Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:58

YAP-çı deputatların müraciətinə dekabrın 2-də baxılacaq


YAP-ın mətbuat konfransı
YAP-ın mətbuat konfransı

YAP-çı deputatların müraciətinə dekabrın 2-də baxılacaq

Milli Məclisin dekabrın 2-də xüsusi iclası keçiriləcək.

Bu barədə bu gün, noyabrın 29-da Milli Məclisin plenar iclasında spiker Oqtay Əsədov bildirib.

O deyib ki, iclasın gündəliyinə bir məsələ daxil edilib: «İclasda Yeni Azərbaycan Partiyasından olan deputatların parlamentin buraxılması ilə əlaqədar müraciətinə baxılacaq».

Dünən, noyabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası onlardan olan deputatlara parlamentin buraxılması ilə bağlı təşəbbüs göstərməyi tövsiyə edən qərar qəbul edib.

Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verildiyini açıqlayıb. Noyabrın 28-də YAP üzvü olan deputatlar məsələ ilə bağlı Milli Məclisə müraciət ediblər. Parlamentin yarıdan çoxu YAP üzvləridir.

Müxalifət partiyaların rəhbərləri isə bəyan edib ki, bunun islahatlara heç bir aidiyyəti yoxdur. Onların fikrincə, hakimiyyət tez-tələsik seçkilər keçirib, onu saxtalaşdırmaq haqqında düşünür.

Milli Məclis buraxılır. 'YAP qərara gəldi ki...'

«Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatı üçün çox əhəmiyyətli qərar qəbul edib. Hesab edirəm ki, bu qərar bütövlükdə ölkəmizin inkişafına, tərəqqisinə öz müsbət təsirini verəcək».

Bunu bu gün, noyabrın 28-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov əlavə edib ki, 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib: «Yeni Azərbaycan Partiyasının üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır».

Ə.Əhmədov deyib ki, Azərbaycan parlamentinin yeniləşməsi prezidentin islahatlar konsepsiyasının uğurla həyata keçirilməsi üçün vacibdir. O əlavə edib ki, son referenduma əsasən, prezidentin müəyyən şərtlər daxilində parlamenti buraxmaq səlahiyyəti var: «Bu, islahatların genişlənməsinin bir növüdür. İnanıram ki, qərar parlamentdə yeni ənənənin formalaşmasına öz töhfəsini verəcək».

Ə.Əhmədov deyib ki, növbəti parlament seçkilərində müasir, vətənpərvər gənclərdən ibarət deputat korpusunun formalaşdırılması diqqətdə olacaq.

+++

«Azərbaycanda sülalə rejimini möhkəmlətmək üçün müəyyən hazırlıqlar görülür», - ReAL sədri İlqar Məmmədov YAP-ın parlamentin buraxılması təşəbbüsündən danışarkən deyib.

O, parlamentin buraxılmasını islahat kimi təqdim edilməsinin əleyhinə olub, «Hakim partiyanın təqdim etdiyi arqumentlərin əsası yoxdur» söyləyib.

«Bu parlamentin buraxılması bizim tələbimiz idi», - ReAL sədri bildirib.

İ.Məmmədov deyib ki, bu seçkiyə hazır olmaq lazımdır. O, bunu «tarixi məqam» adlandırıb: «Azərbaycanda son illərdə Cümhuriyyət təməlləri sarsıdılır, zəiflədilir, bilərəkdən monarxiya quruluşuna keçilir və bunun qarşısını almaq üçün qarşıdakı parlament seçkiləri ən önəmli mərhələlərdən biridir. Azərbaycan vətəndaşları anlamalıdırlar - onlar Cümhuriyyətin davamçılarıdır, yoxsa sülalə hakimiyyətinin? Bu, tarixi məqamdır, tarixi seçim fürsətidir Azərbaycan xalqı üçün».

+++

AXCP sədri Əli Kərimli parlamentin buraxılması ilə bağlı YAP-ın təşəbbüsünü «Paşayevlərin möhkəmlənməsi» kimi izah edir. O, eyni zamanda, bu addımı xalqın fəallaşması, müxalifətin sosial bazasının son illərdə güclənməsi ilə əlaqələndirir: «Hakimiyyət bilmir xalq növbəti ildə nə edəcək. Bundan başqa, müxalifət də fəaldır və seçki islahatları, başqa tələblərlə mübarizəni davam etdirəcəyini bəyan edir».

Ə.Kərimli parlamentin buraxılmasını islahat kimi təqdim edilməsinə də etiraz edib: «Bu, seçki islahatı deyil».

AXCP sədri Milli Şuranın növbədənkənar parlament seçkilərində iştirak edib-etməməsi haqda suala konkret cavab verməyib. O, bununla bağlı təcili və birgə müzakirə aparıldıqdan sonra qərar veriləcəyini bildirib.

+++

Hakim Yeni Azərbaycan Partiyasının deputatlarının (YAP) Milli Məclisin buraxılmasını təklif edəcəyi bildirilir. «Turan» agentliyinin xəbərinə görə, bununla bağlı tövsiyə xarakterli qərar partiyanın bu gün, noyabrın 28-də keçirilən fövqəladə iclasında qəbul edilib.

Agentliyin xəbərinə görə, tövsiyə ölkədə başlayan islahatların və kadr dəyişikliyinin dəstəklənməsinin vacibliyi ilə əsaslandırılıb.

Bu barədə məlumatı APA və başqa yerli saytlar da yayıb.

YAP icra katibinin müavini Siyavuş Novruzov sözügedən qərarı şərh etməkdən imtina edib: «Mətbuat konfransında hər şeyi biləcəksiniz», - o, «Turan» agentliyinə deyib.

YAP Siyasi Şurasının iclasıdır

Noyabrın 28-də, səhər saatlarında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının iclası başlayıb.

Bu barədə partiyadan bildiriblər.

Partiyadan Siyasi Şuranın iclasının gündəliyi və müzakirə edilən məsələlərlə bağlı, hələlik, hər hansı açıqlama verilməyib.

«Siyasi Şuranın iclasından sonra, saat 15:00-da YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov mətbuat konfransı keçirəcək»,-deyə bildirilib.

Xatırlatma

YAP 1992-ci ilin noyabrında Naxçıvanda təsis edilib və keçmiş prezident (həmin vaxt Naxçıvan Ali Məclisinin sədri) Heydər Əliyev partiyanın sədri seçilib. 1993-cü ildə H.Əliyevin hakimiyyətə gəlməsiylə YAP hakim partiyaya çevrilib. Bu partiyanın ilk qurultayı 1999-cu ilin dekabrında Bakıda baş tutub.

Hazırda partiyanın sədri də prezident İlham Əliyevdir.

XS
SM
MD
LG