Azərbaycanda şəffaflıq varmı?..

Oqtay Gülalıyev və Qalib Əfəndiyev

Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyası hesab edir ki, Azərbaycan şəffaflıqla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Söhbət ötən ilin fevralında Beynəlxalq Şəffaflıq Təşəbbüsünə «üzv ölkə» statusu alandan sonra Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən gedir.

QHT Koalisiyasının Şura üzvü Oqtay Gülalıyev deyir ki, çoxtərəfli qrupun formalaşdırılması, işçi planın tərtib edilməsi, neft şirkətlərinin hesabatlarının təkmilləşdirilməsi və Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü hesabatlarının ictimailəşdirilməsilə bağlı üzərinə götürdüyü dörd öhdəliyə Azərbaycan hələ də əməl etməyib. Onun sözlərinə görə, öhdəlik 2009-cu il avqustun 15-nə qədər yerinə yetirilməli idi.

QHT Koalisiyası hesab edir çoxtərəfli qrupun formalaşması onlara məlum olmayan səbəbdən gecikib, digər öhdəliklərlə bağlı isə altı ay ərzində nəzərəçarpacaq fəaliyyət olmayıb.

Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyası Katibliyinin rəhbəri Adil Məmmədov isə koalisiya üzvlərinin bu narahatlığından təəccübləndiyini deyir. Onun sözlərinə görə, Azərbaycan bütün öhdəlikləri yerinə yetirib:

«Koalisiyanın narahatlığını anlaya bilmədim. Çünki çoxtərəfli qrupun 9 üzvündən 3-ü QHT Koalisiyasının üzvüdür. Özü də çox fəaldırlar. Bilmirəm, bəlkə onların arasında hansısa kommunikasiya problemi var. Axı onlar məlumatlıdırlar ki, bu sahədə iş gedir».

Beynəlxalq «Revenue Watch Institute»nin (Gəlirlərə Nəzarət İnstitutu) Orta Asiya və Qafqaz regionu üzrə nümayəndəsi Qalib Əfəndiyev isə hesab edir ki, əslində, Azərbaycana «üzv ölkə» statusu veriləndə müəyyən güzəştlər edilib:

«Bu qərar qəbul olunanda bizim təşkilat və digər beynəlxalq təşkilatlar narahatlıqlarını elə həmin toplantıda bildiriblər. Biz istəyirdik ki, müəyyən öhdəliklər yerinə yetiriləndən sonra Azərbaycana «üzv ölkə» statusu verilsin».