«Qaçaq sevgisi dövlət sevgisizliyi deməkdir»

Ağalar Məmmədov

«Azərbaycanda təxminən bir əsr sonra qaçaqları qaçqınlar əvəz etdi». Bunu filosof Ağalar Məmmədov «İşdən sonra»da deyib. Martın 12-də Qaçaq Nəbinin ad günündə qəhrəmanlıq və qaçaqçılıqdan danışılıb.

Xalq nə üçün qaçaqları sevib? Ağalar Məmmədov deyir ki, qaçaqlar Çar Rusiyasına qarşı çıxırdılar, haqsızlığa, ədalətsizliyə etiraz edirdilər:

«Xalq onları evlərində gizləyirdi, onları dəstəkləyirdi. Xalq onları öz qoynunda bəsləyirdi. Bu bəsləmə, bu həyan durma bir mənada da dövləti sevməmə deməkdir. Bu gün əslində eyni prosesdir. Xalqda dövlət sevgisi yoxdur. Qaçaq sevgisi dövlət sevgisizliyi deməkdir».

Yazar Zamin Hacı isə fikirləşir ki, bizim sadə xalq Qaçaq Nəbi kimi adam arzulayır:

«Bizim sadə xalqın ürəyindən keçir ki, Qaçaq Nəbi kimi adam olaydı, hansısa oliqarxın, hansısa nazirin əmlakını dağıdıb bizə verəydi. Bu bir az da uşaq təsəvvürləridir, xəyallardır, arzulardır. Bu da bir az mifikləşdirilir. Qaçaq Nəbi bir şeyi edir, xalq onun üstünə beşini qoyur».

«KOROĞLUNUN DUBAY SƏFƏRİ»

Zamin Hacı deyir ki, bu gün Azərbaycanda real qəhrəmanlar var ki, onlar təbliğ olunmur:

«Çünki bu hakimiyyətin ziyanınadır. Bayaq Koroğlunun adı çəkildi. Koroğluya abidə qoyulması barədə prezidentin sərəncamı var. Amma M. Ə. Rəsulzadə bizim qəhrəmanımız, tarixi şəxsiyyətimizdir. M. Ə. Rəsulzadənin respublikanın quruculuğunda göstərdiyi xidmət bu da həm qəhrəmanlıqdır, daha böyük miqyasda və qlobal qəhrəmanlıqdır».

Xədicə İsmayılova:

«Ehtimalınızı soruşum. Sizcə Koroğlunun heykəlini kimdən yapacaqlar?»

Zamin Hacı:

«Kimə oxşadacaqlar? Burada iki variant ola bilər. Əslində Koroğlu sözündəki oğul sözünü nəzərə alsaq, yəni bu əslində kiminsə varisi olub. Özünüz fikirləşin, kimə oxşada bilərlər. Çünki Koroğlunun da dastanda bir çox əlamətlər var ki, Kor kişinin oğlu olması, birdən-birə Düratı tapması və s. Koroğlu qəflətən bir qəhrəman kimi ortaya çıxır».

Ağalar Məmmədov:

«Həm də bığlı olub»

Zamin Hacı:

«Həm də bığlı olub. Onun aşıq sənətinə meyli vardı, bizdə də indi muğam sənətinə meyl var. Paralellər aparsaq, məlum məsələdir ki, Koroğlu kimə oxşayacaq. Düzdür, orada «Koroğlunun Dubay səfəri» adlanan bir qol yoxdur. «Koroğlunun Bağdad səfəri» var. Amma yəqin ki, dastanın yeni variantlarında Koroğlunun Dubay səfərləri olacaq. Düzdür, Koroğlunun uşaqları olmayıb, amma Koroğlunun 7777 dəlisinin istirahət etməsi üçün Dubayda malikanə alması ilə bağlı dastanda yeni qollar tapılacaq. Çünki dastan elə bir şeydir ki, onun yeni – yeni variantları tapılır. Məsələn birini elə İranda tapmışdılar. Nə bilirik ki, orada nə yazılıb. Ola bilsin, doğurdan da, orada yeni şeylər var».

«İşdən Sonra» proqramının tam mətni ilə BURADA tanış olun.