Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:03

Vaşinqton danışıqları başa çatdı. Blinken: 'İşin ağırı hələ qabaqdadır'


ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla

ABŞ dövlət katibi Entoni Blinken iyunun 29-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan arasında Vaşinqtonda keçirilən danışıqları yekunlaşdırarkən deyib ki, münaqişəni sona çatdıracaq yekun razılaşmanın əldə olunması üçün hələ ağır işin görülməsi qalır.

Blinken Vaşinqtonda üç gündür davam edən danışıqlardan sonra jurnalistlərə deyib ki, bir sıra ən çətin məsələləri hələ ki, həll etmək mümkün olmayıb.

Dövlət katibi söhbətin məhz hansı məsələlərdən getdiyini açıqlamayıb.

Blinken Dövlət Departamentinin Virciniyanın şimalında yerləşən Xarici Xidmət İnstitutunda bağlı qapılar arxasında keçirilmiş danışıqlardan sonra bunu da deyib ki, “bəzi əlavə maddələr üzrə razılaşmalar, habelə qalan məsələlərdə tərəflərin mövqelərinin daha dərindən başa düşülməsi və yekun razılaşmanın əldə olunmasına çalışılması üçün görüləcək ağır işin qalmasının etirafı da daxil danışıqlarda irəliləyiş əldə olunub”.

O bildirib ki, danışıqlar “səmimilik və açıqlıq” şəraitində keçib və o iki ölkə liderlərinin Avropa İttifaqı ilə qarşıdan gələn həftələrdə keçiriləcək danışıqlarında irəliləyiş əldə olunacağına ümid edir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri media üçün açıqlama verməyiblər.

Azərbaycan XİN Vaşinqton görüşü barədə: ‘Qarşılıqlı anlaşmaya doğru addım atılıb’

İyunun 27-dən 30-na kimi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Amerika Birləşmiş Ştatlarının Arlinqton şəhərindəki Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar olub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bildirir ki, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken, prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da görüşüblər.

Məlumata görə, nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub:

“Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib”.

Hələlik, danışıqların detalları açıqlanmır.

Vaşinqtonda nazirlərin bundan əvvəlki danışıqları mayın 1-4-də baş tutub.

Onda bildirilmişdi ki, saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə ediıib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalıb.

Qarabağda yeni toqquşmalar Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun BayramovArarat Mirzoyan arasında danışıqların dayandırılmasına səbəb olmayıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu iyunun 28-də ABŞ Dövlət Departamenti Mətbuat Xidmətinin rəhbəri Vedant Patel deyib:

“Biz Dağlıq Qarabağda adamların həlak olmasından çox narahatıq və həlak olanların ailələrinə başsağlığı veririk. Bu insident toqquşmalardan qaçılmasının, habelə dayanıqlı sülhün zərurətini göstərir”.

Patel vurğulayıb ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün səylərinə sadiq qalır:

“ABŞ dövlət katibi Entoni Blinken sülh prosesində birbaşa iştirak edir. Birbaşa dialoq problemlərin həllinin və möhkəm sülhün əldə olunmasının açarıdır”.

Bugün yekun görüş olacaq

Patelin sözlərinə görə Blinkenin iyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə danışıqları konstruktiv olub və danışıqlar bugün də (29 iyun) davam etdiriləcək:

“Görüşlərin qrafikində dəyişiklik yoxdur, görüşlər planlaşdırıldığı kimi keçiriləcək”.

Azatutyun xəbər verir ki, nazirlərin Blinkenlə yekun görüşü iyunun 29-da Yerevan vaxtı ilə 22.30-da başlanacaq.

İyunun 28-də Qarabağdakı separatçı rejimin rəhbərliyi Vaşinqtondakı Ermənistan nümayəndə heyətindən Azərbaycanla danışıqları dərhal dayandırmağı tələb etmişdi.

Onlar deyirdilər ki, iyunun 28-də Azərbaycanın dron həmləsi nəticəsində “dörd erməni hərbi qulluqçu” həlak olub.

Separatçılar atəşkəs rejimini erməni bölmələrinin pozması haqda Azərbaycan Müdafiə Nazirliyinin yalan məlumat yaydığını iddia edirlər.

Rejim azərbaycanlı hərbi qulluqçunun erməni tərəfin atəşindən ölməsi barədə məlumatı da “yalan” adlandırır.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG