Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:46

Azərbaycan vətəndaşının “viza azadlığı” nə qədərdir? (İnfoqrafika)


Almaniya bu il də vətəndaşlarının “viza azadlığına” görə dünya birinciliyini qoruyub saxlaya bilib

Almaniya bu il də vətəndaşlarının “viza azadlığına” görə dünya birinciliyini qoruyub saxlaya bilib.

Nüfuzlu konsaltinq firması “The Henley & Partners” qrupunun “Viza Məhdudiyyətləri İndeksi”nin (Visa Restrictions Index) bu il üçün nəticələrinə görə Almaniya vətəndaşı dünyanın 177 ölkəsinə vizasız səfər etmək imkanına malikdir.

“The Henley & Partners” firması bu reytinqi 2006-cı ildən bəri, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (International Air Transport Association – IATA) məlumatları əsasında hazırlayır.

Dünyanın ən "hörmətli" pasportları Avropadadır
Dünyanın ən "hörmətli" pasportları Avropadadır

Almanlardan sonra ən “hörmətli” pasportları İsveç vətəndaşları daşıyırlar. Onlar 218 ölkədən 176-na vizasız səfər edə bilərlər.

Üçüncü yeri – Finlandiya, Fransa, İtaliya, İspaniya və Britaniya pasportları tutur. Bu ölkələrin pasportları ilə 175 ölkəyə vizasız səfər etmək olar.

Hesabatda deyilir ki, qlobal miqyasda hərəkət sərbəstliyi getdikcə yaxşılaşır.

Bu da qeyd olunur ki, Tonqa, Palau, Kolumbiya və Timor-Leste kimi ölkələrin vətəndaşları indi daha çox ölkələrə səfərlər edə bilirlər.

Bu reytinqdə Azərbaycan və onun qonşuları da göstərilib.

Reytinq cədvəlində 75-ci yeri tutan Azərbaycan qrafasının qarşısında 62 rəqəmi yazılıb. İndeksin metodologiyası ilə bu o deməkdir ki, Azərbaycan vətəndaşı öz pasportu ilə 62 ölkəyə vizasız səfər edə bilər.

Lakin bunun belə olmadığı araşdırmasız da bəllidir.

Reytinqdə belə uyğunsuzluğa səbəb “vizasız, hava limanında viza və başqa viza” rejimlərinin qarışdırılması olmalıdır.

Buna da baxın: Hansı ölkəyə vizasız gedə bilərsən?

Sent Vinsent və Qrenadinə kim getmək istəyir?

İri hava şirkətlərinin saytları Azərbaycana və Azərbaycandan viza rejiminə dair məlumatlar üçün axtarışçını müvafiq Wikipedia saytlarına göndərir.

Həmin saytda Azərbaycan vətəndaşının vizasız səfər edəcəyi ölkələrin sayı 29-dur.

Bunlardan bəzilərinin adları Azərbaycan vətəndaşına tanış olmaya bilər: Albaniya, Antiqua və Barbuda, Ermənistan, Baham, Barbados, Belarus, Bosniya və Herseqovina, Kolumbiya, Dominika, Ekvador, Gürcüstan, Haiti, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Malayziya, Mikroneziya, Moldova, Çernoqoriya, Namibiya, Rusiya, Sent Vinsent və Qrenadin, Tacikistan, Türkiyə, Ukrayna, Özbəkistan, Vanuatu.

Burada dərhal demək lazımdır ki, bu ölkələrin arasında ofşor adalar xüsusi yer tutur.

Yeri gəlmişkən, Wikipedia-nın Almaniya vətəndaşlarına aid səhifəsindən bəlli olur ki, Almaniya pasportu ilə də tam vizasız və sərbəst yalnız 140-dək ölkəyə səfər etmək olar.

Bu isə o deməkdir ki, “The Henley & Partners” indeksində viza rejimi ilə bağlı izaha ehtiyacı olan məqamlar var.

Yalnız MDB

Hazırkı reytinqdə Azərbaycan öz vətəndaşının səfər azadlığına görə Qırğızıstan, Ermənistan, Tacikistan, İran və Pakistanı geridə qoyub.

Lakin Azərbaycan hökumətinin bir sıra rəsmi sənədlərini nəzərdən keçirdikdə “The Henley & Partners”in sözü gedən indeksinə məlumatın haradan gəldiyini təxminən bilmək olur.

Rusiya vizanı çətin verən ölkələr sırasındadır
Rusiya vizanı çətin verən ölkələr sırasındadır

Məsələn, Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin internet səhifəsində Azərbaycanın vizasız gediş-gəliş razılaşmasına malik olduğu ölkələrin siyası göstərilib.

Burada 59 ölkənin adı var! (Yeri gəlmişkən, Azərbaycanın başqa ölkələrdəki səfirliklərinin saytlarında dərc olunmuş siyahılarda da fərqlər var).

Amma bu siyahıya diqqətlə baxdıqda bəlli olur ki, Azərbaycan vətəndaşı özünün adi vətəndaş pasportu ilə burdakı ölkələrdən yalnız səkkizinə vizasız səfər edə bilər.

Bunların MDB ölkələri olmasına heç bir şübhə yoxdur. Səfirliyin verdiyi siyahıdakı qalan 51 ölkəyə səfər etmək üçün diplomatik və ya xidməti pasporta malik olmaq tələb edilir.

Ermənistana viza lazımdırmı?

Azərbaycan Xarici İşlər Nazirliyinin siyahısında vizasız gediş-gəliş rejimi olan ölkələrin sırasında Ermənistan göstərilməyib, halbuki yenə də Wikipedia-nın müvafiq səhifələrində Ermənistan Azərbaycan vətəndaşlarının vizasız səfər edə biləcəyi ölkələrin siyahısında göstərilir və bu, hüquqi baxımdan həqiqətdir.

Başqa cür müxtəlif beynəlxalq tədbirlərdə iştirak edən Ermənistan vətəndaşları Azərbaycana səfər edə bilməzdilər.

Hərçənd Wikipediada XİN-in belə bir qeydi də var ki, Ermənistanla Azərbaycan arasındakı mövcud münasibətlərə görə Azərbaycan vətəndaşlarının bu ölkəyə səfərləri qadağandır.

Lakin göründüyü kimi bu qadağan bəzən işləməyə də bilir.

Azərbaycanın real yeri

Hər halda Azərbaycan vətəndaşının qlobal viza azadlığı dərəcəsinin müəyyən edilməsi üçün “The Henley & Partners”in indeksi işə yaraya bilər.

Məsələn, bu reytinqdə sonuncu – 104-cü yeri Əfqanıstan tutur. Hətta onun da qrafasında 25 yazılıb. Lakin reallıqda Əfqanıstan ölkəyə gələn bütün başqa ölkələrin vətəndaşlarından viza tələb edir. Əfqanlardan Wikipedianın məlumatına görə yalnız 4 ölkə viza tələb etmir. Bunlar Sent Vinsent və Qrenadin kimi ofşor ölkələrdir və onlar, ümumiyyətlə viza tələb etmirlər.

Dünyanın "ən pis" pasportları
Dünyanın "ən pis" pasportları

Lakin Əfqanıstanın viza qanunlarında bir təqdirəlayiq cəhət var. Bu ölkə vətəndaşlığından asılı olmayaraq bütün əfqanlar üçün, hətta valideynlərindən biri əfqan olanlar üçün açıqdır.

Yəni bu prinsiplə cədvəlin axırından başlayıb üzüyuxarı gələndə real rəqəmlərlə Azərbaycanın yerini söyləmək mümkündür.

Belə baxdıqda, Azərbaycan 11 ölkəyə vizasız gediş haqqı olan Kosova və Yəmənlə (8) birlikdə 104 yerdən 97-cini bölüşür.

Əlbəttə, Azərbaycan vətəndaşları üçün Türkiyə və İranın yaratdığı vizasız səfər rejimi də ölkənin indeksdəki yerinə müsbət təsir göstərir.

Qonaq istəməyən ölkə

Azərbaycan vətəndaşlarının xarici viza almaq çətinlikləri ilə yanaşı, Azərbaycana gələn başqa ölkə vətəndaşları da xeyli çətinliklərdən keçirlər.

Məsələn, elə həmin “The Henley & Partners” indeksində Azərbaycandan 13 pillə aşağıda olan və Şimali Afrikada yerləşən Misir bütün Avropa İttifaqı vətəndaşlarına vizanı hava limanlarında verir, lakin Avropa Şurasının üzvü olan Azərbaycan avropalılar üçün nəinki belə bir rejim nəzərdə tutmayıb (beynəlxalq idman tədbirlərinin keçirildiyi vaxtlar xaric), hətta onlardan ölkəyə nə məqsədlə gəldiklərini izah edən əlavə sənədlər istəyir.

Əslində belə vəziyyət beynəlxalq aləmdə sirr deyil. Məsələn, “Wanderlust” səyahət və turizm jurnalının internet saytında Azərbaycan dünyanın ən çətin vizasını verən 10 ölkənin sırasında göstərilib.

Bu siyahıda Azərbaycandan başqa Çin, İran, Rusiya, Türkmənistan, Hindistan, Tayland, Çad, Nigeriya və Sudan da var.

XS
SM
MD
LG