İran Ermənistana elektrik stansiyası tikir

İranın prezidenti Mahmud Əhmədinejad (solda) Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyanla görüşür, 15 sentyabr 2010

ARAZDA ERMƏNİSTANA 323 MİLYON DOLLARLIQ ELEKTRİK STANSİYASI

Araz çayı üzərində Ermənistan üçün tikiləcək “Mehri” elektrik stansiyasını maliyyələşdirməyi İran öz boynuna götürüb. Yaxın vaxtlarda İranın enerji naziri Yerevana gedib bu barədə razılaşma imzalayacaq.

Bu barədə sentyabrın 16-da məlumat verən Ermənistanın Enerji və Təbii Ehtiyatlar naziri Armen Mövsiyan deyib ki, tikintini İranın Farat-Sepasat şirkəti aparacaq. Nazirin dediyinə görə stansiya 323 milyon dollara, beş ilı müddətinə tikiləcək. 15 il ərzində Ermənistan hər il bu stansiyadan 800 milyon k/saat elektrik enerjisi alıb, tikintiyə qoyulan investisiyanı qaytaracaq. Stansiyanın özü isə Ermənistanın mülkiyyəti olacaq.

TEHRANIN "BALANSLI MÖVQEYİ"
Eduard Nalbandyan (solda) Manuçöhr Mottəki ilə mətbuat konfransında, 15 sentyabr 2010
Ermənistanın Xarici İşlər naziri Eduard Nalbandyan sentyabrın 14-15-də Tehranda səfərdə olub. O, sentyabrın 15-də iranlı həmkarı ilə birgə mətbuat konfransında bildirib ki, İran rəsmilərinə Qarabağ danışıqlarını gedişi haqqında məlumat verib. Nalbandyan bildirir ki, Tehranın bu münaqişəyə “balanslı” mövqeyi Yerevanı qane edir. Amma bu mövqeyini konkret necə ifadə olunması haqqında bir söz deməyib.

Tehran rəsmiləri bundan əvvəlki çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini bildiriblər.

İranın Xarici İşlər naziri Manuçöhr Mottaki isə erməni həmkarına ölkəsinin nüvə proqramı ətrafında yaranan vəziyyət haqqında məlumat verdiyini deyib. Nalbanyan bildirib ki, Yerevan bu mövzuda beynəlxalq polemikanı yaxından izləyir və ümid edir ki, mübahisə tezliklə bütün tərəflərin qəbul edə biləcəyi şəkildə həllini tapacaq.

E.Nalbandyan Tehranda prezident Mahmud Əhmədinejad və Ali Milli Təhlükəsizlik Şurasının sədri Səid Cəlili ilə, eləcə də bu ölkədəki erməni kilsəsi və erməni icması ilə də görüşüb. Yaxın vaxtlarda Yerevan Tehranda Ermənistan mədəniyyəti günləri keçirməyi planlaşdırır.

Son vaxtlar Ermənistanla İran rəsmilərinin bir-birinə qarşılıqlı səfərləri sıxlaşıb. Bir qədər əvvəl Ermənistanın Müdafiə naziri də Tehranda səfərdə olub. Yerevan yaxın vaxtlarda Tehranda Ermənistan Mədəniyyəti günləri keçirməyi planlaşdırır. Oktyabrın ikinci yarısında isə Ermənistanın İqtisadiyyat nazirinin Tehrana səfir planlaşdırılır.

TEHRAN YEREVANA AZAD TİCARƏT RAZILAŞMASI TƏKLİF EDİR

“The Tehran Times” qəzetinin yazdığına görə bu səfər zamanı İranla Ermənistan arasında azad ticarətə dair razılaşma imzalanacaq. Amma erməni rəsmiləri bunu təkzib ediblər. Yerevanda yüksək rütbəli rəsmilər AzadliqRadiosunun erməni xidmətinə bildiriblər ki, Tehran belə bir sənədin imzalanmasına çalışır. Amma hələlik İrandan gələn təklifin şərtləri Ermənistanı qane etmir. Ona görə yaxınlarda belə bir sənədin imzalanacağı gündəlikdə deyil.

E.Nalbanyanla MşMottəkinin mətbuat konfransında həmin sənəd haqqında müzakirələrə toxunulmayıb.

Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə İranla ticarətin dövriyyəsi bu ilin ilk altı ayında 97.6 milyon dollar olub. Bu da Ermənitanın ümumi xarici ticarətinin 4.5 faizidir. İlin altı ayında Ermənistanın ABŞ-la ticarətinin həcmi bundan çox cüzi şəkildə artıq olub.