Çexlər azərbaycanlıların problemini hələ indi yaşayırlar

Çex Respublikasında dərmanlara Nəzarət üzrə Dövlət İnstitutu həkimlərlə dərman şirkətləri arasında sövdələşmələr probleminin həllində aciz qalıb. Yerli qəzetlərin yazdığına görə firmalar həkimləri pulla ələ alırlar ki, xəstələrə onların dərmanlarını yazsınlar.

Bu, qalmaqal əvvəlcə Avstriyada ortalığı qarşıdırmışdı. Orada firma yeni dərmanını istifadə etməsi üçün həkimə rəsmən pul ödəmişdi.
Amma hələlik Çex Respublikasında bu problemi əyani sübut edən faktlar ortada deyil. Buna baxmayaraq, dövlət qurumları ciddi cəhdlə bu problemin həllinə çalışırlar.

Dövlət İnstitutundan bildirirlər ki, bu fenomenal problemi son bir ildə hiss etməyə başlayıblar.
Qurumun sözçüsü Veronika Petlakova deyir ki, onlar artıq firmalara qarşı 550 000 kron (22 min manata yaxın) cərimə tətbiq ediblər.

Onun dediyinə görə əsas çətinlik reklamla adi informasiyanı ayırmaqdadır. Belə ki, yerli qanunvericiliyə görə dərman firmaları öz araşdırmaları və məhsullarını rəsmən qeydiyyatdan keçirməlidirlər. Bu qeydiyyat prosesinin bir reklam kompaniyasına çevrilməsinin qarşısını almaq isə bir qədər çətinlik yaradır.

Veronika Petlakova bildirir ki, şirkətlər öz araşdırmaları və həkimlərə ödədikləri məbləğlər haqqında onlara məlumat verməyə borcludurlar. Əks halda, onlar bir milyon krona (təxminən 40 min manata qədər) cərimə oluna bilərlər.

Keçən il çex firmaları 117 araşdırmaları haqqında məlumatı qeydiyyatdan keçiriblər.

Çex dərman istehsalçıları assosiasiyası isə hesab edir ki, həkimlər yeni dərmanların effektivliyinin yoxlamağa həvəsləndirilməlidir. Əks halda, heç bir yeni və daha keyfiyyətli dərmanın yayılması mümkün olmazdı. Amma Beynəlxalq Şəffaflıq Təşkilatı - Transparency International hesab edir ki, firmaların həkimlərə ödədiyi pullarla bağlı məlumat mütləq ictimaiyyətə élan edilməlidir.

Azərbaycanda da dərman firmaları ilə həkimlər arasında sövdələşmələr haqqında ictimai narahatlıqlar var. Bir neçə ildir ki, Səhiyyə Nazirliyi bununla mübarizə apardığını desə də şübhələr davam edir. Amma Çex Respublikasında adamların dərmanın keyfiyyətindən narahatlığı yəqin ki, Azərbaycan vətəndaşlarının narahatlığı qədər deyil. İstehlakçıların hüquqularını müdafiə qurumları da Azərbaycanın dərman bazarının saxta dərmanlarla dolu olduğunu deyirlər.