Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 11:42

Ukrayna ikinci gündür Rusiyanın enerji obyektlərini vurur 


Ukraynanın "Vampir" dronu cəbhə xətti yaxınlığında, arxiv fotosu
Ukraynanın "Vampir" dronu cəbhə xətti yaxınlığında, arxiv fotosu

İyulun 29-da səhər Ukrayna Rusiya ərazisinin dərinliklərinə dron zərbələri endirib, iki vilayətdə enerji obyektlərinə ziyan dəyib. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi və region rəsmiləri verib. Bir gün öncə isə Rusiyada neft emalı zavodunda Ukraynanın iddia olunan hücumu nəticəsində yanğın baş verdiyi açıqlanıb.

Rusiyanın qərbi Oryol vilayətindəki Qlazunovski rayonu üzərində vurulan Ukrayna dronlarının qalıqları enerji zavoduna ziyan vurub.

“Fövqəladə xidmətlər hava hücumunun nəticələrini aradan qaldırmağa çalışır, hüquq-mühafizə agentlikləri ərazidə işləyir”, -- vilayət qubernatoru Andrey Kliçkov Telegram-da yazıb. Ancaq o, zavoda dəyən ziyanı detallı təsvir etməyib.

Voroney vilayətində isə dron qalıqları utilizasiya infrastrukturuna ziyan vurub, qubernator Aleksandr Qusev Telegram-da yazıb.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, havadan müdafiə qüvvələri 39 Ukrayna dronunu məhv ediblər: 19-u Kursk vilayəti üzərində tutulub, 9-u Belqorodda, 3-ü Voronejdə, 5-i Bryanskda, 3-ü isə Leninqrad vilayətində vurulub.

Rusiyanın iddialarını müstəqil təsdiqlətmək mümkün olmayıb.

Kursk vilayətində üç rezervuar yanıb

Artıq ikinci gündür Ukraynanın Rusiya enerji obyektlərinə hücumları, dəyən ziyan barədə məlumatlar gəlir. İyulun 28-də Ukraynaya məxsus olduğu deyilən hərbi dronlar Kursk vilayətində neft anbarına zərbə endirib. İnternetdə yayılan videoda nəhəng alov dalğasının səmaya qalxdığı görünür.

Region qubernatoru Aleksey Smirnov üç rezervuarın yandığını bildirib.

Rusiya 2022-ci ilin əvvəlində Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Moskvanın qüvvələri Ukraynanın enerji və mülki infrastruktur obyektlərini sistematik hədəfə alıb, itki, dağıntılar törədiblər. Ukrayna isə öz növbəsində Rusiyanın daxilində əsasən orduya işləyən neft emalı zavodları və enerji infrastrukturunu hədəfə alıb.

" Ukrayinska Pravda” iyulun 27-də yazırdı ki, Ukrayna dronları Rusiyanın Ryazan vilayətində neft emalı zavodunu vurub.

İyulun 29-da səhər Rusiyanın Ukraynanın şərqi Xerson və Nikopol şəhərlərini atəşə tutması nəticəsində beşi uşaq olmaqla 20 nəfər xəsarət alıb.

Nikopolda 13 yaşayış binasına, qaz kəmərlərinə, elektrik xətlərinə, administrativ binaya ziyan dəyib. Bunu Dnipropetrovsk regionunun qubernatoru Oleksandr Sayuka deyib.

Ukraynanın havadan müdafiə sistemləri isə iyulun 29-da Rusiyanın atdığı idarə olunan raketi və doqquz dronu vurublar, Ukrayna hava qüvvələrinin komandiri, general Mikola Oleşçuk deyib.

XS
SM
MD
LG