İslam başqa dinləri aşağılamağı qadağan edir

Əli Əkbər Haşemi Rəfsəncani

«İslam başqa dinlərə hörmətlə yanaşmağı tələb edir».

İran Ekspertlər Şurasının sədri Əli Əkbər Haşemi Rəfsəncani Assuriya Xristianlarının Patriarxı Xananiya IV Mar Dnxa ilə görüşdə belə deyib.

«Fars» xəbər agentliyi yazır ki, Rəfsəncani 11 Sentyabrın olaylarının ildönümündə ABŞ-da Quranın yandırılması cəhdlərinə toxunub. Deyib ki, Roma Papası XVI Benedikt bu cəhdi qınadı. Amma bir neçə məsuliyyətsiz insan öz hərəkətləriylə müsəlmanları hiddətləndirdi.

11 Sentyabrın ildönümündə Vaşinqtonda bir qrup insan müqəddəs kitabın ingiliscəyə tərcümə edilən nəşrindən bir neçə səhifəni yandırmışdı.

Rəfsəncani bildirib ki, baş verənləri kəskin şəkildə qınasalar da, müsəlmanların bu hərəkətə görə xristianlığa qarşı çıxmasını təqdir etmirlər. Çünki islam istənilən dinə qarşı dözümsüzlüyü qadağan edir.