Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:27

Armen Xaçatryan: 'Azərbaycan delimitasiyanın şimaldan başlanmasını təklif edib...'


Qazax rayonundakı Göyəzən dağının Ermənistanın Berkaber kəndindən görünüşü
Qazax rayonundakı Göyəzən dağının Ermənistanın Berkaber kəndindən görünüşü

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazirin müavini, Ermənistan delimitasiya komissiyasının sədri Mher Qriqoryanın ofisi iki ölkə arasında demarkasiyanın Tavuş mərzindən başlanması da daxil delimitasiya ilə bağlı bir sıra məsələlər barədə hələ də qərar qəbul edilmədiyini bildirib.

Baş nazir Nikol Paşinyan üç həftə bundan əvvəl delimitasiya prosesinin artıq praktik mərhələsinin başlandığını bəyan etmişdi.

Azatutyun yazır ki, Qriqoryanın ofisindən verilən məlumata görə komissiyaların delimitasiya prosesinin praktik mərhələsinə başlaması, prosesin məhz Ermənistanın Azərbaycanın Qazax rayonu ilə həmsərhəd Tavuş mərzindən başlanması, Azərbaycanın tələb etdiyi 4 kəndin qaytarılması kimi məsələlər üzrə hələ ki qərarlar qəbul edilməyib.

Bununla belə Azatutyunun yazdığına görə hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Armen Xaçatryan aprelin 3-də parlamentdə keçirilən brifinqdə deyib ki, Bakı demarkasiyanın “şimaldan” başlanmasını təklif edib.

Delimitasiyaya başlanıb, ya yox?

Xaçatryan iddia edib ki, sərhədin şimal hissəsində delimitasiya prosesi artıq başlanıb və bu proses “nəyin bahasına olursa, olsun” davam etdirilməlidir.

Azərbaycanın tələb etdiyi 4 kəndin Bakıya qaytarılmasından qonşu erməni əhalinin narazılığına gəlincə isə Xaçatryan bəyan edib:

“Sizin bu kəndlərin xəritə üzərində Azərbaycana məxsus olmasına şübhəniz var? Azərbaycan ərazisi olan torpaqlar Azərbaycana qaytarılmalıdır”.

Azatutyunun yazdığına görə, Azərbaycanın martın 9-da sözü gedən dörd kəndin dərhal qaytarılmasına dair tələbindən delimitasiya komissiyalarının son görüşündə bunun əsas mövzu olduğu məlum olurdu.

“Onu İlham Əliyevdən soruşun”

Həm də parlamentin müdafiə komissiyasının sədr müavini olan Xaçatryan təsdiqləyib ki, Azərbaycan tərəfi delimitasiyaya şimaldan başlamağı təklif edib.

Jurnalistlərin “niyə məhz Tavuş mərzindən” sualına cavab olaraq Xaçatryan bu sualı İlham Əliyevə verməyi məsləhət görüb.

Azatutyun xatırladır ki, baş nazir Nikol Paşinyan iki həftə bundan əvvəl Tavuş mərzinə səfər etmiş və orada yerli sakinlərə 4 kəndin qaytarılmalı olduğunu, əks halda müharibə ola biləcəyini demişdi.

Azatutyun yazır ki, Paşinyan Azərbaycanla mümkün müharibə mövzusuna tez-tez toxunur. Ermənistan konstitusiyasının preambula hissəsinin ləğv edilməsinin zəruriliyindən danışarkən də baş nazir yenə də mümkün müharibədən söz açmışdı.

“Nəyin bahasına olursa, olsun”

Armen Xaçatryan aprelin 3-də keçirilən brifinqdə eyni müddəaları təkrar edib və bildirib ki, delimitasiyaya başlanması müharibənin mümkünlüyü ehtimalını azaldır:

"Pozitiv bir hadisə baş verib. Qərara alınıb ki, delimitasiya, daha doğrusu delimitasiyaya dair danışıqlara start verilsin. Azərbaycan bu prosesə sərhədin şimal hissəsindən başlanmasını təklif edib. Bəli, biz də prosesə oradan başlamışıq. İndi şimal sərhədindən gəlirik. Oradakı problematik məsələlər həll olunur”.

Azatutyun yazır ki, baş nazir müavininin ofisindən Tavuşdan sonra delimitasiyanın harda olacağına dair sorğuya cavab verməkdən imtina ediblər.

Azərbaycanın bu dörd kəndi geri aldıqdan sonra delimitasiyanı davam etdirib-etdirməyəcəyinə dair suala cavab olaraq Armen Xaçatryan deyib ki, “qeyri-müəyyən heç nə yoxdur, proses artıq başlanıb və nəyin bahasına olursa olsun davam etdirilməlidir”.

Azərbaycan-Ermənistan sərhədinin şimal hissəsi
Azərbaycan-Ermənistan sərhədinin şimal hissəsi

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Separatçı qurumun bəzi liderləri tutularaq Bakıya gətirilib.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG