Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:46

Layihələrin seçilməsi ilə bağlı: 'Bu sahədə cəngəllik qaydaları hökm sürür'


Bir aylıq şirkətlər 200 min manatlıq dövlət tenderini necə udur?
Gözlə

No media source currently available

0:00 0:05:56 0:00

Bir aylıq şirkətlər 200 min manatlıq dövlət tenderini necə udur?

Azərbaycanın xarici dövlət borcu azalıb, daxili dövlət borcu artıb.

2024-cü il iyulun 1-nə xarici dövlət borcu 5 milyard 361.3 milyon ABŞ dolları olub. O, ilin əvvəli ilə müqayisədə 1 milyard 99.9 milyon ABŞ dolları və ya 17 faiz azalıb.

Daxili dövlət borcu isə 16 milyard 571.9 milyon manat təşkil edib. Bu borc isə ilin əvvəli ilə müqayisədə 705.5 milyon manat artıb.

Daxili dövlət borcunun artması ötən il də müşahidə olunub.

Daxili borc niyə artıb?

Maliyyə Nazirliyinin məlumatına görə, daxili dövlət borcunun artmasının əsas səbəbi ölkədə qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, xarici dövlət borcunun ümumi dövlət borcundakı xüsusi çəkisinin mərhələli şəkildə azaldılması və daxili bazarda dövlət istiqrazlarının yerləşdirilməsidir: "Daxili dövlət borcunun 7 milyard 280.7 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 291.2 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərinin payına düşür".

İqtisadçı Elçin Rəşidov da "Turan"a deyib ki, Azərbaycanda daxili dövlət borcunun artması xarici dövlət borcunun azalması ilə müşayiət olunur: "Bu da dövlət borcu üzrə strategiyaya uyğundur".

Elçin Rəşidov
Elçin Rəşidov

Ekspert qeyd edib ki, bu mövzuda ən çox sual doğuran dövlət zəmanəti ilə müxtəlif şirkətlərin borclanmasıdır: "Xüsusilə dövlət şirkətlərinin borclarının yaranması prosesidir. Bizdə dövlət şirkətləri şəffaf idarə olunmur. Dövlət şirkətlərində maliyyə şəffaflığı, yaxşı maliyyə idarəetməsi tətbiq olunmadığına görə orada borclanma şəffaf deyil və bu özünü ümumi dövlət borcunda da göstərir".

"Arxasında ən güclü məmurun dayandığı layihə həyata keçir"

İqtisadçının sözlərinə görə, dövlət borcunun bu hissəsi, əsasən, dövlət şirkətlərinin həyata keçirdiyi müxtəlif dövlət investisiya layihələrdən yaranır: "Həm dövlət şirkətlərinin öz layihələri, həm də nazirliklər tərəfindən icra olunan layihələrin maliyyə idarəetməsi şəffaf deyil. Hətta həmin layihələrin necə seçilməsi qaydası yoxdur. Bu sahədə cəngəllik qaydaları hökm sürür. Yəni, ən səmərəli layihə deyil, arxasında ən güclü məmurun dayandığı layihə həyata keçir".

E.Rəşidovun fikrincə, qaydaların olmaması özünü həm mikro, həm də makro səviyyədə göstərir: "Makro səviyyə o deməkdir ki, Azərbaycan və ya dövlət şirkətləri istər istiqraz, istərsə də pul formasında kredit götürür. Onların faizləri Azərbaycan Dövlət Neft Fondunun gətirdiyi faizlərdən xeyli dərəcədə aşağıdır. Ortadakı faiz fərqini isə iqtisadiyyatımız ödəməli olur".

Rəşad Həsənov
Rəşad Həsənov

"Problem onda ola bilər ki..."

İqtisadçı Rəşad Həsənovun da AzadlıqRadiosuna deməsinə görə, hökumətin baxışı ondan ibarətdir ki, mümkün qədər xarici borcun səviyyəsi optimal saxlanmalı və 7 milyarddan aşağı salınmalıdır.

Ekspert əlavə edib ki, neftin qiymətinin proqnozlardan yuxarı olması hökuməti bu planı icra etməsinə yardım göstərdi və indiki halda həm daxili, həm də xarici borclanma ilə bağlı vəziyyət kifayət qədər adekvatdır.

Onun sözlərinə görə, dövlət öz büdcə öhdəliklərini yerinə yetirmək üçün borclanır: "Problem onda ola bilər ki, büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik yoxdursa, büdcə vəsaitləri hər hansı formada korrupsiya predmetinə çevrilirsə, bu, artıq büdcə xərclərinin səviyyəsinin şişməsinə, xarici və daxili borclanmaya gətirib çıxarır. Problem bu sahədədir. Bu sahədə problem olmasa, bəlkə də, borclanmaya ehtiyac qalmaz".

XS
SM
MD
LG