Partiya lideri rüşvətdə ittiham olunan həmkarını istefaya çağırdı

Aytaç Durak

MHP PROKURORLUĞUN İŞƏ QARIŞMALI OLDUĞUNU DEYİR

Türkiyədə Milliyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli rüşvət iddiaları ilə gündəmə gələn partiyasından Adana Böyükşəhər bələdiyyəsinin sədri Aytaç Durakı istefaya çağırıb.

CNN TÜRK telekanalının məlumatına görə partiyasının Türkiyə parlamentindəki qrup toplantısında Bahçeli bu gün deyib: “Aytaç Durak bizə partiyadaxili intizam qaydalarına əl atmağa imkan verməməli, özü təşkilatdan istefa verməlidir. İddialar cinayət haqqında məlumat kimi qəbul edilməli və prokurorluq işə başlamalıdır.”

Adana Böyükşəhər Bələdiyyəsi Məclisində də rüşvət iddiaları müzakirə edilərkən Aytaç Durakla MHP-li məclis üzvləri arasında mübahisə olmuşdu. Bələdiyyədə onunla digər həmkarları arasında da tez-tez qarşılıqlı rüşvət ittihamları səslənirdi. Devlet Bahçeli bildirib: "Çox uzun illərdən bəri Adana Böyükşəhər Bələdiyyəsində çalışan adamların bir-biri haqqında söylədikləri iddialar MHP-nin əsla qəbul edə bilməyəcəyi əxlaqi anlayışlardır”.

İSTEFA VERSİNLƏR

Amma Bahçeli onu da əlavə edib ki, MHP araşdırmalar başa çatmayana qədər heç kimi cinayətkar adlandırmır. O, qeyd edib ki, ancaq bu məsələ MHP üçün son dərəcə həss məsələ olduğundan bir-birini qarşılıqlı ittiham edən bələdiyyə sədri və məclis üzvü özləri partiyadan istefa verməlidirlər.

Adana prokurorluğu da Böyükşəhər Bələdiyyə sədri və bəzi bələdiyyə üzvləri haqqında bir müddətdir mediada dolaşan xəbərləri və iddiaları araşdırmağa başlayıb.

Aytaç Durak 2008-ci ildə hakim AKP-dən istefa verərək MHP-yə qoşulmuş, 2009-cu ilin seçkilərinə də MHP-nin namizədi kimi qatılıb.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Aytaç Durakın əmlakı barədə Daxili İşlər Nazirliyi araşdırma aparır.

SƏRVƏTİMİN BİR HİSSƏİ QAYINATAMDAN MİRAS QALIB

Dünən İstanbulda mətbuat konfransı keçirən Aytaç Durak haqqında səslənən iddiaların yalan olduğunu bildirib. O deyib ki, sərvəti iddia edildiyi kimi iki milyard dollar yox, 40 milyon dollardan çoxdur. Bunun da bir hissəsi ona qayınatasından miras qalıb.

Durak ona iftira atılması iddiası ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib.