Sorğuya cavab verməyən dövlət qurumları məhkəməyə verilib

Alı Rza
«Azad İqtisadiyyata Yardım» İctimai Birliyi büdcədən inzibati binaların tikintisi, təmiri və yenidən qurulmasına nə qədər vəsait ayrılması ilə bağlı bir sıra dövlət qurumlarına sorğu göndərib. İndiyə qədər sorğuya bir neçə qurum cavab verib. Birliyin eksperti Alı Rzanın «Azadlıq» radiosuna dediyinə görə, bir neçə dövlət qurumu onların müraciətlərinə xeyli müddət ötsə də, hələ də cavab verməyib. Bəzi nazirliklərin verdikləri cavablar isə Nazirlər Kabinetinin məlumatlarıyla uyğun gəlmir.

A.Rzanın dediyinə görə, misal üçün nazirliklərdən birinin açıqladığı məlumatlarla Nazirlər Kabinetindən əldə etdikləri məlumatlar arasında 1 milyon 100 min manat fərq üzə çıxıb.

Birlik informasiya sorğusuna cavab verməyən dövlət qurumlarını məhkəməyə verib. Onlardan biri - Dövlət Statistika Komitəsi məhkəməyə müraciətdən sonra sorğuya cavab verdiyindən komitə ilə bağlı iddia geri götürülüb.

A.Rza hesab edir ki, dövlət qurumlarının inzibati binalarının təmirinə və yenidən qurulmasına büdcədən ayrılan vəsaitlərin xərclənməsində, işi icra edən şirkətlərin seçilməsində müəyyən şübhələr var.

Ekspertə görə, məlumatların açıqlanmaması ola bilər ki, hansısa korrupsiya halları ilə bağlı olsun. Amma A.Rza deyir ki, onlar sona qədər həmin məlumatları almaqda israrlıdırlar.