Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:46

Vyana ‘terror hücumuna’ görə 14 nəfər saxlanıb


Vyana polisi reyd zamanı
Vyana polisi reyd zamanı

Avstriya hakimiyyət orqanları bildirir ki, kansler Sebastian Kurzun “iyrənc terror hücumu” adlandırdığı hadisə ilə bağlı 14 nəfər saxlanıb.

Bu hücum nəticəsində dörd nəfər həlak olub.

Şübhəlilər noyabrın 2-də Vyananın 6 müxtəlif yerində adamlara atəş açdıqdan sonra polis paytaxt sakinlərindən evlərində qalmağı rica etmişdi.

Bu hücum nəticəsində iki kişi və iki qadının həlak olduğu və daha 22 nəfərin yaralandığı xəbər verilir.

Polis şübhəlilərdən birini, 20 yaşlı Avstriya-Şimali Makedoniya vətəndaşlığı olan şəxsi atışma zamanı güllələyib. Onun bundan əvvəl də terror ittihamı ilə məhkumluğu olub. İki başqa şübhəlinin də Makedoniya əsilli olduqları bildirilir.

İslam Dövləti ekstremist qrupu özünün Amaq xəbər agentliyi vasitəsilə bu hücum üçün məsuliyyəti öz üzərinə götürüb.

Avstriyanın daxili işlər naziri Karl Nehammer noyabrın 3-d deyib ki, polis Vyanada və Aşağı Avstriya bölgələrində silsilə reydlər keçirib, lakin insidentdə ikinci yaraqlının iştirakına dair sübutlar yoxdur.

Hücum edənin Şimali Makedoniya kökənli, lakin Avstriya doğumlu Kujtim Fejzulai olduğu bildirilir.

O ötən ilin aprelində Suriyadakı İslam Dövləti ekstremist təşkilatına qoşulmaq üçün bu ölkəyə səfərə cəhd etdiyinə görə 22 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin o, ötən ilin dekabrında vaxtından əvvəl həbsxanadan azad olunmuşdu.

Ədliyyə sistemini aldada bilib

Nehammer bildirib ki, bu şəxs “ədliyyə sisteminin radikalsızlaşdırma proqramını aldadaraq erkən azad edilməsinə nail olub”.

Nazir bundan əvvəl demişdi ki, öldürülmüş hücum edən terrorçu təşkilatın üzvlüyü maddəsi ilə ittiham olunmuşdu.

İD Telegram-da yazdığı postda bildirir ki, onun davamçılarından biri olan Əbu Daqnah əl-Albani Vyanada adamlara qarşı avtomat və pulemyotdan istifadə edib və polis tərəfindən öldürülüb.

Şimali Makedoniyanın Daxili İşlər Nazirliyi bildirib ki, Avstriya polisinin təqdim etdiyi siyahıdakı daha iki nəfər Vyana hücumunda şübhəli bilinir. Onların ikili – Avstriya-Şimali Makedoniya vətəndaşlığı var.

Nazirlik bildirib ki, şərti olaraq A.G və U.A adlandırılan hər iki şübhəli Vyanada doğulub.

“Bu, xristianlar və müsəlmanlar arasında münaqişə deyil…”

İsveçrə polisi bu ölkədə İsveçrə vətəndaşlığı olan 18 və 24 yaşlarında iki nəfərin Sürix yaxınlığında həbs olunduqlarını bildirib.

Hazırda bu adamların Vyana şübhəlisi ilə bağlılığı araşdırılır.

Nehammer deyib ki, şübhəlilərin saxlanması əməliyyatına 1000-dək təhlükəsizlik əməkdaşı cəlb edilib.

Avstriyanın APA agentliyi xəbər verir ki, hadisə zamanı yaralananlardan yeddisinin vəziyyəti ağırdır.

Kansler Kurz noyabrın 3-də üç günlük matəm elan edərkən deyib:

"Biz nifrətin ayaq almasına heç vaxt imkan verməyəcəyik. Biz agah olmalıyıq ki, bu, xristianlar və müsəlmanlar və ya avstriyalılarla miqrantlar arasında münaqişə deyil”.

Kansler daha sonra əlavə edib:

“Bizim düşmənimiz islamçı terrordur və o yalnız ölüm və ağrı törətməyə çalışmır, həm də cəmiyyətimizi bölmək istəyir”.

Kurz deyib ki, Avstriya özünün demokratiya və həyat tərzini bundan sonra da müdafiə edəcək.

XS
SM
MD
LG