Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

Qərb mediası Baydenin müşavirinin Kremllə kontaktlarından yazır


Kiyev, 6 noyabr, 2022-ci il
Kiyev, 6 noyabr, 2022-ci il

Sallivan Kremllə kontaktların ABŞ-ın “marağı”na uyğun olduğunu deyir

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) Ukraynadakı müharibəyə baxmayaraq Birləşmiş Ştatlarla Rusiya arasında kommunikasiya kanallarının açıq qaldığını təsdiqləyib. Bu haqda BBC noyabrın 8-də məlumat yayıb.

Bir gün öncə Nyu Yorkda çıxış edən Sallivan deyib ki, Kremllə kontaktı saxlamaq Vaşinqtonun “maraqları daxilindədir”.

“Wall Street Journal” noyabrın 6-da yazıb ki, Sallivan Rusiyanın Ukraynaya qarşı işğalının nüvə münaqişəsinə çevrilməsi riskini azaltmaq ümidiylə Rusiyanın aparıcı rəsmilərilə danışıqlar aparıb.

Sallivan Vaşinqtonla Moskvanın kommunikasiya kanalları haqda detallı danışmasa da, Amerika rəsmilərinin “ünsiyyətdə olduqları şəxslərə sağlam düşüncəylə yanaşdığını” bildirib.

+++

Kreml Vaşinqtonun Rusiyanın yüksək vəzifəli rəsmiləri ilə məzmunu açıqlanmayan danışıqlar apardığına dair ABŞ mediasında yayılan xəbərlərə şərh verməkdən imtina edib.

Bundan əvvəl Rusiyanıın Ukraynada müharibəni şiddətləndirəcəyinə və hətta nüvə silahına əl ata biləcəyinə dair xəbərlər yayılmışdı.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov noyabrın 7-də deyib ki, Rusiya danışıqlara açıqdır, lakin Kiyevin Rusiya ilə danışıqlardan imtina etdiyinə görə dialoqa başlaya bilmir.

Bu barədə Vaşinqton da heç bir şərh verməyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Reuters agentliyinə deyib:

"Biz bunu əvvəllər də demişik, yenə də deyirik: Əməllər sözlərdən daha çox şey deyir. Əgər Rusiya danışıqlara hazırdırsa, raketləri və bombaları dayandırmalı və öz qüvvələrini Ukraynadan çıxarmalıdır”.

+++

‘The Wall Street Journal’ qəzeti ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Rusiya rəsmiləri ilə konfidensial danışıqlar apardığını yazır. Mənbələrin qəzetə dediyinə görə, söhbət Rusiya Prezidentinin Xarici siyasət üzrə köməkçisi Yuri Uşakov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevdən gedir.

Qəzet yazıb ki, danışıqların məqsədi Ukrayna münaqişəsinin eskalasiya riskini azaltmaq, kommunikasiya kanallarını açıq saxlamaq olub, yəni, Ukrayna müharibəsinə qon qoymağın şərtləri müzakirə olunmayıb.

Mənbələrin sözlərinə görə, Vaşinqton Moskvaya nüvə silahı, yaxud istənilən kütləvi qırğın silahı işlətməməklə bağlı xəbərdarlıq edib.

Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Edrien Uotson (Adrienne Watson) qəzetin informasiyasını nə təsdiq, nə təkzib edib.

+++

Bayden administrasiyası gizli şəkildə Ukrayna liderlərini həvəsləndirir ki, Rusiya ilə danışıqlara açıq olduqlarını göstərsinlər, Prezident Vladimir Putin hakimiyyətdən gedənəcən sülh danışıqlarından açıq şəkildə imtina etməsinlər. Bu haqda “The Washington Post” qəzeti müzakirələrlə tanış şəxslərə istinadla yazır.

Seçicilərin təzyiqi

Həmin şəxslərin sözlərinə görə, ABŞ rəsmiləri heç də Ukraynanı danışıqlar masasına çəkməyə çalışmır. Onların mövqeyincə, Kiyev hökuməti hələ bir neçə il müharibənin davam edəcəyindən ehtiyatlanan seçicilərin təzyiqi altında olan digər dövlətlərin dəstəyini saxlamaqdan ötrü belə bir ölçülü addım atmalıdır.

