Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:48

Ukraynadakı savaş gələn il bitməsə belə, yəqin, qalib bilinər


Ukrayna
Ukrayna

2022-ci il, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin qorxunc, başdan-ayağa kin dolu bir çıxışla diqqət çəkdi. Onun bu çıxışı ozamanadək hələ də Ukraynaya yeni irimiqyaslı hücum başladılacağına inanmayanların fikrini dəyişdirdi.

72 saat keçməmiş Rusiya raketləri Ukraynanın üzərinə yağdı, Rusiya qoşunları Ukrayna sərhədini, həm də Ukraynanın içərisində Donbasda o zamanadək artıq mövcud cəbhə xəttini keçmişdi. Qərb kəşfiyyatının fikrincə, Putin cəmi 3-4 həftəyə, bəlkə də 3-4 günə Ukraynanın Rusiya nəzarətinə keçəcəyini düşünürmüş.

Belə olmadı, üstəlik, müharibə artıq ikinci ilini tamamlayır. Sual doğur: üçüncü ilində bitəcəkmi?

Cavab: Çox güman, yox. AzadlıqRadiosunun əməkdaşı Stiv Quttermanın yazısında deyilir ki, savaşın çıxmaza girməsinə dair söhbətlər yanıldıcıdır və Kiyevin dəstəkçilərini arxayın sala bilər. Axı danılmaz bir amil savaş sonuclarını dəyişdirə bilər. Bu amil də Qərbin silah dəstəyidir.


“İndiki durumda elə görünür ki…”

“Proqnoz vermək həmişə qorxuludur, ancaq müharibənin 2024-cü ilin sonunadək bitəcəyini təsəvvür etmək çətindir”, - London Kral Kollecinin Müharibə Elmləri Kafedrasının baş mühazirəçisi Rut Deyermond (Ruth Deyermond) AzadlıqRadiosuna belə deyib.

“İndiki durumda elə görünür ki, tərəflərdən heç biri digərini həlledici məğlubiyyətə uğratmaq gücündə deyil. Bunun dəyişməsindən ötrü xarici amillərdə, ən önəmlisi, Qərbin dəstək səviyyəsində ciddi dəyişiklik olmalıdır", - Deyermondun e-mail şəklində verdiyi cavabda yazdığı sözlərdir.

“Qərbin maddi dəstəyinin önəmli dərəcədə artması ərazilərini azad etmək məsələsində Ukraynanın irəliləməsinə kömək edəcək, …Qərbin köməyinin azalması isə Ukraynanı Rusiya ilə sülh danışıqlarına razılaşmağa məcbur edə bilər”, - yenə problemə Deyermondun baxışıdır.

Böhran Qrupunun Avropa və Mərkəzi Asiya proqramının direktoru Olqa Oliker telefonla müsahibədə daha sərt açıqlama verib:

“Ukraynanın silahı və canlı qüvvəsi tükənsə, o zaman bəli, müharibə gələn il bitəcək”.

“Müharibə həmişə bu və ya digər tərəfin təslim olması ilə bitir. Silah və canlı qüvvən bitəndə sənin elə bir seçimin qalmır”, - yenə onun sözləridir.

“Çıxılmaz vəziyyət”

Hücum başlayandan bəri savaşın gedişi bir neçə dəfə dəyişib. Bütövlükdə 2022-ci il Ukraynanın ili olub: Ölkə təkcə ayaqda qalmağı yetərli saymayıb, müharibənin ilk həftələrində Rusiyanın Kiyev istiqamətində irəliləyşini dayandırıb. Bununla dünyanı heyrətə salan Ukrayna şərq və cənub istiqamətlərində, Xarkov və Xerson civarlarında da xeyli ərazini azad edə bilib.

Ötən ilin iyununda Kiyevin başladığı əkshücum ilsonuna doğru iddialı məqsədlərinə çatmadan bitdi. Hücumun əsas hədəfi Rusiya sərhədindən başlayan və işğal altındakı Krımı Ukraynanın əsas əraziləri ilə birləşdirən “quru dəhlizini” dəlib keçmək idi.

Noyabrın 1-də “The Economist”də dərc olunan müsahibəsində Ukrayna silahlı qüvvələrinin ovaxtkı baş qərargah rəisi general Valeri Zalujnı döyüş meydanındakı durumu “çıxılmaz vəziyyət” kimi dəyərləndirmişdi. Bu ifadə Ukraynada bəzilərinə, o cümlədən prezident Volodımır Zelenskiyə təslimçi yanaşma təsiri bağışlamışdı. Ancaq savaşla bağlı dartışmalarda bu ifadədən çox istifadə edildi.

O zamandan bəri döyüş meydanında vəziyyət çox dəyişməsə də, bütövlükdə savaşla bağlı, - özəlliklə pərdə arxasında, - durum dəyişib. Vaşinqtonda yaranmış başqa bir “çıxılmaz vəziyyət” Ukraynanın müdafiəsi üçün get-gedə böyüyən təhlükəyə çevrilməkdədir. Zalujnının müsahibəsindən iki həftə öncə ABŞ prezidenti Co Bayden Ukraynaya 60 milyard dollarlıq yardım paketi təklif etmişdi. Bu yardımın çox hissəsi silahlara ayrılmalı idi.

