Jan Pol Sartr “DİVAR” (Hekayə-sonu)

ƏVVƏLİ BURDA

- Görürsən də?

Sözlərinə nə isə əkləmək istəsə də, gələn sözü uddu və qapıya sarı baxdı. Qapı açılınca dörd əsgərlə leytenant içəri girdi. Tomun siqareti əlindən düşdü.

- Steynbok?

Tom susurdu. Pedro başıyla onu göstərdi.

- Xuan Mirbal?

- Odey, həsirin üstə yatıb.

Leytenant çımxırdı: - Ayağa qalx!

Xuanın tükü də tərpənmədi. Əsgərlər qoltuqlarına girməklə uşağı ayaq üstə qoydular. Amma əllərini çəkən kimi Xuan yerə qablandı. Əsgərlər çaşqınlığa qapıldılar. Leytenant:

- Guya beləsini heç görməmisiniz?! - dedi. - Heç nə olmaz, qoluna girib aparın, hər şey bitsin.

O, üzünü Toma tutdu:

- Sən də çıx.

İki əsgər müşayiətində Tom da bayıra çıxdı. Digər ikisi isə çiyinlərindən və topuqlarından yapışmaqla onların ardınca Xuanı zirzəmidən çıxartdı.

Xuanın ağlı üstündəydi, gözləri bərələ qalmışdı, yanaqlarıyla aşağı göz yaşları axırdı. Qapıya sarı yönəlmək istəyəndə məni leytenant saxladı:

- İbbiyeta sizsiniz?

- Hə.

- Hələlik dözün. Bir azdan sizdən ötrü gələcəklər.

Zabit çıxdı. Belçikalı ilə iki mühafizəçi onun ardınca düşdü.

Yalqız qaldım. Ətrafımda nələr baş verdiyini anlamırdım, odur ki, hər şeyin bir an öncə olub-bitməsini arzulayırdım.

Qulağıma atəş səsləri gəldi. Atəşlər arası zaman dilimləri eyni olsa da, hər səfər diksinirdim.

Ulamaq, saçlarımı yolmaq gəlirdi içimdən. Amma canımı dişimə tutub, çarəsiz əllərimi ciblərimə soxdum: dözmək lazımdır.

Bir saat sonra ardımca gəlib, məni birinci mərtəbədəki, siqaret qoxuyan, havasız otağa apardılar.

Az qalırdım boğulum. Kreslolarda yayxanan və durmadan siqaret fısqırdan iki zabitin dizləri üstə bəzi kağız-kuğuz gözə dəyirdi.

- Soyadın İbbiyetadır?

- Hə.

- Ramon Qris harda gizlənib?

- Bilmirəm.

Sualları verən zabit bəstəboy və töşbərçə idi. Gözlüyün arxasından mənə dikilən gözlərindən sərtlik oxunurdu.

- Yaxın gəl, - dedi.

Yaxınlaşdım. Ayağa qalxıb, mənə elə zəhmlə baxdı ki, az qaldım yerə girim.

Sonra qollarımı burmağa başladı.

Bunu heç də mənə işgəncə vermək üçün etmir, sadəcə mənimlə məzələnir və öz üstünlüyündən həzz alırdı.

Üzünü mənə tutanda onun çürüntü qoxuyan nəfəsini duydum.

Bu, haradasa bir dəqiqə sürdü və o ara mən özümü gülməkdən güclə saxladım. Az sonra öləcək adamı qorxutmaq üçün daha betər üsul tapmaq lazımdır, onun bu üsulu isə zəif və gülünc idi.

Məni sərt hərəkətlə itələyərək keçib yerində oturdu və dedi:

- Ya sən, ya da o. Onun yerini desən, canını qurtaracaqsan.

Hər halda qarşımdakı bu qalstuklu, uzunboğaz çəkməli tiplər də əvvəl-axır gəbərəcəkdilər. Mənimlə müqayisədə bu bir az gec olacaqdı, amma yenə də olsun…

Kağızlarda adları yazılan adamları izləyib həbs etmək və ya güllələmək idi bunların işi.

Onların İspaniyanın gələcəyinə və digər məsələlərə münasibətləri mənimkindən fərqliydi. Üzlərindən yağan işgüzarlıq hər nə qədər gülünc olsa da, mənliyimə toxunurdu və mən heç vaxt bu gicbəsərlərin yerində olmaq istəməzdim.

Gözünü məndən çəkməyən o gülünc, bəstəboylu töşbərcə qırmancını çəkməsinə döyəcləyir və gözünü məndən çəkmirdi. Bununla o, özünü mənə amansız birisi kimi tanıtmaq məqsədi güdürdü.

- Hə, ağlını başına topladın?

