Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:36

Ötən il Qarabağda ayrılandan 800 milyon manat çox xərclənib


Qarabağı hansı şirkətlər tikir? Tender elanı verilirmi?
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Qarabağı hansı şirkətlər tikir? Tender elanı verilirmi? (2021)

2023-cü ilin dövlət büdcəsi qəbul edilərkən, Qarabağdakı tikinti işlərinə 3 milyard manat vəsait ayrılmışdı. Ötən il neftin qiyməti proqnozu aşdığından hökumət ilin ortasında büdcədə dəyişikliklərə getmişdi. Həmin dəyişikliklərdən sonra Qarabağa ayrılan vəsait 1.8 milyard manat artırılaraq 4.8 milyard manata çatdırılmışdı. Hesablama Palatasının 2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı rəyindən bəlli olur ki, birbaşa Qarabağa ayrılan vəsaitlə yanaşı, digər mənbələrdən də bu istiqamətdə vəsait xərclənib.

Qarabağdakı işlərə vəsaitin yönəldildiyi mənbələrdən biri dövlət büdcəsinin ehtiyat fondudur. Ötən il bu fondun vəsaitlərindən 139 milyon manat Qarabağdakı işlərə yönəldilib. Dövlət büdcəsinin ehtiyat fondundan Qarabağda sabit tetra radio şəbəkəsinin yaradılmasına (səsi güvənli və axıcı radio stansiyalarına -red.) 2.4 milyon manat, yeni yaradılmış aqroparklara və digər istifadəçilərə məxsus torpaq sahəsinə suvarma suyunun çatdırılmasına 50 milyon manat, enerji infrastrukturunun qurulmasına 17 milyon manat, Xocalı şəhərində çoxmənzilli yaşayış binasının əsaslı təmirinə və ərazinin abadlaşdırılmasına 8.5 milyon manat, Xocalı şəhərinin Kərkicahan qəsəbəsi, Malıbəyli və Turşsu kəndlərində layihələndirmə, tikinti-bərpa və yenidənqurma işlərinə 61 milyon manat xərclənib.

Dövlət büdcəsinin ehtiyat fondu ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan da Qarabağdakı işlərə pul ayılıb. Sözügedən fonddan ötən il Qarabağdakı işlərə təxminən 145 milyon manat verilib. Bu, həmin fonddan ilboyu xərclənən vəsaitin təxminən yarısı deməkdir. Prezidentin ehtiyat fondundan Qarabağdakı yol tikintilərinə 65.4 milyon manat, Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və gerçəkləşdirilməsinə 80 milyon manat ayrılıb.

İlham Əliyevin təmtəraqla açılışını etdiyi binalar bərbad gündə: Köçkünlər narazıdır
Gözlə

No media source currently available

0:00 0:09:20 0:00

Digər istiqamətlərdən də vəsait ayrılıb

Yol infrastrukturunun tikintisiylə bağlı daha 32.5 milyon manatlıq maliyyələşmə dövlət əsaslı vəsait qoyuluşları hesabına təmin edilib. Büdcədəki digər xərc istiqamətlərindən Qarabağdakı işlərə yönəldilən vəsaitin həcmi isə 465 milyon manat olub. Beləliklə, bu ayırmalarla birlikdə ötən ilin dövlət büdcəsindən Qarabağdakı yenidənqurma işlərinə toplam 5 milyard 582 milyon manat vəsait sərf edilib. Bu da birbaşa Qarabağdakı işlərə ayrılan vəsaitlərdən (4.8 milyard manatdan) 782 milyon manat daha çox vəsait deməkdir. 2023-cü il dövlət büdcəsinin toplam xərclərinin 36.5 milyard manat olduğu nəzərə alınsa, ötənilki büdcənin 15.3 faizinin Qarabağa sərf edildiyi bilinir. O da var ki, hökumət təkcə büdcə vəsaitindən deyil, büdcədənkənar vəsaitlərdən də Qarabağa pul ayırıb. Hesablama Palatası İqtisadiyyat Nazirliyinin büdcədənkənar vəsaitlərindən də Qarabağa vəsait ayrıldığını, ancaq ayırma həcminin açıqlanmadığını qeyd edib. Bu da o deməkdir ki, ötən il Qarabağa xərclənən vəsait 5.5 milyard manatdan da bir qədər yüksək olub.

