Putin: «Dağlıq Qarabağ münaqişəsi səbr tələb edir»

Rusiya baş naziri Vladimr Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan

«Dağlıq Qarabağ problemi çox çətin bir məsələ olduğu üçün səbr tələb edir və Rusiya tərəflər arasında danışıqlar prosesini dəstəkləməklə yanaşı, hər hansı tərəfə təzyiq göstərə bilməz. Azərbaycan və Ermənistanla gözəl əlaqələrimiz vardır. Biz, sadəcə beynəlxalq razılaşmaları dəstəkləyə bilərik».

«AzərTAc»ın məlumatına görə, bunu Rusiya baş naziri Vladimr Putin iyunun 8-də İstanbulda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında deyib:

«Azərbaycan və Ermənistan dialoq çərçivəsində iki tərəf üçün məqbul olan nəticə əldə edə bilərlər. Bu cür problemlərin həlli münaqişə tərəflərinin qəbul edəcəyi konsensus təməlində olmalıdır. Rusiya bu məsələdə Azərbaycan və Ermənistanın razılıq əldə edəcəyi nəticəni dəstəkləyəcək».