Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:41

Azərbaycanda 'visa' sözü olan saytlar niyə qapadılır?


Domen evisa.com.az
Domen evisa.com.az

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) tərkibində “visa” sözü olan saytların fəaliyyətinin dayandırılmasına aydınlıq gətirib.

Buna da bax:​ Vətəndaşlıq dəyəri - Azərbaycan 75-cidir

Dekabrın 22-də Azərbaycanda “ASAN viza”nın fəaliyyətə başlaması ilə tərkibində “visa” sözü olan bütün saytların fəaliyyəti dayandırılmışdı.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin açıqlaması sosial şəbəkələrdə narazılıqla qarşılanan bu məsələyə aydınlıq gətirib.

Açıqlamada deyilir ki, Azərbaycana gəlmək istəyən əcnəbilərə elektron viza xidmətini gerçəkləşdirən oxşar saytlar “rəsmi elektron viza portalı təəssüratı yaradaraq, e-viza xidmətlərini qanunvericilikdə müəyyən edilən prosedurlardan fərqli, nəzərdə tutulan dövlət rüsumundan isə dəfələrlə artıq ödəniş almaqla həyata keçiriblər”. Bunun elektron viza almaq istəyənləri çaşdırdığını, onları narazı saldığını bildirən qurum daha sonra bildirib ki: “Azərbaycana gəlmək üçün elektron vizanın verilməsi dövlətin müstəsna səlahiyyətidir. Bu cür hallarsa ölkənin imicinə zərər verən amillərdən biridir”.

Buna da bax:​ Biləsuvarlı işsiz: 'İş əvəzinə 'Visa' kartı verdilər...'

Rəsmi qurum “çaşqınlığın aradan qaldırılması məqsədilə” həmin saytların üzərinə müvəqqəti məhdudiyyətlər qoyulduğunu, domen sahibləri ilə görüşülüb, müzakirələr aparıldiğını və “belə halların baş verməməsindən ötrü həmin saytlarda rəsmi elektron viza portalı "ASAN Viza” sistemi haqqında məlumat və elektron vizanın alınması üçün www.evisa.gov.az portalına keçidin yerləşdirilməsi” qərara alındığını bəyan edib.

Şirkətlər nə deyir

Onlayn platforma olan “vizam.az” dünyanın müxtəlif ölkələrinə səyahət, iş, təhsil vizası təşkil edir. Şirkətin meneceri Gülər Ağayeva AzadlıqRadiosuna deyir ki, artıq saytları fəaliyyətdədir və “ASAN viza”nın yaratdığı problem də artıq aradan qaldırılıb. Dövlət Agentliyinin turizm şirkətlərinin ünvanına səsləndirdiyi tənqidlərə gəlincə, Gülər Ağayeva “vizam.az”la bağlı anlaşılmazlıq olduğunu bildirir: “Biz, konkret olaraq, xaricə gedən Azərbaycan vətəndaşlarına viza alırıq. Biz bura gələn əcnəbilərə xidmət göstərmirik. Bu səbəbdən, bizim vebsəhifə artıq işləyir. Sadəcə, anlaşılmazlıq olmuşdu”.

Buna da bax:​ ABŞ səfirliyi viza prosesini sadələşdirir

O, “ASAN viza” ilə şirkətin əməkdaşlıq yönündə danışıqlara başlayacağını da bildirir.

Qeyri-dövlət evisa.com.az saytı isə “TurizmAz” şirkətinə məxsusdur. Bu, saytın ana səhifəsinin yuxarı hissəsində də diqqətə yetirilib.

Şirkətin direktoru Murad Kərəmov saytın hazırda fəaliyyətdə olduğunu deyir. Qurum “ASAN viza” ilə elektron vizanın rəsmiləşdirilməsi istiqamətində əməkdaşlığa da başlayıb və artıq bir neçə turistə elektron viza alıb. İndi əməkdaşlığın “daha da avtomatlaşdırılması” üzərində danışıqlar gedir. Dövlət Agentliyinin açıqlamasında səslənən tənqidlərə, özəlliklə “dövlət rüsumundan dəfələrlə artıq ödəniş almaları” haqda deyilənlərə də münasibət bildirən Murad Kərəmov bütün bunlardan xəbərsiz olduğunu söyləyir: “Bəlkə də o sözləri başqaları haqda deyirlər, çünki şirkətimiz bu günədək turizm xidməti almayan heç bir turistə viza rəsmiləşdirilməsini həyata keçirməyib. Bunu evisa.com.az saytındaki "Simple" və "Full package" turizm təkliflərindən də görmək mümkündür”.

Buna da bax:​ Azərbaycan vətəndaşının “viza azadlığı” nə qədərdir? (İnfoqrafika)

O, rəhbəri olduğu turizm şirkətinin və akkreditasiyadan keçmiş digər turizm şirkətlərinin bugünədək əcnəbilərə viza rəsmiləşdirilməsini Xarici İşlər Nazirliyinin turizm şirkətləri üçün yaratdığı "TurViza" elektron portalından gerçəkləşdirdiklərini deyib: ““TurViza” saytı ilə əməkdaşlıqda turizm şirkətlərinə əsas tələb bu idi ki, viza xidməti tək yox, digər turizm xidmətləri ilə birlikdə satılmalıdır. Bu qaydaya da həm o vaxt, həm də indi riayət edirik”.

“Xoşagəlməz durumdur və inhisarçılıqdır”

Osman Gündüz
Osman Gündüz

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sözügedən məsələylə bağlı “ASAN viza” rəsmiləri ilə danışdığını və ortada anlaşılmazlıq olduğunu söyləyir. Amma bununla belə, o yaranmış durumun “xoşagəlməz” olduğunu deyir və “milli domenlərin tənzimlənməsində yol verilən nöqsan” və “inhisarçılıq” kimi dəyərləndirir.

Buna da bax: Biz necə, Avropaya vizasız gediş-gəliş istəyirikmi?

Osman Gündüz Azərbaycanda milli domenlərin tənzimlənməsində 20 ildir problem yaşandığını, beynəlxalq normalara və yerli qanunvericiliyə uyğunlaşdırmanın başa çatmadığını bildirir:

““Telekommunikasiya haqda qanun”a görə hər şey normaldır. Orda yazılıb ki, milli domenlərin tənzimlənməsini müvafiq icra hakimiyyəti orqanı, yəni Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əlaqəli qurumlarla birgə həyata keçirir. Yəni nazirliyin domenlə bağlı təkbaşına qərar qəbul etmək səlahiyyəti yoxdur”.

Osman Gündüz bu problemin yoluna qoyulması üçün nazirliklə dəfələrlə müzakirə aparıldığını, hətta ortaq qurumun yaradılmasını təklif etdiklərini, ancaq nəticəsiz qaldığını deyir:

“Hazırda guya “az” domeninin qeydiyyatı ilə bağlı qaydalar var. Ancaq açıq deyirəm ki, o qaydaların hüquqi əsası yoxdur. Onu heç Ədliyyə Nazirliyi də təsdiqləməyib. Sadəcə, bir şirkətin, bir şəxsin qələmindən çıxan yazıdır”.

Buna da bax:​ Britaniyalılar MasterCard-dan 18 milyard tələb edir

Mütəxəssis bu halların yenə yaşanmamasından ötrü əlaqəli dövlət qurumunun yaradılmasını, beynəlxalq təcrübədən yararlanmağı təklif edir. O, Qazaxıstan və Rusiyada, Gürcüstan və Ukraynada bənzər komissiyaların yaradıldığını, ortaq qaydaların müəyyənləşdirildiyini vurğulayır.

XS
SM
MD
LG