Müqayisə üçün: İnişil - 2022-ci ildə büdcədən Qarabağa toplam 4.3 milyard manat xərclənmişdi. Deməli, ötən il Qarabağdakı yenidənqurma işlərinə xərclər 2022-ci illə müqayisədə təxminən 1.3 milyard manat və ya 30 faiz daha çox olub. 2020-ci ildəki 44 günlük Qarabağ savaşı başa çatandan bəri Azərbaycan Qarabağdakı yenidənqurma işlərinə 15 milyard manatdan çox vəsait sərf edib.

Qarabağ ermənilərinin keçdiyi yol niyə çökdü?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Bu il də Qarabağa ayrılan vəsaitin həcmi ilə bağlı oxşar təcrübədən istifadə ediləcək. Axı bu il də neft qiymətləri proqnozdan yüksəkdir və ilin ortasında büdcəyə yenidən baxılır. 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklər barədə Maliyyə Nazirliyinin yaydığı qanun layihəsində bildirilir ki, işğaldan qurtarılmış ərazilərin yenidənqurulma və bərpasına, eləcə də digər xərclərə nəzərdə tutulub təsdiqlənən 7 milyard 788 milyon manat deyil, 9 milyard 903 milyon manat ayrılacaq. Başqa deyimlə, toplam xərclər 2.1 milyard manat və ya 27 faiz artırılacaq.

Ən çox vəsait hara xərclənib?

Hesablama Palatasının açıqladığı göstəricilərdən bəlli olur ki, Qarabağda ən çox yol çəkilməsinə pul xərclənir. Ötən il Qarabağda xərclənən vəsaitin 76.6 faizi nəqliyyat infrastrukturunun qurulmasına sərf edilib. Bu istiqamətdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələrinə 3 milyard 379 milyon manat, "Azərbaycan Dəmir Yolları" QSC-nin layihələrinə isə 320 milyon manat xərclənib.

İnişillə - 2022-ci illə müqayisədə Qarabağla bağlı xərclərin ən çox azaldığı dövlət qurumları da var. Söhbət Kənd Təsərrüfatı Nazirliyindən və "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsindən gedir. Ötən il Qarabağdakı işlərlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsait biröncəki illə müqayisədə 157.4 milyon manat (60 faiz), "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsə ayrılan vəsaitsə 50 milyon manat (19 faiz) azalıb.

Qarabağda Ərdoğan və Əliyevə bağlı şirkətlər...
Gözlə

No media source currently available

0:00 0:06:31 0:00

Qarabağdakı xərclər şəffafdırmı?

Son üç il ərzində Qarabağdakı yenidənqurma işlərinə ayrılan vəsait Azərbaycanın dövlət büdcəsinin ən böyük xərc maddələrindən birinə çevrilib. Bu da təbii olaraq xərclənən vəsaitlərin nə qədər şəffaf və hesabatlı istifadə edilməsinə dair suallar doğurur. Problem ondadır ki, indiyədək Azərbaycanda dövlət büdcə hesabına həyata keçirilən layihələrin korrupsiyanın yeminə çevrilməsi adi praktikaya çevrilib. Son üç ilin acı təcrübəsi göstərir ki, digər istiqamətlərdə olduğu kimi, Qarabağın yenidən qurulmasına xərclənən vəsaitlə də bağlı ciddi nöqsanlar var. Müstəqil jurnalist araşdırmaları indiyədək Qarabağda tendersiz layihələrin gerçəkləşdirilməsi, eləcə də tenderlərdə layihə həyata keçirən qurumların rəhbərlərinə yaxın şirkətlərin qalib gəlməsi ilə bağlı çoxlu fakt üzə çıxarıb.

Hər il Qarabağdakı xərclərin 70 faizinə yaxını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yönləndirilir. Qurumun mətbuat katibi bir müddət öncə mediaya açıqlamasında yolların tikinti və layihələndirilməsinə qatılan şirkətlərin tender yolu ilə seçilmədiyini təsdiqləmişdi. Halbuki, uyğun qaydalara görə, satınalmanın dəyəri 50 min manatı ötdükdə satınalma açıq tender üsulu ilə aparılmalıdır. Üstəlik, Hesablama Palatası öz rəylərində Qarabağdakı yenidənqurma işlərinə ayrılan toplam məbləği açıqlasa da, ayrı-ayrı layihələrlə bağlı rəqəmlər açıqlanmır. Unutmaq olmaz ki, hər il Qarabağda onlarla ayrı-ayrı layihə maliyyələşdirilir.

XS
SM
MD
LG