Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:32

Zamirə Hacıyevanın dəbdəbəli əmlakı müsadirə edildi


Zamirə Hacıyeva
Zamirə Hacıyeva

Azərbaycanda həbsdə olan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşının Britaniyadakı əmlakı müsadirə olunub. Zamirə Hacıyevanın Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) altı il çəkən təhqiqatından sonra bu müsadirəyə razılıq verdiyi bildirilir. Söhbət Londonun Naytsbirc məhəlləsində 14 milyon funt-sterlinq dəyərində evdən və Askotda qolf klubundan gedir.

NCA-nın yaydığı məlumatda deyilir ki, agentlik bu aktivlərin irimiqyaslı saxtakarlıq və mənimsəmə, saxta mühasibatlıq və çirkli pulyuma vasitəsilə əldə olunduğuna inanır.

NCA 2018-ci ildə Britaniyadakı bu iki mülklə əlaqədar izah edilməmiş sərvət orderi (UWOs), həmçinin əmlakın satılmasını, başqasına verilməsini, yaxud israf edilməsini önləmək üçün aralıq dondurma orderləri çıxarıb.

10 ilə 21 milyon dollar xərcləmişdi

Zamirə Hacıyeva 2006-2016-cı illərdə Londondakı Harrods ticarət mərkəzində 16 milyon funt sterlinqdən (21.3 milyon dollar) çox pul xərcləməsilə gündəmə gəlmişdi. 2018-ci ilin fevralında məhkəmə çəkişməsi başlananda bütün bu əmlakın 22 milyon funt-sterlinqdən çox (29.2 milyon dollar) dəyəri olduğu bildirilirdi.

Ancaq onun vəkilləri iddia qaldıraraq deyirdilər ki, NCA onu qanunsuz olaraq hədəfə alıb. Hansısa pozuntuya yol vermədiyini deyən Hacıyeva daha öncəki məhkəmə instansiyalarının orderi ləğv etməsinə nail olmamışdı.

Onun əri Cahangir Hacıyev 2015-ci ilin martınadək Azərbaycan Beynəlxalq Bankının (ABB) idarə heyətinin sədri olub. Bir il sonra o, mənimsəmə, vəzifə saxtakarlığı, vergidən yayınmada təqsirli bilinib. 2019-cu ildə isə ABB-nin Moskva filialından mənimsəmədə təqsirləndirilib. Hazırda 16 illik cəza çəkir.

Təhqiqat necə aparılıb

NCA bildirir ki, təhqiqatçıları ABB-dən vəsaitlərin çoxsaylı hesablar vasitəsilə çıxarıldığını, bunun çirkli pulyuma təcrübəsinə uyğun gəldiyini müəyyənləşdirib. Əməliyyatları Hacıyevin yaxın dostu onun adından həyata keçirib.

Böyük məbləğlər Britaniyanın Vircin adaları daxil olmaqla, fərqli yurisdiksiyalardakı hesablar və şirkətlər şəbəkəsi vasitəsilə bu ailənin dəbdəbəli aktivlərinə axıdılıb.

Agentlik bildirir ki, sözügedən əmlaklarım alınması üçün istifadə olunan vəsaitlərin mənbəyi barədə NCA-ya heç bir ağlabatan izahat təqdim olunmayıb.

Naytsbircdəki evin alınmasında istifadə olunan vəsaitin hamısının ABB-nin iki hesabından gəldiyi bildirilir. Onlar Britaniyaya Hacıyevin dostu tərəfindən Kipr, Estoniya və İsveçrədə yaradılmış bank hesabları vasitəsilə yönəldilib. Hesablar Hacıyevə qeydiyyata alınan bağlılığı olmayan şirkətlərin adından açılıb.

NCA 2021-ci ilin martında iki əmlak üzərində dondurma orderi üçün müraciət edib. 2023-cü ilin iyununda NCA Ali Məhkəmədə əmlakın geri alınması üçün iddia qaldırıb. Avqustun 1-də belə bir order çıxarılıb və Hacıyevanın hər iki əmlakın dəyərinin 70 faizi müsadirə olunub.

Hacıyevanın xəbəri olubmu

Məhkəmə bu əmlakın cinayət fəaliyyəti nəticəsində alınması qənaətinə gəlsə də, xanım Hacıyevanın onlar üçün ödənişin necə edilməsindən xəbərdar olmasına dair hansısa nəticə əldə olunmayıb.

NCA-nın əmlakın müsadirəsi üzrə səlahiyyətlisi Tim Quarel (Tim Quarrelle) deyib ki, agentlik əməkdaşları bu vəsaitin mənbəyini müəyyənləşdirmək üçün onun beynəlxalq bank sistemi ilə mürəkkəb trayektoriyasını -- çoxsaylı yurisdiksiyalarda saxta şirkətlər vasitəsilə hərəkətini yorulmadan izləyib.

Təhqiqatın altı il yarım çəkdiyi bildirilir.

Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib. Amma özünü təqsirli bilməyib. O, həmin vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərdən kreditlərin ödənildiyini bildirir. Onun sözlərinə görə, kreditlər hesabına yaradılan işlək müəssisələr onun həbsindən sonra ələ keçirilib. Lakin onları nə satıb tam məbləği bağlayıblar, nə də əldə olunan vəsaitlərdən kreditləri ödəyiblər.

XS
SM
MD
LG