Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:02

Ukrayna sülh planı necə ola bilər


Ukrayna hərbçisi cəbhə xəttində
Ukrayna hərbçisi cəbhə xəttində

Hazırda Moskva, Kiyev, Brüssel, Vaşinqton və bir sıra digər paytaxtlarda diplomatlar, seçilmiş liderlər, ordu zabitləri Avropada 2-ci Dünya müharibəsindən bəri ən böyük quru müharibəsinin həll yolunu axtarırlar.

Cəbhədə durum Rusiya qüvvələrinin xeyrinə dəyişir, 1100 kilometrlik cəbhə xətti boyunca Ukrayna əsgərlərini əldən salırlar. Ukraynanın enerji infrastrukturuna zərbələr isə yorulmuş əhalini qaranlığa qərq etmək və soyuqda dondurmağı hədəfləyir.

AzadlıqRadiosunun əməkdaşı Mayk Ekel (Mike Eckel) yazır ki, Qərbin danışıq otaqlarında da əhval-ruhiyyə qətiyyətlə münaqişəni bitirməyə yönəlir. 34 aydan çoxdur gedən münaqişədə hər iki tərəfdən üst-üstə azı bir milyon ölü və yaralı var.

ABŞ-də prezident seçilmiş Donald Tramp deyirdi ki, “24 saatın içində” döyüşləri dayandırmağın yolunu tapacaq.

Brüsseldə yerləşən Karnegi Avropa təhlil mərkəzinin direktoru Roza Balfurun fikrincə, hansısa sülh danışıqlarının gözlənilməsi barədə çoxlu söz-söhbət, hay-küy var.

“Ancaq real bir plan yoxdur. Hələlik, heç kəsin belə bir planı yoxdur. Əlbəttə ki, hazırda durum Ukraynanın xeyrinə deyil, ona görə də çox çətin məqamdır”, – o, sözlərinə əlavə edib.

Bəs, müzakirə olunan ideyalar barədə nə bilirik?

İnsan itkiləri və xərclər

Bu həftə Avropa və ABŞ rəsmiləri Qərb qüvvələrinin Ukraynaya sülhməramlı göndərməyin mümkünlüyü barədə fəal müzakirələrə başlayıblar. Söhbət döyüşlər dayanandan, atəşkəs, yaxud sülh əldə olunandan sonrakı dönəmdən gedir.

Məlumatlara görə, Fransa prezidenti Emmanuel Makron Ukraynaya 40 min əsgər yerləşdirilməsi ideyasını ortaya atıb. Dekabrın 12-də bu ideyanı Polşa Baş naziri Donald Tusk ilə müzakirə etmək üçün Varşavaya gedib.

Tusk görüşdən sonra mətbuat konfransında deyib ki, Polşanın Ukraynaya əsgər göndərmək niyyəti yoxdur, Varşava buna məcbur edilə bilməz.

Qərb sülhməramlıları ilə bağlı təklif bu həftə Parisdə də səslənib. Makron Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. “The Wall Street Journal” yazıb ki, Tramp avropalı əsgərlərin atəşkəsə nəzarət üçün ərazidə olmasını istəyir. Tramp daha öncə də dəfələrlə qeyd edib ki, avropalılar Ukraynaya dəstək onun müdafiəsində daha fəal olmalıdırlar. Qəzet Trampın ABŞ əsgərlərinin bu işdə iştirakını istəmədiyini əlavə edib.

Oktyabrda beş bəndlik Qələbə Planı açıqlamış Ukrayna rəhbərliyi qərb sülhməramlılarını dəstəkləyir. Keçmiş ukraynalı diplomat Oleksandr Xara deyir ki, Moskvanın bununla razılaşmağa böyük stimulu yoxdur.

“Bu barədə danışmaqları yaxşıdır, amma... sülh danışıqlarının başlaması üçün əsas yoxdur”, – hazırda Kiyevdə yerləşən Müdafiə Strategiyaları Mərkəzinin eksperti Xara “Current Time”a deyib.

“Rusiya Ukraynanı sındıra biləcəyinə hələ də inanır... Ukraynanın daha çox ərazisini tutmaq, daha çox ukraynalını öldürmək mümkündürsə, niyə danışıqlar masasına əyləşsin ki?” – o sual edir.

'Bütün SSRİ respublikaları Rusiya yönətimindədir' - Ukrayna ordusunda döyüşən azərbaycanlı
Gözlə

No media source currently available

0:00 0:07:30 0:00

Şimali Atlantika Müttəfiqləri

Kreml 2022-ci ilin fevralında Ukraynanı işğal etməsini həm də Kiyevin NATO-ya üzvlük istəyi ilə əsaslandırırdı. Bu, Ukraynanın tələblərindən biri olaraq qalır.

