«İlham Əliyev dünyaya meydan oxuyur»

Ərəstun Oruclu

«Parlament Azərbaycanda ali qanunverici orqan funksiyasını itirib». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.Onun sözlərinə görə demokratiyanın qalib gəlməsi üçün vahid düşərgə lazımdır.

İNQİLAB HÖKM DEYİL Kİ…

«Beynəlxalq aləm müşahidə edir ki, bütün ölkələrdə demokratiya o zaman qalib gəlir ki, orada vahid bir müxalif düşərgə mövcuddur. Baxaq Ukraynada Narıncı inqilaba, baxaq Gürcüstanda Qızıl gül inqilabına və s. Hökmən deyil ki, bu inqilablar olsun. Bu elə seçki ola bilər, seçki yolu ilə məsələ həllini tapa bilər. Hökmən deyil ki, vahid müxalifət elə gəlib seçkiyə gedir birləşmiş şəkildə və elə burdaca gəlib hakimiyyətə oturur. Xeyr. Hakimiyyətin müxtəlif qanadları var. Bu gün söhbət parlament qanadından gedir. Onun müqəddaratından gedir. Və bildiyimiz kimi parlament Azərbaycanda ali qanunverici orqan funksiyasını demək olar ki itirib».

İLHAM ƏLİYEV MEYDAN OXUYUR

Ərəstun Oruclu deyir ki, güclü müxalifətin olmamasından istifadə edən hakimiyyət dünyaya meydan oxuyur:

Eldar Namazov
«Hakimiyyət daxildə opponentlərinin olmamağına arxayın olaraq, özündə belə bir əminlik yaradaraq artıq üzərinə götürdüyü beynəlxalq öhdəliklərlə hesablaşmır. Yəni İlham Əliyev hakimiyyəti 2003-2007-ci illərdə beynəlxalq aləm qarşısında götürdükləri öhdəliklərin icra olunmasının imitasiyasını, görüntüsünü yaradırdılarsa, bu gün isə onu da yaratmır və demək olar ki, dünyaya meydan oxumaqla məşğuldur. Və dünya bu cür davranışı qəbul etmir».

GÜCLÜ DAXİLİ TƏZYİQLƏR OLMALIDIR

Azərbaycan naminə ictimai forumun prezidenti Eldar Namazov isə deyib ki, beynəlxalq təzyiqin güclü olması üçün ilk növbədə daxili təzyiqlər olmalıdır.

«Demokratiya və insan haqları ilə bağlı, seçkilərlə bağlı beynəlxalq təzyiq o vaxt güclü olur ki, demokratik qüvvələrin özləri güclü olur. Yəni demokratik qüvvələr nə qədər güclü olsa, nə qədər hakimiyyətə gəlməyə hazır olsa, seçkilərdə inamlı bir yaxşı nəticə göstərsə bir o qədər də seçkilərlə bağlı beynəlxalq təzyiq güclü olur. Buna müxtəlif qiymət vermək olar. Güclü beynəlxaql təzyiqin olması üçün gərək Azərbaycanın daxilində Azərbaycanın demokratik qüvvələrinin, ictimaiyyətinin güclü təzyiqi olmalıdır ki, beynəlxalq təzyiq də buna əlavə olunsun».

Elder Namazov onu da deyib ki, növbəti parlament seçkilərindən fərqli bir şey gözləmir.

«Gələn seçkilərlə bağlı mənim gözləntilərim çox deyil. Ona görə ki, uzun müddətdir ABŞ-ın bu bölgə ilə bağlı siyasəti hələ tam formalaşmır. Azərbaycana səfir hələ təyin olunmur».