Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:23

Keçmiş xidmət rəisinin cəzası yarıbayarı azaldılıb


Zakir Sultanov
Zakir Sultanov

Korrupsiyada suçlanan daha bir keçmiş məmurun cəzası yumşaldılıb. Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 illik həbs cəzası yarıbayarı azaldılaraq 5 il 6 aya endirilib. Aprelin 27-də Bakı Apellyasiya Məhkəməsində Rəşad Abdulovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.

Dəymiş ziyan ödənilib

Apellyasiya məhkəməsi də onu tarixi-mədəniyyət binalarının təmiri, bərpası zamanı 5.3 milyon manat büdcə vəsaitinin yeyintisində suçlu sayıb. Amma dəymiş ziyanın ödənildiyini nəzərə alaraq ona münasibətdə CM-in 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsini tətbiq edib.

Sultanov xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmədə (CM-in 179.4 maddəsi) ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ziyan hələ istintaq və bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan dövrdə ödənilmişdi. Sultanovun yaxınları 4 milyon manatı nağd şəkildə, qalan vəsaiti isə üzərinə həbs qoyulmuş əmlaklar vasitəsilə ödəyib. Məhkəmə prosesində məlum olmuşdu ki, bankda 600 min avro vəsaitin, Sultanov saxlanılarkən evindən çıxan 10 min, kabinetindən tapılan 2 min manat nağd pulun, qızıl sikkələr, qızıl təsbehin üzərinə həbs qoyulub. Bu əmlaklar da müsadirə olunaraq ziyanın ödənilməsinə yönəldilib.

Keçmiş nazir müavininin işi ayrılıb

Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovla birlikdə saxlanıb. Nazir müavininin işi məhkəməyə göndəriləndə onların işi ayrılıb.

Sultanov mədəniyyət abidələrinin təmir və bərpası zamanı qiymətlərin şişirdilməsi, tenderlərdə özünə yaxın şirkətlərin qalib elan edilməsi və s. yollarla milyonlarla vəsaitin yeyintisində suçlanır. O, özünü qismən təqsirli bilir.

O, məhkəmədə keçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin adını çəkərək bildirib ki, həyata keçirdiyi əməliyyatlardan nazir xəbərdar idi. Sultanov Qarayevin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırsa da, təmin olunmamışdı.

Ötən ilin sonunda Rafiq Bayramovun da cəzası yarıbayarı azaldılıb, 8 ildən 4 il 6 aya endirilib. O, külli miqdarda rüşvət almaqda suçlansa da, özünü təqsirli bilmirdi.

XS
SM
MD
LG