Peyğəmbərin karikaturasına görə müsəlmanlardan üzr istəyir

Pakistanda Məhəmməd peyğəmbərin karikaturasına qarşı etiraz aksiyası, 15 fevral 2006

Danimarkanın «Politiken» qəzeti Məhəmməd peyğəmbərin karikaturasını dərc etdiyinə görə müsəlmanlardan üzr istəyib.

Qəzet bu ölkədə fəaliyyət göstərən 8 müsəlman icması ilə barışıq əldə edib. Qəzetin baş redaktoru Töqer Seidenfalden bildirir ki, peyğəmbərin şəkli ilə müsəlmanların hisslərinə toxunduqlarına görə təəssüf edir. Lakin bu o demək deyil ki, «Politiken» söz azadlığını qurban verir. Onun sözlərinə görə, əldə olunmuş razılıq Danimarka mətbuatı ilə islam dünyası arasındakı gərginliyi zəiflətməyə xidmət edə bilər.

Danimarkanın müsəlman icmalarını təmsil edən vəkil də əldə olunmuş razılıqdan məmnun olduğunu bildirir.

Qərar Skandinaviyada birmənalı qarşılanmır. Bir sıra siyasətçilər və mətbuat nümayəndələri «Politiken»i tənqid edir, qəzeti söz azadlığı prinsiplərindən geri çəkilməkdə ittiham edilər.

Danimarka mətbuatı Məhəmməd peyğəmbərin karikaturasını dərc edəndən sonra bir sıra müsəlman ölkələrində bu ölkəyə qarşı etiraz dalğası qalxmış, karikaturanın müəllifinin həyatına qəsd cəhdi olmuşdu.