«Təkpartiyalı siyasi sistemin həyata keçirilməsi ilə bağlı niyyətlər var»

Anar Məmmədli

«Azərbaycanda təkpartiyalı siyasi sistemin həyata keçirilməsi ilə bağlı niyyətlər var».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli deyib.

Anar Məmmədli bildirib ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun seçkiqabağı dediyi fikirlərdə qismən də olsa həqiqət var. Azərbaycanın həqiqətən də seçkilərlə bağlı xeyli problemləri var:

«Amma bizim rəsmilərimizin dediklərinin əməldə əksinin şahidi oluruq. Seçki Məcəlləsinə olunan əlavə və dəyişiklər bunu deməyə əsas verir».

Seçki eksperti bildirib ki, ölkədə azad və demokratik seçkilərin keçirilməsi üçün müvafiq şərtlər yetərincə deyil:

«Seçkiqabağı dövrdə söz və mətbuat azadlığının, sərbəst toplaşmaq azadlığının təmin olunması, siyasi fəaliyyət üçün hər bir şəraitin yaradılması olduqca vacibdir. Amma buna nəzər salan yoxdur».

Anar Məmmədli deyib ki, hazırkı proseslər indidən seçkinin necə keçəcəyini deməyə əsas verir:

«Bütün bu proseslər insanları seçki prosesindən kənarda saxlamaq niyyəti güdür. Belə çıxır ki, ölkədə təkpartiyalı siyasi sistemin həyata keçirilməsi ilə bağlı niyyətlər var».

Anar Məmmədli deyib ki, budəfəki seçkilərdə namizədlərin televiziyaya çıxış imkanları çətin olacaq.


/Hazırladı Kamran Mahmudov/