«AzəriQaz»dakı ixtisarların qanuni əsası nədir?

«Uzun müddət idarədə işləyənləri ixtisara salırlar, onların yerinə isə təzələrini işə götürüblər».

«Elə bu gün axırıncı iş günüm idi. Gərək adamın olsun tapşırılasan ki, işlə təmin olunasan».

Bunları Suraxanı rayonu Qaz İdarəsinin ixtisara düşən işçiləri deyir. Onların sözlərinə görə, «AzəriQaz»ın Dövlət Neft Şirkətinə verilməsindən sonra idarədə kadr dəyişikliklərinə başlanılıb. Qaz idarəsində çalışmış kadrlar yeniləri ilə əvəzlənir.

KİMİN TANIŞI VAR, O, İŞİNDƏ QALIR

«Təzə işçilərə iş verilib. Köhnələri isə ixtisar edib, işsiz qoyublar. Prezidentə hesabat verirlər ki, yeni iş yerləri açılır. Bunlar isə əksinə, yeni camaatı işsiz qoyurlar».

«Çox işçi ixtisara düşüb. Amma kiminki adamı var o, öz işində qala bilib. Mən 14 ildir «AzəriQaz»ın işçisiyəm. İşimizlə bağlı getdik «AzəriQaz»a, kadrlar şöbəsi bizi heç qəbul da etmədi. Mühafizəyə tapşırdı ki, vaxtımız yoxdur, çıxarın onları idarənin binasından».

QEYRİ-İXTİSASLI İŞÇİLƏR ÇIXARILACAQ

Suraxanı rayon Qaz İdarəsinin rəisi Fuad Şıxəliyev deyir ki, ixtisası üzrə işləməyən bütün işçilər ixtisar olunacaqlar.

«Qarşıya məqsəd qoyulub ki, «AzəriQaz» İstehsalat birliyinin bütün işçiləri bu sahədə mütəxəssislər olmalıdır. Yəni Neft Akademiyasını bitirənlər, tikinti üzrə mühəndislər işə qəbul olunacaq. Qeyri-ixtisaslı işçilərin hamısı işlərindən xaric olunacaqlar»

- Hazırda nə qədər işçi ixtisar olunub?


«Hələ ki, heç bir nəfər də ixtisar olunmayıb. Bu gələcəkdə nəzərdə tutulub»

Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, ölkə prezidentinin fərmanı ilə «AzəriQaz» ləğv olunub Neft Şirkətinə verildikdən sonra bu sahədə problemlər xeyli artıb:

PREZİDENT FƏRMANI KİMƏ QULLUQ EDİR?

«Təcrübəli kadrları kütləvi şəkildə ixtisar edib, yerinə kim gəldi götürürlər. Başqa sözlə, ölkə prezidentinin fərmanını öz maraqları üçün, qohum tanışlarına iş düzəltmək üçün istifadə edirlər».

Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, işçilərin ixtisaslarına uyğun işləmədiklərini əsas gətirərək ixtisar edilməsi qanun pozuntusudur:

«İşə götürənin özünün birbaşa işçinin işə uyğun gəlib-gəlməməyini müəyyən etmək hüququ yoxdur. Attestasiyadan keçmədən onları «ixtisasın, yaşın uyğun gəlmir» adi ilə ixtisar olunması qanun pozuntusudur. Köhnə kadrların ixtisarı bütün ölkədə gedir. Mənim də tanıdığım təcrübəli kadrlar var ki, onları ixtisar edib yerlərinə öz prinsiplərinə uyğun yeni işçi götürürlər».

Sahib Məmmədov deyir ki, bu işçilər işdən azad olunmaları ilə bağlı əmri aldıqdan sonra bir ay müddətində məhkəməyə müraciət edib pozulmuş hüquqlarını bərpa edə bilərlər.