Üzeyir bəyin «10 il» felyetonu necə tapıldı?

Üzeyir Hacıbəyli

«Milli iftixarımız» (Şirməmməd Hüseynov) Üzeyir Hacıbəylinin 125 illik yubileyinə sayılı günlər qalıb. Böyük ustadın yaradıcılığının tanınmış araşdırıcısı Səadət Qarabağlı yubiley ərəfəsində onun daha bir felyetonunu üzə çıxarıb. Səadət xanımla qısa müsahibəni həm dinləyə, həm oxuya bilərsiniz.

- Səadət xanım, xatırlayırsınızsa, bir neçə il öncə Üzeyir bəyin üzə çıxardığınız, kitab şəklində çap etdirdiyiniz felyetonları ilə bağlı söhbətimizdə sizdən soruşmuşdum ki, bu iş «tamammı-davammı? Siz də «Davam!» cavabını vermişdiniz. Belə çıxır ki, vədinizə əməl etdiniz...Felyetonu necə tapdınız?

- Bu yay Mirzə Fətəli Axundov adına Milli Kitabxanada «Molla Nəsrəddin» jurnalına baxırdım. Birdən orada Üzeyir bəyin bir felyetonuna rast gəldim. Jurnalın 7 noyabr 1927-ci il tarixli 45-ci sayında Üzeyir bəyin «Oktyabr və teatr» adlı felyetonu çıxmışdı. Onu bayaq siz dediyiniz kitaba salmışdıq. Sən demə, həmin nömrədə daha bir felyetonu nəzərdən qaçırmışıq. «On il» adlanır bu felyeton və maraqlıdır ki, mən onu bu dəfə aşkar etdim. «Bir nəfər» imzasıyla çap olunub. Mən çox şadam ki, Üzeyir bəyin yeni bir felyetonu aşkar olundu, oxuculara çatdırıldı. İnanıram ki, Üzeyir Hacıbəylinin anadan olmasının 125 illik yubileyində və Milli Mətbuatımızın 135 illiyində bu tapıntı oxucularımıza ən gözəl töhfə olacaqdır.

- Felyetonun mövzusu nədir?


- Mövzu Üzeyir bəyin bütün yaradıcılığı boyu sadiq qaldığı qadın azadlığıdır. Burada da qadın azadlığından, teatrdan söz açılır. O vaxtlar Göyərçin xanım adlı bir aktrisa var idi. Bilirsiniz ki, 1920-ci ilə qədər qadınlarımız səhnəyə çıxmırdılar. Qadın rollarını kişilər oynamağa məcbur olurdular. Amma tək-tək qadınlar vardı ki, aktrisalıq edirdilər. Göyərçin xanım da onlardan biri idi. Üzeyir bəy felyetonda həmin xanımdan danışır. Xanımın Yerevanda qastrolda olmasını xatırlayır və deyir ki, oranın «qeyrətli kişiləri» və Bakı qoçuları onu öldürmək istəyirdilər. Amma deyir, aradan 10 il keçib, indi həmin «qeyrətlilər», həmin qoçular nəinki aktrisaları öldürmək istəyirlər, hətta alqışlayırlar. Göyərçin xanımlar indi minlərlədir və axırda da yazır ki, «Ah, bu 10 il!».

- Felyetonla bağlı fikriniz nədir? Nə etmək istəyirsiniz?

- Artıq felyetonu dərc etdirmişəm. «Ədəbiyyat» qəzetində və «Xalq» qəzetində çıxıb. Amma gələcəkdə Üzeyir bəyin yeni tapılmış felyetonlarını təzədən nəşr etsək, şübhəsiz ki, bu felyeton da ora düşəcək. Bir daha vurğulayım ki, «Bir nəfər» imzasıyla çıxan felyeton Üzeyir bəyin istifadə etdiyi 67 imzadan biridir.

- Səadət xanım, Üzeyir bəyin 125 illik yubileyi lap yaxındadır. Bir Üzeyirşünas kimi yubileyi necə qarşılayacaqsınız?

- Hazırda 3 kitabım nəşrə hazırdır. Biri «Üzeyir bəyin publisistikasında musiqi məsələləri»dir. Rus dilinə də tərcümə olunub. Arzu xanım Əlizadə çevirib. 30 ildən çoxdur ki, Üzeyir bəylə bağlı mətbuatda - qəzet-jurnallarda yazılarım çıxıb. Onları bir toplu halında nəşrə hazırlamışam. İnşallah, imkan olsa, bunları nəşr etdirib oxuculara çatdırmaq fikrim var.

- Çox sağ olun. Bu dəfə «Tamammı-davammı?» soruşmuram. Çünki cavabı bilirəm.

- Cavab əlbəttə, davamdır. Tamamilə doğrudur!