YAP yetkilisi «The Washington Post»u korrupsiyada ittiham edir

Mübariz Qurbanlı
«The Washington Post» qəzeti güya nüfuzlu qəzetdir, özü də ABŞ-da əsasən Demokratların mövqeyini ifadə edən bir qəzetdir, amma həmin qəzet 5 milyard dollar məbləğində korrupsiya və rüşvət qalmaqalı ilə bağlı bu gün istintaq altındadır».

Bu fikirləri YAP icra katibinin müavini Mübariz Qurbanlı martın 17-də AZTV-nin «Günün nəbzi» proqramında deyib.

Mübariz Qurbanlı qəzetin ünvanına digər ittihamlar da səsləndirib:

«Pulunu verib, həmin mətbuat orqanlarında deyə bilərsən ki, türklər erməniləri qırıb, istərsə də sabah deyə bilərsən ki, filan siyasətçi , filan hərəkətə yol verib. Belə bir məsəl var, «pulu kim verirsə musiqini də o sifariş edir». Bu cür qəzetlərin belə korrupsioner əməllərinin nəticəsidir ki, bu gün həmin qəzetin özü korrupsiya qalmaqalında iştirak edir».

Mübariz Qurbanlı bildirib ki, xarici mətbuata diqqət yetirəndə sağlam düşüncə ilə çirkabı görməyi bacarmalıyıq.

«Ayırd eləməliyik ki, o yazılarda nə həqiqəti, nə yalanı ifadə edir. Yazılan həmin məqalənin arxasında nə dayanır və bu yazını yazanların istəyi nədir?»

«The Washington Post» qəzeti bu yaxınlarda Dubayda Əliyevlərin 75 milyon dollarlıq mülkləri ilə bağlı yazı dərc eləmişdi.