Havası suyundan betər Bakı...

Bakıda "Xalis Bakı havası" satanlar da var

«Bakıda və Sumqayıtda əhaliyə verilən içməli su mövcud standartlara cavab vermir». AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan «Yaşıl yol» Ətraf Mühitin Monitorinqi İctimai Birliyinin sədri Rövşən Abbasov belə dedi.

SU ÇİRKLİ VƏ YARARSIZDIR

Onun sözlərinə görə, su kifayət qədər çirklidir və birbaşa istifadə olunmayacaq vəziyyətdədir:

«Əsas səbəb suda asılı maddələrin, çoxlu mikroorqanizmlərin, xlorun mövcudluğudur».

İctimai Birliyin rəhbəri monitorinqlər zamanı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində analizlər apardıqlarını söylədi:

«Birbaşa evlərdən içməli su nümunələrini götürdük ki, analiz edək və əhalini maarifləndirək».

SUDAN ANCAQ DÖVLƏT DANIŞIR...

Rövşən Abbasovun dediyinə görə, indiyə qədər ölkədə suyun keyfiyyəti barədə məlumatı ancaq dövlət təşkilatları veriblər. Xarici ölkələrdə isə bu işi həm də qeyri-hökumət təşkilatları görür:

«Dövlətə alternativ iş aparırlar. Bu da çox gözəl nəticələr verir. Əhalinin əlində müstəqil informasiya olur».

NƏTİCƏLƏRİMİZ DÖVLƏTİNKİ İLƏ ÜST-ÜSTƏ DÜŞMƏDİ...

«Azərsu»nun «su keyfiyyətlidir, standartlara cavab verir» sözlərini əfsanə sayan Rövşən Abbasov dünyanın heç bir ölkəsində suya xlor vurulmadığını söylədi:

«Amma sağlamlıq üçün təhlükəli olan xlor Azərbaycanda istifadə olunur. Əhali suyu krandan birbaşa götürüb qaynadır, xlor başqa maddələrə çevrilir və pis xəstəliklərin-şişlərin yaranmasına səbəb olur».

Birlik sədri monitorinqlər zamanı əhalinin maariflənməsinə çalışdıqlarını da dedi.

«Əhali əsasən su filtrlərindən istifadə edir. Filtrlər suyu ancaq fiziki təmizləyir. Burada kimyəvi təmizlənmədən söhbət gedə bilməz».

HAVA SUDAN DA ÇİRKLİ İMİŞ!

Rövşən Abbasov sudan başqa havanın da monitorinqini apardıqlarını dedi:

«Məlum oldu ki, havanın keyfiyyəti sudan pisdir. Havanın keyfiyyətini müəyyən edən toz və hisdir, kükürd oksidləridir, azot oksidlərdir ki, bunların da qədəri normadan bir neçə dəfə çoxdur».

BAKIDA TOZUN MİQDARI...

Monitorinq nəticəsində məlum olub ki, şəhərdə tozun miqdarı normadan 5, bəzən isə 10 dəfə çox olur:

«Kükürd-oksidin miqdarı həddindən çoxdur. Avtomobillərin buraxdığı kükürd oksid atmosferdə müəyyən birləşmələr əmələ gətirir, sulfat turşusunun yaranmasına səbəb olur. Sulfat turşusu isə turşulu yağışlar şəklində yerə qayıdır. Bu insanlarda dəri xəstəlikləri yaradır, bitkilərə ölümcül təsir edir».

SUMQAYITIN HAVASI BAKIDAN TƏMİZDİR


Hava nümunələri nəqliyyatın sıx yerlərindən—«20 Yanvar», «Gənclik», «Xalqlar dostluğu» metrosu ətrafından və s. götürülüb. Nəticədə, Sumqayıtın havasının Bakıdan daha təmiz olması məlum olub:

«Şimal küləkləri--Xəzri əsən günlərdə hava daha təmiz olur. Gilavarda isə əksinə. Çünki gilavar çirkli havanın şəhərdən getməsini əngəlləyir. Sumqayıtda isə bu küləklərin səmti elədir ki, çirklənmiş havanı birbaşa şəhərdən qovur, dənizdən təmiz hava gətirir».

--Birlik sədri şəhər əhalisini hansı nəqliyyat növündən istifadə etməyə çağırdı?
--Bakıda ekspress tramvay-trolleybus xətlərinin qurulmasını niyə vacib saydı?
--Niyə Bakıda təzə avtovağzalın işə düşməsindən sonra atmosferin daha çox çirkləndiyini iddia etdi?
--Şəhərə çoxsaylı avtobus gətirənləri niyə qınadı?
--Nümunələr nə ilə analiz olundu? Dövlət belə qurğuları almaqda niyə maraqlı deyil?
--Bakının ən təmiz havalı yeri hara oldu? Bəs ən çirkli yeri?
--Bakılıların hər zaman havasını öydüyü «Gənclik» metrosu rayonu nədən Birlik sədri tərəfindən pisləndi?
--Və nəhayət, «Nə etməli? Hansı suyu içməli, hansı havanı udmalı? Bəlkə Bakıdan köçüb getməli?»--sualı necə cavablandı?

Ən yaxşısı, «Can Bakı»nı özünüz dinləyin.