Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:04

Son iki ildə Azərbaycanda sifilisə yoluxanların sayı iki dəfə artıb


10 il öncə ilboyu sifilisə yoluxanların sayı üç dəfə daha az idi.
10 il öncə ilboyu sifilisə yoluxanların sayı üç dəfə daha az idi.

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı bilgilərdən aydın olur ki, son iki ildə Azərbaycanda sifilisə yoluxanların sayı ciddi ölçüdə çoxalır. Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 1 min 127 nəfərə sifilis diaqnozu qoyulub. 2021-ci ildə eyni göstərici 836-ya, 2020-ci ildə isə 666-a bərabər olmuşdu. Deməli, son iki ildə ölkədə sifilis diaqnozu qoyulanların sayında iki dəfəyə yaxın artım qeydə alınıb. 10 il öncə ilboyu sifilisə yoluxanların sayı üç dəfə daha az idi.

Sifilis cinsi yolla ötürülən infeksiyadır. Sağaldılmayan sifilis korluq və beyin, ürək, gözlər və sinir sisteminizə zərər də daxil, ciddi sağlamlıq problemləri doğura bilər. Müalicə almadıqda və sifilis infeksiyanın son mərhələsinə keçdikdə həyati təhlükəsi olan ağırlaşmalarla qarşı-qarşıya qalınır. Bu ilin əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda tibb ocaqlarında qeydiyyatda olan sifilis xəstələrinin sayı 2 min 669 nəfərdir. Onlardan 1 min 743 nəfəri (65 faizi) kişi, 926 nəfəri (35 faizi) qadındır. Ötən il sifilis diaqnozu qoyulan 1 min 127 şəxsdən 46 faizi Bakı şəhərində yaşayıb.

2022-ci ildə ölkədə alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulan şəxslərin də sayı artıb. Ötən il 682 nəfərə alkoqolizm və alkoqol psixozu diaqnozu qoyulub. Bu, 2015-ci ildən bəri bir ildə qeydə alınan ən yüksək göstəricidir. Hazırda Azərbaycandakı tibb müəssisələrində bu xəstəlik üzrə qeydiyyatda olan şəxslərin toplam sayı 9 min 793 nəfərdir.

Suçiçəyi tutanların sayında rekord artım

DSK-nın ötən il ölkədə səhiyyəyə dair göstəriciləri içərisində ən çox diqqət çəkənlərdən biri suçiçəyinə yoluxanların sayıdır. Axı öncəki illərlə müqayisədə (göstəricilər 2000-ci ildən sonrakı illəri əhatə edir) ölkədə bu qədər yüksək yoluxma halları olmamışdı. Rəsmi rəqəmlərə görə, 2022-ci ildə Azərbaycanda 28 min 435 nəfərə suçiçəyi diaqnozu qoyulub. 2020-2021-ci illərdə pandemiya qapanmaları üzündən ortalama 4 min suçiçəyi xəstəsi müəyyən edilmişdi. Pandemiyadan öncə isə ən yüksək yoluxma sayı 2018-ci ildə qeydə alınmışdı – 15 min 870 yoluxma. Bu baxımdan aydın olur ki, ötən il Azərbaycanda suçiçəyi hallarının sayı indiyədək qeydə alınan ən yüksək göstəricidən də 79 faiz çox olub.

Daha çox uşaqlar arasında geniş yayılan və yoluxucu xassəli suçiçəyi ağır fəsadları olmayan xəstəlikdir. Xəstəlik "varicella zoster" virusundan qaynaqlanır. Əsasən, 2-8 yaşlı uşaqlar arasında rastlanan xəstəliyin yaz və yay aylarında artması gözə çarpır.

Ötən il yoluxma hallarında kəskin artım qeydə alınan digər bir xəstəlik qoturluqdur. Belə ki, il ərzində ölkədə 1 min 535 nəfərə qoturluq diaqnozu qoyulub. Bu, son 20 ildə qeydə alınan ən yüksək göstəricidir. 2007-2021-ci illərdə hər il ortalama 416 nəfərə həmin diaqnoz qoyulub. Deməli, 2022-ci ildə qeydə alınan göstərici əvvəlki dövrün ortalaması ilə müqayisədə dörd dəfəyə yaxın yüksəkdir. Qoturluq dərinin parazitar xəstəliyidir və onu mikroskopik gənələr törədir. Ekspertlərin fikrincə, yoluxma xəstə ilə birbaşa təmasda olduqda və ya yoluxmuş xəstənin paltar və yatağından istifadə etdikdə baş verir. İnfeksion xəstəlik sayılan qoturluq, əsasən, insanların çox toplandığı və qarşılıqlı təmasda olduğu yerlərdə daha sürətlə yayılır. Qoturluq doğuran gənələr asanlıqla ailə üzvlərinə də keçə bilər.

Rəsmi rəqəmlər göstərir ki, ötən il pedikulyoz (bitlənmə) hallarının sayında da əvvəlki dövrlə müqayisədə artım olub. Ötən il 208 nəfərə pedikulyoz diaqnozu qoyulub. Bu, 2010-cu ildən bəri ölkədə qeydə alınan ən yüksək göstəricidir.

XS
SM
MD
LG