«Barmek»in İqtisadi İnkişaf Nazirliyinə qarşı iddiası təmin edilməyib

«Barmek» MMC-nin emblemi

İyulun 11-də Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə Dair İqtisad Məhkəməsi «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) İqtisadi İnkişaf Nazirliyinə (İİN) qarşı iddiasını təmin etməyib. MMC İİN-in iddiası ilə onun əmlakına və bank hesabına qoyulan həbsin ləğvini istəyirdi. «Barmek»in vəkili Abbas Atakişiyev deyir ki, onlar çıxarılmış qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədirlər.


Bu il iyulun 3-də «Barmek» öz fəaliyyətini dayandırdığın elan edib. Səbəb kimi isə, Azərbaycan hökuməti ilə bağlanmış müqavilənin şərtlərinə birincinin riayət etmədiyini göstərib. Elə həmin gün İİN-in iddiası ilə, müəssisənin əmlakına və bank hesabına həbs qoyulub. MMC-yə qarşı cinayət işi açılıb, bir sıra əməkdaşları həbs edilib.


«Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyəti Vaşinqtonda yerləşən Beynəlxalq Arbitraj Məhkəməsində də iddia qaldıraraq Azərbaycan hökumətindən 300 milyon dollara yaxın kompensasiya tələb edir.