Zelenski sonuncu dəfə dekabrın 9-da üzvlüyün çox vacib olduğunu deyib. Ancaq NATO-nun üzvlərinin çoxu bu ideyaya isti yanaşmır.

Elə Birləşmiş Ştatlar da bu ideyaya soyuq baxır. Bu həftə Trampın Parisdə Makron və Zelenskiyə Kiyevin üzvlük niyyətini dəstəkləmədiyini deyibmiş. Bunu da “The Wall Street Journal” yazıb.

Avstraliyalı istefada olan general mayor Mik Rayan bloqunda yazıb ki, üzvlükdən əl çəkmək “Rusiyanın tələblərinə təslim olmaqdır, bu, Putin üçün böyük qələbə olardı”.

Bufer zonaları

Gözlənilməz bir hadisə baş verməsə, Ukrayna yəqin ki, ərazisinin bir hissəsini itirəcək. Hazırda Rusiya Ukrayna torpaqlarının 20 faizə yaxınını tutub. Buraya şərqi Donbas vilayəti bütünlükdə, üstəgəl Krım yarımadası daxildir.

Bir çox müşahidəçilər bufer zona yaratmaqdan danışırlar. Şimali və Cənubi Koreyaları onillərlə ayrı salmış hərbsizləşdirilmiş zona bir çoxları üçün model sayılır.

Putin martda təkrar prezident seçiləndə bu ideyadan danışıb.

Ancaq Ukrayna üçün bu xəttin haradan keçəcəyi – iqtisadi bazasının nə qədərini itirəcəyi məsələsi var. Ukraynanın mədən və ağır sənayesinin çox hissəsi Rusiyanın işğal etdiyi Donbasdadır. Bir hesablamaya görə, Ukraynanın kənd təsərrüfatı torpaqlarının 8 milyon hektarı işğal altındadır.

Ukrayna avqustda Rusiyanın Kursk vilayətinin bir hissəsini tutdu. Zelenski sonradan deyirdi ki, məqsədi bufer zona yaratmaqdır. Ancaq o vaxtdan Rusiya Ukrayna əsgərlərinə hücumlar edir, Kiyevin ələ keçirdiyi ərazinin təxminən yarısını geri alıb.

Əsas məsələ

Mayk Ekel yazır ki, gələcək danışıqlarda ən böyük sual işarəsi Ukraynanın əsas silah təchizatçısı olan ABŞ və yeni seçilmiş Tramp administrasiyası ilə bağlıdır.

Tramp illərdir vəzifədə olan prezident Co Baydenin Ukraynaya göndərdiyi silahların həcmindən gileylənir. O, Zelenski barədə “kələkbaz” ifadəsini işlədib. Özü də iddia edib ki, Putinlə razılaşma əldə etməyə qadirdir.

Keyt Kelloq ABŞ ordusunun istefada olan polkovnik leytenantıdır, Trampın birinci prezidentliyi dövründə onun vitse-prezidentinin müşaviri olub. Tramp noyabrda prezident seçilməzdən öncə Kelloq yazırdı ki, cəbhə xəttini dondurmaq, Kiyevlə Moskvanı kötək və kökə ilə danışıqlarla vadar etmək olar.

Məsələn, Kiyev üçün kötək ABŞ silahlarının kəsilməsidir. Moskva üçün bu, qlobal bazarları neftlə dolduraraq qiyməti salmaqdır. Moskva neft gəlirlərindən çox asılıdır.

Moskva üçün kökə Qərbin sanksiyalarının qaldırılması, yaxud Ukraynanın NATO ambisiyalarının yubadılmasıdır. Kiyev üçün kökə hərbi yardımım davam etməsi, bərpanın maliyyələşdirilməsi, Rusiyanın işğal etdiyi ərazilərinin tanınmaması ola bilər.

Bir məsələ var ki, bir neçə günə bitirməyi planlaşdırdığı işğaldan yorulmuş Kreml də yeni, Tramp yanaşmasına açıq olduğunu bildirib.

Amma buna şübhə edənlər var.

“Putinin danışıqlara ciddi yanaşdığını düşünmürük. Danışığa meylli ola bilər, amma udduğuna inandığı müddətdə danışıqlara stimulu yoxdur. Həm də o, zamanın onun xeyrinə işlədiyinə inanır”, – NATO-nun adının açıqlanmaması şərtilə danışan aparıcı rəsmisi ötən həftə AzadlıqRadiosuna deyib.

Bu məqalədə AzadlıqRadiosunun Avropa üzrə redaktoru Rikard Yozviakın məlumatlarından istifadə olunub.

XS
SM
MD
LG