Deputat Əli Məsimov deyir ki, müstəqil şəkildə xeyriyyəçiliklə məşğul olanlar hakimiyyət orqanlarının təzyiqi ilə üzləşə bilər
Azərbaycanda xeyriyyəçiliyin nə dərəcədə geniş yayıldığını qiymətləndirmək çətindir, çünki bununla bağlı hər hansı statistika yoxdur. Amma ümumi təsəvvürün yaranması üçün xeyriyyə aksiyalarına ehtiyacı olanların fikirlərinə diqqət yetirmək olar. Bakıdakı Psixonevroloji Uşaq Evinin rəhbəri İradə Musayeva deyir ki, təmənnasız yardımların sayı 5-6 il əvvəllə müqayisədə artıb, məsələn, indi xəstə uşaqların müalicəsi üçün pul tapmaq daha asandı: «İnsanlarda dinə meyl artdıqca, xeyriyyəçiliyə istiqamətlənənlər də çoxalır. Əgər əvvəllər qiyməti 6-8 min dollar olan cərrahiyyə əməliyyatı üçün vəsait tapmaq müşkül iş idisə, indi bu, daha asandır».
Xanım Musayeva xeyriyyəçiliyin artmasını dinə qayıdışla yanaşı, insanların maddi vəziyyətinin yaxşılaşmasıyla da əlaqələndirir. O, deyir ki, xeyriyyəçiliklə məşğul olanlar arasında həm zəngin adamlar, həm də orta təbəqədən olanlar var, hətta maddi imkanı o qədər də geniş olmayan şəxslər də uşaq evinə kömək edir. İradə Musayevanın sözlərinə görə, əsasən insanlar göstərdikləri yardımı reklam etmək istəmirlər, amma uşaq evinə telekameraların müşayiəti ilə gələnlər də olur: «Bir şirkət ət gətirmişdi, bu balaca yardımı böyük reklam kampaniyasına çevirdi. Halbuki həmin əti uşaqlara yedirdə bilmədik, iylənmişdi, məcbur olub uşaq evinin həyətində basdırdıq. Məlum oldu ki, şirkət iylənmiş əti tullamaq istəməyib, bundan reklam düzəltmək qərarına gəlib».
Amma xanım Musayeva belə halların az olduğunu deyir, onun sözlərinə görə, elə məmurlar da var ki, uşaq evinin böyük məbləğdə pula başa gələcək hansısa probleminin həllinə kömək edir. O, bunu da xeyriyyəçilik sayır.
«Azərbaycan qanunlarında sahibkarların xeyriyyəçiliyə həvəsləndirilməsiylə bağlı hər hansı müddəa yoxdur». Bunusa Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katibi Əlipaşa Qaybalıyev deyir. Amma onun sözlərinə görə, bunu mənfi hal kimi qəbul etmək olmaz. Cənab Qaybalıyev deyir ki, inkişaf etmiş ölkələrin sahibkarlarıyla Azərbaycan biznesmenlərini bu məsələdə yanaşı qoyub müqayisə etmək düzgün deyil, çünki Azərbaycanda sahibkarlığın inkişaf tarixi böyük deyil: «Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə, yəqin ki sahibkarların da sayı artacaq, onların imkanları da genişlənəcək. O vaxt yəqin ki xeyriyyəçiliyə də böyük vəsaitlər ayırmaq mümkün olacaq. Amma indi di böyük şirkətlər hər il öz büdcələrini formalaşdırarkən xeyriyyə məqsədləri üçün vəsait ayırırlar».
Əlipaşa Qaybalıyev böyük şirkətlərin təmənnasız yardımları əsasən səhiyyə və təhsil sahəsinə yönəltdiyini bildirir.
Amma bəzi ekspertlərə görə, Azərbaycandakı sahibkarlar xeyriyyəçilik sahəsinə daha çox vəsait yönəldə bilərlər, belə imkanları da var, sadəcə, bunu stimullaşdırmaq lazımdır. Qanuna görə, əgər hər hansı şirkət öz gəlirindən hansısa xeyriyyə aksiyasına pul ayırırsa, buna görə də dövlətə vergi ödəməlidir. Mənfəət vergisi isə 22 faizdi.
Milli Məclisin deputatı Əli Məsimovun sözlərinə görə, hətta sahibkarları xeyriyyəçilikdən çəkindirən amillər də var. Millət vəkili bildirir ki, müstəqil şəkildə xeyriyyəçiliklə məşğul olanlar hakimiyyət orqanlarının təzyiqi ilə də üzləşə bilər: «Kimsə xeyriyyəçiliklə məşğul olmaq istəyirsə, onun başının üstünü kəsdirirlər ki, deyəsən, sənin pulun çoxdu, bizə də ver».
Milli donorluğun zəif olması vətəndaş cəmiyyətinin dayaqlarından olan qeyri-hökumət təşkilatlarının da inkişafını ləngidir. İctimai təşkilatlar xarici donorlardan asılı vəziyyətə düşür. Elə bu səbəbdən Azərbaycan QHT Forumu «Xeyriyyəçilik fəaliyyəti haqqında» qanun layihəsi üzərində işləyir və təkliflərini yaxın vaxtlarda hökumətə təqdim etmək niyyətindədir.