Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 13:18

"Prezident qızına rüşvət verən şirkət" cərimələndi


Qulnara Karimova
Qulnara Karimova

VimpelCom “özbək işi”nin “yoluna qoyulması” üçün ABŞ və Hollandiyaya 795 milyon dollar ödəyəcək

Bermud adalarında qeydiyyatdan keçmiş qlobal telekommunikasiyalar şirkəti VimpelCom ona qarşı ABŞ və Hollandiya tərəfindən irəli sürülmüş rüşvət ittihamlarına xitam verilməsi üçün 795 milyon dollar təzminat ödəməyə razılaşıb.

İddia olunan rüşvəti şirkət Özbəkistan bazarına çıxmaq üçün ödəmişdi.

Xəbər verilir ki, VimpelCom təzminatı ABŞ Maliyyə Nazirliyi və Hollandiya prokurorluğu ilə razılaşma əsasında ödəməyi öhdəsinə götürüb.

Qərargahı Amsterdamda olan şirkət bu pulu ödəməklə özünü ABŞ və Hollandiyanın hüquq-mühafizə orqanları tərəfindən təhqiq olunmaqdan azad edib.

“Rəsminin qohumu rəsmi”

Şirkət Manhattan federal məhkəməsi qarşısında özbək rəsmiyə 114 milyon dollar rüşvət verdiyini etiraf edib.

Bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi həmin “özbək rəsmisi”nə rüşvət vermis VimpelCom və iki başqa şirkətin İsveç banklarında 550 milyon dollarının müsadirə olunması barədə vəsatət qaldırmışdı.

İş üzrə sənədlərdə “özbək rəsmisinin” “yüksək vəzifəli başqa bir özbək rəsmisinin yaxın qohumu” olduğu bildirilir.

Reuters agentliyi yazır ki, işdə təsvir olunmuş əlamətlərə görə söhbətin prezident qızı Qulnara Karimovadan getdiyi bəlli olur.

Ədliyyə Nazirliyinin sənədlərinə görə, VimpelCom, Teliasonera AB və Mobile TeleSystems şirkətləri sözü gedən rəsmi tərəfindən idarə olunan qondarma şirkətə 800 milyon dollar pul köçürmüşdülər. Bu vəsait onlara Özbəkistan bazarına daxil olmaq imkanı verməliydi.

Reuters xəbər verir ki, bu, ABŞ tarixində məbləğinə görə ikinci böyük rüşvət cəriməsidir.

Bir də belə iş tutmayacaqlar

Prezident İslam Karimovun qızı olduğu iddia edilən şəxsin əlaltıları verilmiş rüşvəti Latviya, Böyük Britaniya, Honk Konq, İrlandiya, Belçika, Lüksemburq və İsveçrə bankları vasitəsilə “yuyurdular”.

Rusiya mediası söhbətin Karimovaya çox yaxın iki şəxsdən – onun nikahsız əri Rustam Madumarovdan və onun yaxın rəfiqəsi Qayane Avakyandan getdiyini yazır.

VimpelCom şirkətinin baş hüquqşünası, Özbəkistanla müştərək Unitel LLC şirkətinin ABŞ-ın xaricdə rüşvət qanununu pozduğunu etiraf edib və bildirib ki, bir daha belə əməllərə yol verilməyəcək.

Hollandiya rəsmiləri isə bildirirlər ki, “özbək işi” ilə bağlı bir nəfər hazırda həbsdədir.

Xəbər verilir ki, VimpelCom cəriməni ödədikdən sonra üç il müddətində xüsusi orqanların nəzarəti altında olacaq.

XS
SM
MD
LG