“Baxmutun qərbi ələ keçirilsə…”

Dörd ay geridə qalıb, amma yardım paketi hələ də ABŞ Konqresindən keçməyib və onun nə zaman təsdiqlənəcəyi də bilinmir.

Cəbhədə isə Qərbin silah yardımları ilə birlikdə Ukraynanın silah gücü də azalmaqdadır. Avdeyevka ətrafındakı durumsa heç cür “çıxılmaz vəziyyət” adlandırıla bilməz, axı Rusiya qoşunları Donbasın bu xarabaya çevrilmiş şəhərini ötən həftə, aylarla sürən qızğın döyüşlərdən sonra ələ keçirib.

Baxmut uğrunda döyüşlərdə olduğu kimi, bu dəfə də Rusiyanın üstünlüyü nəhəng canlı qüvvə və silah itkisi bahasına başa gəlib. Ancaq bu həm də Putinə 15-17 mart seçkiləri öncəsində döyüş qələbəsi imkanı qazandırıb və Moskvanın daha çox ərazi ələ keçirməsinə potensial yol açıb.

“Əgər Rusiya ordusu Avdeyevkanı keçərək irəliləməyə davam etsə, [nəqliyyat] şəbəkələrini, o cümlədən Baxmutun qərbini ələ keçirsə, onlar son nəticədə daha streteji məkanı - 80 kilometr uzaqlıqda yeləşən Pokrovsku təhdid edəcək”, - Karnegi Beynəlxalq Sülh Fondunun baş tədqiqatçısı, hərbi təhlilçi Dara Massikot (Dara Massicot) fevralın 20-də “X”-də belə yazıb.

Yardım gecikir

“Rusiya ordu rəhbərlərinin təlim və düşüncə tərzi onlara deyəcək ki, indi məqsədlərə doğru basqı yaratmaq üçün əsl vaxtdır: [Ukrayna] biriliklərinin silah-sursat və canlıq qüvvə qıtlığı var, Amerikanın yardımı gecikir, Qərb silah-sursat istehsalı ilə bağlı hədəflərinə çatmayıb”, - Massikot yazır.

Ancaq yenə də ABŞ-ın yardımının azalması və digər amillər savaşı sonlandıracaq, yaxud döyüşlərə ara verdirəcəksə, bu, gələn il baş verməyəcək.

Ekspertlər deyirlər ki, Qərb yardımları səviyyəcə azalsa da, Kiyev Rusiyanın ələ keçirdiyi ərazilər üzərində nəzarətini möhkəmləndirməsini nəzərdə tutan hər hansı razılaşmaya getməməkdə qərarlıdır.

Bundan başqa, Avdeyevka ələ keçirilsə də, Rusiya qoşunlarının bu il boyunca nə qədər irəliləyə biləcəyini demək çətindir. Ukrayna hərbi kəşfiyyatının rəhbəri general-leytenant Kırılo Budanov ötən həftə “The Wall Street Journal”a müsahibəsində deyib ki, Rusiya ordusunun bu il ərzində əsas strateji məqsədi olan Donetsk və Luhansk bölgələrini tam ələ keçirmək üçün “yetərli gücü yoxdur”.

Təhlilçilər deyirlər ki, hazırda ələ keçirdiyi əraziləri əlində saxlamaqla yanaşı, ölkənin şərqində və cənubunda daha çox ərazi tutmaq Rusiyanın planının, sadəcə, bir hissəsi, daha çox vaxt tələb edən, daha iddialı məqsədlərinə çatmaq üçün tramplindir.

Təslim şərtləri?

“Rusiya hələ də Ukraynanı özünə tabe etdirmək [iddiasından] əl çəkməyib və indi üstünlük qazandığını düşünür”, - Britaniyada fəaliyyət göstərən Kral Birləşmiş Xidmətlər İnstitutunun (RUSI) hərbi təhlilçiləri Cək Uotlinq (Jack Watling) və Nik Reynolds (Nick Reynolds) fevralın 13-də dərc edilən məqalələrində belə yazıblar. “Hazırda Rusiyanın vasitəçilərinin təklif etdiyi təslim şərtləri Ukraynanın artıq Rusiyanın nəzarətində olan torpaqlardan imtina etməsindən, NATO-ya qoşulmamağa razılaşmasından və Rusiyanın təsdiqlədiyi dövlət başçısı tərəfindən idarə olunmasından ibarətdir”, - məqalədə deyilir.

“Rusiyanın uğur qazandıqca məqsədlərini daha da genişləndirə biləcəyini anlamaq vacibdir. …Rusiyanın danışıqlardan istədiyini alandan sonra Ukraynanın qalan hissəsini fiziki olaraq işğal etməyə çalışmayacağına, yaxud başqa bir yerdə güc tətbiq etməyəcəyinə təminat yoxdur”, - yenə RUSI təhlilçilərinin fikridir.

XS
SM
MD
LG