ki, müharibə bitəndən sonra ölkənin bərpası təxminən 750 milyard dollara başa gələcək.

Qış gəlir

Müharibədə izlənəsi ikinci məqam qışın yaxınlaşması ilə bağlıdır. Ötən həftə Rusiyanın Gazprom dövlət qaz monopolisti bildirib ki, Şimal axını kəmərilə qaz təchizatı üçgünlük kəsiləcək. Şirkət bunu təmir və profilaktika işləri ilə izah edir. Ancaq daha öncə qaz təchizatında 10 günlük fasilə yaranmışdı.

Bir sıra Avropa ölkələri bu il enerji təchizatında çətinliklə üzləşə bilərlər. Almaniya ölkə boyunca enerji istehlakını azaltmağa çalışır: dövlət idarələrini termostatları aşağı salmağa, hovuz və idman zallarında isti suyu kəsməyə çağırıb, hətta nüvə istehsalı zavodlarını işə salmağı nəzərdən keçirir.

Avropa İttifaqının icraedici orqanı blok üzvlərini Rusiyadan qazın tamamilə kəsilməsinə hazır olmağa çağırıb.

Ancaq bəzi ekspertlər Rusiyanın da Avropadan asılı olduğunu, qazını sataraq ixrac gəlirlərini artırdığını deyirlər. Bu isə Gazprom-un qazı tamamilə kəsməyini önləyə bilər.

Daxili siyasət

Müharibədə daha bir məqam daxili siyasətdir. 2019-cu ildə prezident seçilən Zelenskinin reytinqi işğaldan öncə aşağı idi. Mayda keçirilən rəy sorğusuna görə, ukraynalıların 90 faizə yaxını onun rəhbərliyini müsbət dəyərləndirir.

Londondakı Chatham House təhlil mərkəzindən Orisya Lutseviç deyir ki, hazırda Zelenskinin ritorikası və hərəkətləri ukraynalıların Rusiya üzərində təsəvvür etdiyi qələbəyə çox uyğundur. Ancaq onun sözlərinə görə, müharibə davam etdikcə, qışda problemlər çıxdıqca ukraynalıların da səbri tükənəcək.

“Ukrayna sanki tufana düşmüş gəmidir, batmaması üçün təmir edilməlidir. Bu qış bir çox evlər üçün çətin keçəcək, bu isə siyasi təzyiqi artıra bilər. Ancaq müharibənin aktiv fazası davam etdikcə indiki əsas siyasi oyunçuların hamısı müharibəyə fokuslanıb, Zelenskiyə meydan oxumayacaq. Cəmiyyət xarici düşmənə qarşı birləşir”, – təhlilçi vurğulayır.

Rusiya Prezidenti Vladimir Putinin hesab-kitabı isə başqadır. Hələ işğaldan öncə vətəndaş cəmiyyətini, müstəqil medianı sıxışdırmağa başlayan Kreml müharibədən sonra divantutmamı gücləndirib. Fevralın 24-dən bəri Rusiya sürətlə mütləq avtoritarizmə doğru getməyə başlayıb. Adamlar hətta Ukrayna müharibəsi haqda sual verməyə görə həbs edilirlər.

Təhlilçi Treysman deyir ki, ölkə iqtisadiyyatında pisləşmə tendensiyalarını, ictimai fikri, eyni zamanda Rusiyanın hərbi vəziyyətini idarə etmək böyük bacarıq və diqqət tələb edəcək, asan olmayacaq.

Qərb müharibədən yorulurmu?

Artıq Almaniya Kansleri Olaf Şoltsun populyarlığı dekabrda vəzifəyə keçəndən ən aşağı həddə düşüb.

Fevralın 24-dən Ukraynaya 9 milyard dollarlıq avadanlıq vermiş ABŞ-da Prezident Co Baydenin populyarlığı azalır. Səbəblər yüksək inflyasiya, yanacağın bahalanması, COVID-19 qadağalarından narazılıqdır. Noyabrda Konqres seçkilərində Demokrat Partiyası Konqresə nəzarəti itirə bilər.

Getdikcə daha çox ekspert xəbərdarlıq edir ki, müharibə uzandıqca Qərbin Ukraynaya dəstəyi azala bilər. Bu qış Avropada enerji təchizatında böyük kəsinti, yaxud ABŞ-da benzinin qiymətində kəskin bahalanma olaraq bu təhlükə ikiqat artar.

Konqresə nəzarət respublikaçıların əlinə keçsə belə, Ukraynaya güclü dəstək qalacaq, müəllif yazır.

Qələbəsiz sülh

Son bir neçə həftədə Ukraynada cəbhə xətləri çox dəyişməyib. Rusiya şərqi Donbas regionunda Luqansk vilayətini bütünlükdə, Donetskdə isə bəzi əsas şəhərləri ələ keçirdiyini deyir.

Rusiya taktiki batalyon qruplarının bir hissəsini cənub-qərbə yönəldib, çünki Ukrayna Xerson vilayətində böyük əkshücuma keçəcəyini deyirdi.

Təhlilçilər deyirlər k, bu müharibədə düzgün sual müharibəni kimin udacağı deyil, “Qələbə nə deməkdir” olmalıdır.

Ukrayna üçün cavab Donbasa nəzarətin bütünlükdə bərpasıdır, hətta 2014-cü ildən Rusiyanın nəzarətinə keçən ərazilər, sonucda Krım da daxil olmaqla.

Rusiya üçün cavab daha mürəkkəbdir, çünki Kreml müharibəyə dair əsaslandırmaları dəyişir. İşğalı ilkin vaxtlarda Ukraynanın “demilitarizasiyası”, “denasifikasiyası” ilə izah edən Rusiya Ukraynada rusdilli əhaliyə qarşı “soyqırımı” iddiaları da səsləndirib.

London Kral Kollecinin fəxri professoru Lorens Fridman bu üzücü müharibədə üstünlüyün Ukrayna tərəfdə olduğunu deyir.

“Rusiyanın hərbi mövqeyi pisləşir, Qərbin Ukraynaya dəstəyi isə azalmayıb. Buna görə üstünlük Ukraynadadır”, – deyən professorun fikrincə, Kreml özünün qələbəyə aparan etibarlı yolda olduğunu nə qədər göstərə biləcəyinin planını qurmalıdır.

XS
SM
MD
LG