Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:42

Vidadi Muradovun əmlakı müsadirə olunub


Prezident İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017
Prezident İ.Əliyev və V.Muradov "Azərxalça" ASC-nin Şəmkir filialının açılışında. 2017

"Azərxalça" ASC-nin keçmiş rəhbəri Vidadi Muradov ev dustaqlığına buraxılandan beş gün sonra vəfat etsə də, onun və ailə üzvlərinin adına olan təxminən 30 milyonluq əmlak müsadirə olunub. Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə hökm çıxarılıb. Hökmə əsasən, Muradov 21 milyonluq mənimsəmə, 640 min 922 manat vergidən yayınma və başqa əməllərdə suçlu sayılsa da, ölümüylə əlaqədar onun barəsində cinayət işinə xitam verilib.

Dövlət Vergi Xidməti məhkəmədə mülki iddia qaldırmışdı ki, 640 min 922 manat borc ödənsin. Hökmdə bu məsələyə də münasibət bildirilib və mülki iddia təmin olunub.

Bir ev istisna olmaqla...

Muradov tutulanda onun özünün və ailə üzvlərinin adına olan xeyli əmlakların üzərinə həbs qoyulmuşdu. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, üzərində həbs olan əmlakların ümumi dəyəri 30 milyon 587 min manat idi. Bunlardan 19 milyon 145 min manatı daşınmaz əmlaklar, o cümlədən evlər, obyektlər, qalan təxminən 11.5 milyon manatı isə Muradovun şirkətinin – "Azər-İlmə" MMC-nin səhm payları və aktivləri idi.

Məhkəmə paytaxtın Həsən Əliyev küçəsində yerləşən bir ev istisna olmaqla, üzərində həbs olan qalan bütün əmlakın müsadirə olunmasına qərar verib.

Hərçənd hökmdən əvvəl çıxış edən Muradovun vəkili deyib ki, mərhum müvəkkili həmin əmlakların böyük bir hissəsini "Azərxalça" ASC-nin sədri olmamışdan əvvəl əldə edib. Yəni ittihamlara aidiyyəti yoxdur. Bir hissəsi də övladı Aydın Muradova məxsusdur. Vəkil çıxışında əmlaklar üzərindən həbsin götürülməsini, müvəkkili haqqında cinayət işinə isə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Xatırlatma

21 milyon 673 min manatlıq mənimsəmə, 640 min manat vergidən yayınma kimi əməllərdə suçlanan Vidadi Muradov 2021-ci ilin yanvarında həbs olunub. Onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən Muradov noyabrın 1-də ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə vəfat edib.

Cinayət işinin materiallarında iddia olunur ki, Muradov öz şirkəti - "Azər-İlmə" MMC-nin Bakıda yerləşən inzibati binasını dövlət şirkəti olan "Azərxalça" ASC üçün bazar qiymətlərindən daha yüksək qiymətə icarəyə götürüb. "Azərxalça"nın pulu - xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsait formal olaraq müxtəlif şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb nağdlaşdırandan sonra geri qaytarıblar.

Bundan əlavə, "Azərxalça"nın ölkənin müxtəlif bölgələrində 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda yeyintinin olduğu bildirilir.

Məhkəmədə dindirilən şahid ifadələrindən məlum olub ki, bu sahəyə heç bir aidiyyəti olmayan adamların adına şirkətlər açılıb və həmin şirkətlər "Azərxalça"nın tenderlərində qalib elan edilərək hesablarına külli miqdarda vəsaitlər köçürülüb. Sonradan həmin vəsaitlər geri qaytarılıb.

Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Onun oğlu Cavid Muradov Bakının öncə Səbail rayonunun polis rəisi olub. Hazırda isə Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

XS
SM
MD
LG