Nasizmə qarşı sonuncu məhkəmə

Demyanyuk Sovet qoşunlarında vuruşurmuş, sonradan oğurlanıb və ölüm düşərgəsinə gözətçi təyin olunub

Nasist ölüm düşərgəsinin gözətçisi olmaqda şübhəli bilinən 89 yaşlı Con Demyanyuk Münhendə məhkəmə qarşısına çıxacaq. Onu İkinci Dünya müharibəsi vaxtı Polşada, Sobibor ölüm düşərgəsində 27 min 900 yəhudinin qətlinə yardım göstərməkdə ittiham edirlər.

Əslən Ukraynadan olan Demyanyuk Sovet qoşunlarında vuruşurmuş, sonradan oğurlanıb və ölüm düşərgəsinə gözətçi təyin olunub.

Bu, Almaniyada nasist dövrü ilə bağlı sonuncu böyük məhkəmə sayılır.

Demyanyuk özü ilə bağlı ittihamı rədd edir. Deyir ki, o, başqa nasist düşərgəsində qulluq edib, amma Sobiborda heç vaxt olmayıb. Üstəlik, Demyanyuk əlavə edir ki, o özü də qurbandır, Sovet əsgəri kimi əsir düşəndən sonra müharibə məhbusu kimi saxlanılıb.

SS-LƏ KÖNÜLLÜ ƏMƏKDAŞLIQ EDİB?

Demyanyukun vəkili Günter Mall deyir:

«Müdafiə tərəfinin gözləntisi budur ki, o, bəraət alacaq. Çünki indi mövcud olan hüquqi situasiya o vaxt mövcud deyildi. Hər şeydən qabaq o özünü hansısa xüsusi cinayətdə günahkar saymır, əksinə, hətta gümanlar əsaslı olsa belə, Demyanyuk özü Hitlerin, Heydirxin, Himlerin dediklərini edib».

Con Demyanyuk Münhen məhkəməsində, 30 noyabr 2009
Amma prokuror başqa əhvalat danışır. Deyir ki, əsir düşəndən sonra Demyanyuk könüllü surətdə SS –lə (birbaşa Hitlerin nasist partiyasına tabe olan silahlı birləşmələr. Müharibə cinayətlərinin çoxu SS tərəfindən törədilib) əməkdaşlıq edib və xidmət üçün Sobibora göndərilib.

Amma məhkəmə üçün indidən bəzi problemlər yaranıb.

Səhhəti pis olduğuna görə, məhkəmə dinləmələrinin vaxtını ixtisar ediblər, dinləmələri gündə iki doxsan dəqiqə keçirəcəklər. Bu da o deməkdir ki, məhkəmə maya qədər uzana bilər. Demyanyuku məhkəmə zalına əlil arabasında gətirəcəklər.

ŞAHİDLƏR HAMISI ÖLÜBLƏR

Başqa bir problem budur ki, hadisə ilə bağlı sağ şahid qalmayıb. Sobibordan sağ çıxan bir nəfər də yoxdur ki, Demyanyuku xatırladığını desin.

Amma prokurorlar deyirlər ki, onların əlində sübutlar var, məhkəmədə Demyanyukun Sobiborda işlədiyini sübut edən vəsiqə təqdim edəcəklər. Başqa bir sübut isə bir ukraynalının 30 il əvvəlki bəyanatıdır. Həmin bəyanatda deyilir ki, o, Demyanyukla bir yerdə Sobiborda xidmət edib. Bəyanatın müəllifi artıq vəfat edib.

Baş prokuror Barbara Stokinger deyir ki, problemlərdən xəbərdardırlar:

Səhhəti pis olduğuna görə məhkəmə dinləmələrinin vaxtını ixtisar ediblər
«Münhen dövlət prokurorluğu bilir ki, bu, asan məhkəmə olmayacaq. Bir səbəb budur ki, müttəhimin 89 yaşı var və məhkəməyə gətiriləcək şahidlərin də yaşı çoxdur. Amma bir xeyli sübut var ki, nəzərdən keçirilməsi mümkündür. Odur ki, məhkəmə həmişəkindən daha az sürətlə keçirilsə də, inanırıq ki, cinayət sübut olunacaq».

«QORXUNC İVAN» DAMĞASI

Bu, Demyanyukun ikinci məhkəməsidir. Birinci dəfə onu 1988-ci ildə İsraildə mühakimə ediblər, Holokostdan sağ çıxmış bir yəhudinin iddiası əsasında ölüm hökmü kəsiblər. İttihama görə, o, başqa bir nasist düşərgəsində - Treblinkadakı gözətçi «Qorxunc İvan» imiş.

Amma sonradan sübut olundu ki, Treblinkadakı gözətçi başqa adam imiş və Demyanyuka bəraət verildi.

Ohayadakı evinə qayıdan sonra Demyanyuka qarşı növbəti ittiham qaldırıldı və uzun mübarizələrə baxmayaraq Almaniyaya ekstradisiya olundu.

Sobibor qurbanlarının ailələri deyirlər ki, onlar Demyanyukun bu məhkəməsinə ədalətin son şansı kimi baxırlar.

Əgər Demyanyukun cinayəti təsdiqlənsə, o, 15 il həbs cəzası alacaq.