Qəzet qeyd edir ki, bu müzakirələr Bayden administrasiyasının Ukrayna ilə mövqeyinin necə mürəkkəbləşdiyini göstərir. Belə ki, ABŞ rəsmiləri açıq şəkildə Kiyevə “nə qədər çəkərsə”, irihəcmli yardımla dəstək vəd edir, eyni zamanda münaqişənin həllinə ümid bəsləyir. Səkkiz aydır davam edən müharibə dünya iqtisadiyyatına ziyan vurur, nüvə müharibəsi sarıdan qorxular yaradır.

ABŞ rəsmiləri ukraynalı həmkarlarının dəyərləndirməsini də bölüşürlər, yəni, Rusiya Prezidenti Vladimir Putinin danışıqlara ciddi yanaşmaması haqda mövqeyini. Amma onu da etiraf edirlər ki, Prezident Volodimir Zelenskinin danışıqları qadağan etməsi Avropada, Afrikada və Latın Amerikasında narahatlığa səbəb olub. Axı müharibə bu yerlərdə ərzaq və yanacağı kəskin bahalandırıb.

Ukrayna bezginliyi

“Ukrayna bezginliyi bəzi tərəfdaşlarımız üçün real bir şeydir”, – bir ABŞ rəsmisi belə deyib.

Qəzetin müsahibləri anonimlik şərtilə danışıblar.

Zelenskinin sözçüsü Sergey Nikiforov məsələni şərh etməyib.

ABŞ-da rəy sorğularına görə, respublikaçıların Ukrayna ordusuna indiki səviyyədə yardıma dəstəyi azalır. Bu isə o deməkdir ki, 8 noyabr Konqresə aralıq seçkilərdən sonra Ağ ev bu məsələdə müqavimətlə üzləşə bilər. Seçki nəticəsində respublikaçıların Nümayəndələr Palatasında üstünlüyü qazanmaq ehtimalı var.

Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) ötən həftə Kiyevə səfəri zamanı deyib ki, ABŞ Ukraynada ədalətli və davamlı sülhü dəstəkləyir, ancaq daxili siyasətdən asılı olmayaraq, Vaşinqtonun dəstəyi davam edəcək.

“Döyüşən ukraynalılardır”

Veteran diplomat, ABŞ-ın Rusiyada keçmiş səfiri və NATO Baş katibinin müavini olmuş Aleksandr Verşbau (Alexander Vershbow) deyir ki, Birləşmiş Ştatlar müharibənin necə və nə vaxt başa çatmasına tamamilə “laqeyd” yanaşa bilməz. Çünki Vaşinqton Avropanın təhlükəsizliyinin təminatında, Kremlin Rusiya sərhədlərindən kənara təcavüzünün önlənməsində maraqlıdır.

“Məncə, danışıqlar üçün daha əlverişli şərtlər yaranarsa, administrasiya buna passiv yanaşa bilməz. Ancaq döyüşən ukraynalılardır, ona görə də onları qınaya bilmərik”, – Verşbau deyib.

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan sonra Zelenski danışıqlar üçün təkliflər verirdi. Bu təkliflərə Ukraynanın neytrallığı, Rusiyanın həmin tarixdən sonra işğal etdiyi ərazilərin qaytarılması daxil idi. Amma Putin sentyabrın 30-da Ukraynanın dörd vilayətinin qanunsuz ilhaqını elan edəndən sonra Zelenski Rusiya lideri ilə danışıqları “qeyri-mümkün” adlandıran fərman imzaladı.

Zelenski dənizi görmək istəyir

Ukrayna rəsmiləri Rusiyaya hər hansı güzəşti rədd edirlər. Onlar deyirlər ki, Moskvanın separatçılığı dəstəklədiyi Donbas regionunda 2015-ci il sülh sazişi Putinə irimiqyaslı işğal üçün zaman qazandırdı.

Son vaxtlar döyüş meydanında mövqeyi zəifləyən Moskva isə danışıqlar təklif edir.

“Rusiya və Qərb tərəfdarları sinik şəkildə sülh təklif edirlər. Aldanmayın, təcavüzkar sülhpərvər ola bilməz”, – Ukrayna prezident administrasiyasının başçısı Andrey Yermak bu yaxınlarda “The Washington Post”da yazıb.

Bu arada Ukrayna liderləri Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krımı belə qaytarmaqdan danışırlar. Zelenski ötən həftə bir müsahibəsində deyib ki, Ukrayna müharibəni udandan sonra ilk işi Krıma səfər olacaq. “Gerçəkdən dənizi görmək istəyirəm”, – deyib.

XS
SM
MD
LG