Rüşvət tələb edənə verilən “Nömrəli pul” nədir?

Vəkil İsaxan Aşurov

Vətəndaş ona arayış verməyən vəzifəli şəxsdən hara şikayət etsin? Rüşvət tələb edən məmuru necə həbs etdirmək olar? Rüşvətlə bağlı anonim şikayət etmək mümkündürmü? Rüşvətə şərait yaradan hallarda vətəndaşın atmalı olduğu addımları vəkillə məsləhətləşmişik. Tanınmış vəkil İsaxan Aşurovla söhbəti təqdim edirik.



- Təsəvvür edək ki, bir Azərbaycan vətəndaşına İcra Hakimiyyətindən arayış almaq lazım olub. Amma vermirlər, get-gələ salıb, rüşvət istəyirlər. O nə etsin?

- Hər şeydən əvvəl bu arayışı vermədiyinə görə İcra Hakimiyyətindən şikayət etmək lazımdır. Bizim “Mülki prosessual Məcəllə”nin 27-ci fəslində vətəndaşların dövlət orqanlarının hərəkət və hərəkətsizliyindən yuxarı orqanlara və məhkəməyə şikayət etməsi nəzərdə tutulur. Əgər rüşvət tələb olunursa, bu halda, şübhəsiz ki, həm də hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır. Onlar da “Əməliyyat axtarış tədbirləri haqqında” Qanuna əsasən tədbirlər görməlidirlər.

- Turaq ki, bu məmur adamı o qədər qəzəbləndirib ki, onun həbs olunmasını istəyir, nə etsin? Hansı hüquq-mühafizə orqanına - polisə, prokurorluğa, yoxsa, Milli Təhlükəsizlik Nazirliyinə müraciət etsin?

- Yox, adam hansısa hərəkəti ilə kimisə qəzəbləndirdiyinə görə tutulmamalıdır. O, yalnız törətdiyi hansısa hüquqa zidd əmələ görə həbs olunmalıdır...

- Söhbət rüşvət tələbindən gedir...

- Rüşvət tələbinə görə Daxili İşlər Nazirliyinə müraciət edilməlidir. Bu, birbaşa həmin Nazirliyin səlahiyyətinə aid olan məsələdir. Amma bu, MTN-ə, ya da Prokurorluğa müraciəti də istisna etmir. Ora da müraciət etmək olar.

- Polisə müraciət edəndən sonra nə baş verəcək? "Nömrəli pul" deyilən şey haqqında eşidirik, o nədir?

- Bəli, onlar rüşvət şəklində veriləcək pulların üstündə adi gözlə görünməyən rənglə “rüşvət” sözünü yazacaqlar. Həmin pulları da sizə verəcəklər ki, aparın bunu rüşvət istəyən vəzifəli şəxsə verin. Vəzifəli şəxslə görüşəcəyiniz vaxt və yer barədə polisə məlumat verəcəksiniz. Və pulu verən kimi də onlar həmin vəzifəlini yaxalayacaqlar.

- Alan adam heç cür görə bilməz ki, bu xüsusi rənglə üstünə “rüşvət” yazılmış puldur?

- Xeyir, bu rəng adi gözlə görünmür.

- Sonra nə baş verəcək, şikayət edənin özünü həbs edə bilərlərmi ki, yalan məlumat verib, ya nəsə?

- Xeyir. Bu adam məlumat verir və həmin məlumat əsasında əməliyyat axtarış tədbirinin həyata keçirilməsində iştirak edir. Rüşvət vermək, ya almaq barədə məlumat vermək cinayət tərkibi yaratmır.

- Nəzəri olaraq, tutaq ki, birdən şikayət olunan vəzifəli adamla polis əməkdaşı arasında necəsə qohumluq, yaxud başqa formada əlaqə yarandı. Bu halda onlar birləşib şikayət edən adamı tutdura bilməzlər?

- Bu, çox nəzəri bir şeydir, konkret şəraitdən asılı olaraq, onların arasında əlbəttə belə bir əlaqə yarana bilər. Mən demirəm ki, həmin vəziyyətdə də şikayət edən adamı həbs edərlər. Yəqin ki, çalışarlar şikayət olunan vəzifəlinin həbsi baş verməsin.

- Bir də, indi Nazirliklərin çoxunda, xüsusilə də Təhsil, Səhiyyə Nazirliklərində qaynar xətt yaradırlar ki, rüşvət halı ilə bağlı vətəndaş müraciət etsin. Vətəndaşın ora anonim müraciəti cəzalandırma üçün əsas sayıla bilərmi?

- Xeyir, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən anonim müraciətələrə baxılmır.

- Bəs, məsələn, tutaq ki, tələbə, o, öz adından necə müraciət edə bilər ki, hansısa müəllim ondan pul istəyir? Həmin tələbə bu şikayətə görə universitetetdən qovulmamaq üçün nə etməlidir?

- Hər halda, müdafiə tədbirləri bütün hallarda, müdafiə tədbirləri şikayət olacaq. Hansısa müəllim rüşvət tələb edirsə, tələbə bu barədə məlumat verməli və şikayət etməlidir. Belə hal Azərbaycanın ali təhsil müəssisələrində bir neçə dəfə baş verib.

- Tutaq ki, kimsə rüşvət tələbi barədə şikayət etmək istəyir. O, şikayətinə hansısa sübut-dəlil də əlavə etməlidirmi?

- Dəlil-sübut toplamaq cinayət təqibi orqanlarının işidir, şikayətçinin yox. Vətəndaş sadəcə məlumat verməlidir. Bu məlumat üçün də ilk meyar ağlabatanlılıqdır. Əgər məlumat ağlabatandırsa, dərhal bu istiqamətdə iş görüləcək.

- Məlumat təsdiq olunmasa, şikayətçini nə gözləyir?

- Təsdiq olunmasa, şikayətçini cinayət haqqında bilə-bilə yalan məlumat verməyə görə məsuliyyətə cəlb edirlər. Çünki elə məlumatı verəndə ona xəbərdarlıq edirlər ki, yalan məlumat verməyə görə məsuliyyət daşıyır.