- Qrisin yerini bilmirəm, - dedim. - Bəlkə də Madridə gedib.

O biri zabit taqətsiz halda əlini qaldırdı.

Onun bu taqətsiz jestində hansısa bir məna gizlənirdi və bu adamların öncədən öz aralarında razılaşdırdıqları vecsiz şərti işarətlərdən necə böyük həzz aldıqlarını görmək məni heyrətə gətirirdi.

- Sizə düşünmək üçün on beş dəqiqə veririk, - deyərək o, - bunu aparın camaşır anbarına, on beş dəqiqə sonra isə geri gətirin. Tərslik eləsə, yerindəcə güllələyin getsin.

Bu əclaflar nə etdiklərini yaxşı bilirdilər: bütün gecəni intizarda keçirəndən sonra məni bir saat da zirzəmidə saxladılar, o ara Xuanla Tomu güllələdilər, indi də məni camaşır anbarında gözlətmək istəyirlər - hər halda onlar bu fikrə hələ dünən gəlibmişlər.

Yəqin sanırmışlar ki, tarım çəkilən sinirlərim bütün bunlara tab gətirməyəcək və hər şeyi açıb deyəcəyəm. Amma yanılırdılar.

Mən, əlbəttə ki, Qrisin yerini bilirdim. O, şəhərdən dörd kilometr aralıda, xalası oğlanlarıgildə gizlənirdi.

Onu da dəqiq bilirdim ki, mənə işgəncə versələr də, Qrisin yerini açıb bunlara deməyəcəyəm. Amma işgəncə fikri bunların heç ağlına da gəlmirdi. Bütün bunlar mənə gün kimi aydın olduğundan hər şeydən tam arxayın idim.

Təkcə bir şeyi anlamırdım ki, niyə mən özümü başqa cür yox, məhz belə aparıram.

Məsələn, niyə Ramon Qrisi ələ verməkdənsə, ölməyə üstünlük verirəm? Niyə?

Mən ki, artıq Ramona rəğbət bəsləmirdim. Ona olan dostluq hisslərim gecənin sonuna doğru tükənmişdi: həmin vaxt bu hisslə yanaşı, mənim Konçaya qarşı sevgim də, olan-qalan həyat eşqim də sönmüşdü.

Əlbəttə, Ramona həmişə hörmət bəsləmişəm, çünki o, dəyanətli adam idi.

Amma təkcə buna görə onun yerinə ölməyə mən razı deyildim: bütün ömürlər bir qara qəpiyə dəymədiyi halda indi Ramonun həyatı mənimkindən daha çox dəyər kəsb edirdi.

Amma adamı - nə fərq edərmiş: məni, Ramon Qrisi, yoxsa bir başqasını - divara dirəyib qurşuna düzməklə, onu cəhənnəmə vasil edirlərsə, onda aramızda prinsipial heç bir fərq qalmır.

Yaxşı anlayırdım ki, Ramonun həyatı indi İspaniya üçün daha dəyərlidir, amma nə İspaniya, nə də ki, anarxistlər artıq mənim qozuma da deyildi və məndən ötrü heç nəyin əhəmiyyəti qalmamışdı.

Amma hər şeyə rəğmən mən burada oturub baş sındırır, Ramon Qrisi satmaqla qurtulmaq imkanım ola-ola, buna qol qoymurdum.

Bu eşşək tərsliyim isə artıq özümə də məzəli gəlirdi.

Öz-özümə dedim ki: "Bəsdir də qatıqladın!" və bundan sonra kefim bir xeyli duruldu. Ardımca gəlib, məni bayaqkı otağa apardılar. Ayağımın altından bir siçovulun qaçması lap kefimə kef qatdı. Əsgərlərdən birinə sarı dönüb:

- Siçovula bax, - dedim.

Mühafizəçim dinmədi. Hər şeyə ciddi yanaşdığından onun üzündən zəhrimar yağırdı. İçimdən dəli kimi qəhqəhə çəkmək keçsə də, özümü toparladım: qorxum ondan idi ki, gülməyə bir başlasam, çətin ki, dayanam. Mühafizəçimin bığı vardı. Ona:

- Bığını qırx, sarsaq, - dedim.

Yaşamağa davam edən birisinin üzünün qalın tük qatıyla örtülməsiylə razılaşması indi mənə gülünc görünürdü. O, yarıkönül mənə bir təpik ilişdirdi, mənsə susdum. Töşbərçə zabit məndən:

- Nə oldu, ağlın yerinə gəldi? - soruşdu.

Nadir həşərata baxar kimi mən onu dərin maraqla süzərək dedim:

- Hə. Onun yerini bilirəm. Qəbristanlıqda gizlənib. Ya qarovulçunun daxmasında, ya da ki, sərdabədə.

