Ukrayna parlamenti Verxovna Rada “oliqarxlar haqqında” qanunun layihəsini son oxunuşda qəbul edib.
Layihəni prezident Volodimir Zelenski təklif edib.
Sənədin qəbuluna 226 deputatın səsi kifayət olsa da, layihəni 279 millət vəkili dəstəkləyib.
Qanun layihəsinə prezidentin “Xalqın xidmətçisi” partiyasından olan bütün deputatlar səs veriblər.
İstər keçmiş prezident Petro Poroşenkonun tərəfdarlarından, istərsə də rusiyayönlü “Həyat naminə mxalifət platforması”ndan ibarət olan müxalifətçilər qanun layihəsinin əleyhinə çıxış ediblər.
Qanun layihəsi “oliqarxın” tərifini müəyyənləşdirir. Layihədə qeyd olunur ki, “oliqarx ictimai həyatda nəzərçarpacaq iqtisadi və siyasi çəkiyə malik olan şəxsə” deyilir.
Kriteriyalar
Sənədə görə şəxsin “oliqarx” sayılması üçün onun qanun layihəsində göstərilən ən azı üç kriteriyaya uyğun gəlməsi lazımdır: O
siyasi həyatda iştirak edir;
kütləvi-informasiya vasitələri üzərində əhəmiyyətli təsirə malikdir;
bazarda inhisarçı mövqeyə malik müəssisənin yekun mənfəətdar sahibidir və il ərzində davamlı olaraq bu mövqeyini dəstəkləyir və güclənidirir;
bütün bunlarla yanaşı onun təsdiq olunmuş aktivlərinin dəyəri 2 milyard 270 milyon hrivnyadan (80 milyon dollar) çox oımalıdır.
Qanun layihəsində deyilir ki, kimin oliqarx olması məsələsini Milli Təhlükəsizlik və Müdafiə Şurası müəyyən etməlidir. Bu Şura həmçinin oliqarxların reyestrini aparmalıdır.
Sənəddə deyilir ki, bu reyestrdə olan şəxslərin siyasi partiyalara dəstək ianəsi verməsi qadağan olunur.
Bundan başqa “oliqarx” adlananlar dövlət qulluqçuları ilə görüşləri barədə hesabat verməli və bir sıra başqa tələbləri yerinə yetirməlidirlər.
Müxalifətin oliqarxları
Müxalifət narahatdır ki, bu qanun hakimiyyətin öz siyasi opponentləri ilə mübarizədə onun silahına çevriləcək.
Məsələn, yeni qanuna görə “Avropa həmrəyliyi” partiyasının lideri, keçmiş prezident Petro Poroşenko “oliqarx” qrafasına düşə bilər.
Bu da xəbər verilir ki, bu qanun layihəsinin baxılmaq üçün hazır olmadığını bəyan etmiş Rada spikeri Dmitri Razumkov hazırda COVID-19-la bağlı özünütəcriddədir və parlamentin sözü gedən iclasına sədrlik etməyib.
Razumkov hakim “Xalqın xidmətçisi” partiyasının nümayəndələri tərəfindən kəskin tənqid olunur və onun istefasının mümkünlüyü barədə söhbətlər dolaşır.
Rusiya, Ukrayna və başqa ölkələrdə ənənəvi olaraq əhəmiyyətli sərvətə və siyasətə təsir gücünə malik olanlara oliqarx deyirlər.
Eyni zamanda Ukraynada oliqarx sayılan Rinat Axmetovu, İhor Kolomoyskini, Viktor Medvedçuku, Dmitri Firtaşı, Viktor Pinçuku və Petro Poroşenkonu ayrı-ayrı vaxtlarda müxtəlif siyasi qüvvələr dəstəkləyiblər.