Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 03:00

Çin hərbçilərini Ukraynada döyüşmək üçün göndərmədiyini bildirir


Lin Cian
Lin Cian

Çin öz hərbçilərini Ukraynada Rusiya tərəfində döyüşmək üçün göndərmədiyini bildirib.

"Çin hökuməti həmişə öz vətəndaşlarından [Ukraynada] silahlı münaqişə zonasından uzaq durmağı,.. tərəflərdən birinin hərbi əməliyyatlarında iştirakdan çəkinməyi tələb edib", –Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian brifinq zamanı deyib.

+++

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna silahlı qüvvələrinin Donetsk bölgəsində Rusiya ordusunun tərkibində vuruşan iki Çin vətəndaşını əsir götürdüyünü iddia edib. O, Kiyevin müttəfiqlərini bu vəziyyətə reaksiya verməyə və Pekindən izahat tələb etməyə çağırıb.

Aprelin 8-də prezident V. Zelenski "Telegram" platformasındakı paylaşımında bildirib ki, Ukrayna ordusu Donetskdə döyüş zamanı iki Çin vətəndaşını əsir alıb. O, Rusiya ordusunun tərkibində bir neçə Çin hərbçisinin savaşdığını qeyd edib.

2022-ci ilin fevralında Moskva Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsinə başlayandan bəri Pekin Rusiyanın yaxın müttəfiqinə çevrilib. Lakin Çin özünü bu münaqişədə neytral tərəf kimi təqdim edib, Pekin müharibəni dayandırmaq üçün öz sülh planlarını irəli sürüb. Çinin Kremlin müharibəsinə birbaşa dəstək verdiyi açıq bəlli deyil.

Fevralda AzadlıqRadiosu özəl araşdırmasında Rusiya Müdafiə Nazirliyinin sızdırılmış məlumat bazası əsasında Rusiya üçün döyüşdüyünü deyən Çin vətəndaşının adını müəyyənləşdirib. Lakin həmin şəxs əlavə məlumat verməkdən imtina edib.

Zelenski "Telegram" paylaşımında "Bu əsirlərin sənədləri, bank kartları və şəxsi məlumatları əlimizdədir", deyə bildirib. Paylaşımda əsir götürüldüyü iddia edilən çinli əsgərlərdən birinin görüntüləri də yer alıb.

Çin Xarici İşlər Nazirliyi Zelenskinin bu iddiası ilə bağlı, hələlik, açıqlama verməyib. Zelenski isə həmin əsgərlərin kimin komandanlığı altında döyüşdüyü barədə ətraflı məlumat təqdim etməyib.

Ukrayna prezidenti bildirib ki, ilkin kəşfiyyat məlumatlarına görə, Ukraynada döyüşən Rusiya hərbi bölmələrinin tərkibində daha çox Çin vətəndaşının olduğu ehtimal edilir. Onun sözlərinə görə, Çinin iştirakının miqyasını müəyyənləşdirmək üçün Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və aidiyyəti hərbi bölmələr "aktiv şəkildə işləyir".

Qeyd olunub ki, əsir götürülən Çin vətəndaşları hazırda Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) nəzarətindədir və onlarla bağlı istintaq və operativ tədbirlər aparılır.

"Rusiyanın Çini və digər ölkələri bu müharibəyə, istər birbaşa, istərsə də dolaylı şəkildə cəlb etməsi, (Rusiya prezidenti Vladimir) Putinin müharibəni bitirmək əvəzinə hər şey etmək niyyətində olduğunu açıq şəkildə göstərir", - Zelenski qeyd edib.

XS
SM
MD
LG