Bununla mən onları dolamağı düşünürdüm. Onların necə yerlərindən sıçrayıb, kəmərlərini taxacaqlarını, ciddi-cəhdlə sağa-sola əmrlər verəcəklərini görmək istəyirdim. Onlar doğrudan da bu heyndə yerlərindən dik atıldılar.

- Haydı. Moles, leytenant Lopesdən on beş adam alın, gedək.

Töşbərçə mənə:

- Əgər bu xəbər doğru çıxsa, verdiyim vədə əməl edəcəyəm. Yox, əgər bizi dolayırsansa, ağzının payını alacaqsan.

Bu yaramazlar otaqdan hay-küylə çıxandan sonra mən əsgərlərin nəzarətində qaldım. Onların qan-tər içində qəbristanlığa necə qaçdıqlarını gözlərim önündə canlandıranda ixtiyarsız irişirdim.

Öz hərəkətimi əsil hiyləgərlik sanırdım. Gözümün qabağına gətirirdim ki, onlar sərdabənin qapısını necə açırlar və ya baş daşlarının ardına necə göz gəzdirirlər.

Bütün bunları kənar adam gözüylə seyr edirdim: axtarılan qəhrəmanın davranışı, zəhimli və şələbığ əsgər, başdaşları arasında qaynaşan hərbçilər mənə məzə verirdi.

Yarım saat sonra töşbərçə geri döndü.

Həmin andaca güllələnəcəyim haqda əmr verəcəyini umurdum. Yəqin yoldaşlarını qəbristanlıqda qoyub gəlmişdi. Amma məni diqqətlə süzən zabitin baxışlarından heç də ələsalınmışlıq oxunmurdu. Axır ki:

- Aparın bunu əsas həyətə, o birilərin yanına, - dedi. - Bunun taleyini döyüşlərdən sonra hərbi tribunal həll edəcək.

Qulaqlarıma inanmadığımdan sözlər mənə çatmırdı. Soruşdum:

- Necə, bəs məni güllələməyəcəklər ki?

- Ən azından indi yox. Sonra isə bunu mənsiz edəcəklər.

Mən yenə də heç nə anlamırdım.

- Axı niyə ki?

O, səssizcə çiyinlərini çəkdi, əsgərlər məni apardı.

Əsas həyətdə dörd yüzə yaxın qocalı-uşaqlı məhbus yığılmışdı. Çaşqın halda mən həyətin ortasındakı gül kollarının həndəvərində dolaşırdım.

Günortaya yaxın bizi yığıb yeməkxanaya apardılar.

Orada iki-üç nəfər mənimlə kəlmə kəsməyə çalışdı, hər halda məni tanıyırdılar.

Amma mən onlara cavab vermədim, çünki artıq harada olduğumu, nə olduğumu anlamırdım.

Axşamüstü həyətə onlarla yeni məhbus gətirdilər. Bunların arasından mən çörəkçi Qarsianı tanıdım. O, mənə:

- Bəxtin varmış ha! Səni diri görəcəyimi heç ağlıma gətirməzdim, - dedi.

Cavabında mən:

- Barəmdə güllələnmə hökmü çıxarmışdılar, - dedim, - sonradan hökmü dəyişdirdilər. Amma niyə, bilmirəm.

Qarsia dedi:

- Məni isə saat ikidə həbs etdilər.

Qarsia siyasətlə maraqlanmadığından soruşdum:

- Nə üstündə?

- Mən nə bilim?! Onsuz da bunlar özləri kimi düşünməyən hər kəsi həbsə atırlar da.

Səsini qısaraq:

- Qrisi ələ keçiriblər, - dedi.

Diksindim.

- Nə vaxt?

- Bu sabah. Öz axmaqlığı ucbatından.

Çərşənbə günü xalaoğlusuyla dilləşdiyindən onun evini tərk edib. Sığınacaq təklif edən çox olsa da, o, heç kimə yük olmaq istəməyib.

Mənə isə demişdi ki: "Əgər İbbiyetanı həbsə atmasaydılar, onun evində gizlənəcəkdim. Odur ki, qəbristanlıqda gizlənəsi oldum."

- Qəbristanlıqda?

- Hə də. Əcəb axmaq fikirdir. Bu səhər isə əsgərlər oranı mühasirəyə alıblar. Qarovulçunun daxmasında yaxalanan Qris onlarla atışmada öldürülüb.

- Qəbristanlıqda!

Gözümün önündəki hər şey ilğıma döndüyü üçün yerə sərildim. Dəli kimi qəhqəhələr çəkdiyimdən gözlərimdən yaşlar sel kimi axırdı.

1939

(Mənbə: http://azadyashar.com-info.ru/Azad_YASHAR_Cheviri_Divar.htm)