Lənkəranda un bahalaşıb

Bir həftə bundan əvvəl 45 kiloqramlıq bir kisə unun qiyməti 16 manat idisə, indi 17 manat 50 qəpiyə satılır

Lənkəranda unun qiyməti 10 faiz bahalaşıb. Bir həftə bundan əvvəl 45 kiloqramlıq bir kisə unun qiyməti 16 manat idisə, indi 17 manat 50 qəpiyə satılır. Arpanın bir kiloqramı isə bazarda 40-45 qəpiyədir. Qonşu rayonların bazarlarında da unun bahalaşması müşahidə olunur.

Sexlər çörəyin qiymətini saxlasalar da, çəkidə azalma var. 500 qramlıq çörək 450 qrama endirilib. Həftə ərzində rayonlarda iki dəfə çörək qıtlığı yaranıb.

İş adamı Fayıq Cəfərov deyir ki, bu hesabla bahalaşma hələ davam edəcək. Onun fikrincə, 50 kiloqramlıq unun qiyməti 25 manata qalxa bilər:

«Çünki taxıl və un istehsalı inhisarçıların əlindədir. Taxılın qiymətini bazar müəyyənləşdirmir. Qonşu ölkələrdə də taxıl çatışmazlığını nəzərə alsaq, problemin nə qədər ciddi olduğunu görməmək mümkün deyil».

F.Cəfərovun sözlərinə görə, dağlıq ərazilərdə yaşayanlar ilin bu vaxtında bir illik un tədarükü görürlər, nəticədə una tələbat artır. Bunun da yerli bazarlara təsiri olmamış deyil.