Gözdən əlillər üçün xüsusi proqramların Azərbaycan versiyası

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, 21 iyul 2006

Əlimuxtar Əkbərov da gözdən əlildir. O radiolokasiya stansiyaları və raketlərin idarə olunması üzrə mühəndis, ehtiyatda olan zabitdir. Yaşı altmışı haqlaması, üstəlik bir neçə il öncə gözünün tutulması onun öyrənmək həvəsini azaltmayıb. «İnsan informasiyanın 90 faizi kənardan alır. Yəni kompüter gözü bir növ əvəz edir».


Əlimuxtar Əkbərov deyir ki, xüsusən öz ixtisasında - elektronika və müasir texnologiya sahəsində baş verənləri diqqətdən qaçırmaq istəmir. Ona görə də kompüter kurslarına yazılıb. «Mənim bir gözüm kordur, o biri də tutula bilər. Eşitmə orqanı vasitəsilə informasiya almağa məcburam. Ən yeni informasiyalarla həyatı qurmaq lazımdır».


Amma təhsilini rus dilində aldığından latın qrafikası ilə yazıb-oxumağı ləng öyrənməsi və o biri gözünün də tutulmaq ehtimalı onu kompüter öyrənməkdən əl çəkməyə vadar edib. Sonra eşidib ki, demə gözdən əlillərin kompüterdə işləməsi, internetə daxil ola bilməsi üçün yaradılmış proqramlar da var. Həmin proqramlarda işləməkdən ötrü yazıb-oxumağa gərək yoxdur. Kompüter özü istənilən mətni səsləndirə bilər. Amma, bu proqramların Azərbaycan versiyası hazırlanmayıb. Rus və türk versiyaları isə plagiat olduğundan bir ay sonra xarab olur. Üstəlik Azərbaycan dilinin fonetikası başqa dillərdən fərqlənir deyə qonşu Rusiya və Türkiyədən gətirilən proqramlar mətni təhrif edir. Ona görə də yerli mütəxəssislər Azərbaycan dilli proqram yaratmalıdırlar.


Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Bəybala İbadullayevsə hesab edir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kompüter və mobil telefon proqramlarının Azərbaycan versiyasının hazırlanmasını yubadır. Bu məsələ üç il əvvəl qaldırılsa da, ölkədə 29 min gözdən əlilin informasiya almaq imkanı məhdudlaşdırılır. Bəybala İbadullayev: «Bu işlər xüsusi proqramlar üçün də həyata keçirilməlidir. Bununla da görməyən insanlar da kompüterdən rahat istifadə edə biləcəklər. İnternetdən istifadə üçün kompüter proqramları hazırlanmalıdır».


Amma gözdən əllilərin istəyi yalnız kompüterdə işləyə bilmək deyil. Onlar mobil rabitədən istifadə edə bilmələri üçün də yeni sistemin yaradılmasını arzulayırlar. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Azər Mahmudov isə məsələni mobil operatorların həll etməli olduğunu düşünür.


«Mobil telefon operatoru “AZERCELL” müstəqil fəaliyyət göstərir. Ona müraciət edin, onların geniş imkanları var ».


Amma Azər Mahmudov əlavə edir ki, “AZERCELL”ə lisenziya verilərkən bu haqda öhdəlik götürməyib deyə şirkətdən gözdən əlillər üçün xüsusi proqramların hazırlanmasını və əlavə xidmətlərin göstərilməsini tələb etmək çətindir. Ancaq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Azər Mahmudov gözdən əlilləri darıxmamağa çağırır və bildirir ki, artıq kompüter proqramlarının Azərbaycan versiyasının yaradılması ilə bağlı tədbirlər planı hazırlanmaqdadır.