Son vaxtlar yerli mətbuat bəzi hərbi hissələrdə əsgərlərlə zabitlər arasında münasibətlərdə problemlər yaşandığı barədə yazır. Elə bu ilin fevralında Daşkəsəndə «N» saylı hərbi hissədə iki əsgərin zabit heyətini güllələməsi və özlərini də öldürməsiylə nəticələnən olayın da kökündə məhz bu cür problemlərin durduğu söylənir.
QANUN POZUNTULARINI ZABİTLƏR ARAŞDIRIRDI
Parlament komitəsinin üzvü Pənah Hüseyn deyir ki, komandirlər qanun pozuntularını araşdırmağı iki ildən artıq qulluq etmiş zabitlərə tapşırırdı.
«Məsələn, mənim oğlum il yarımdan artıq idi zabit kimi xidmət edirdi, ali təhsiliydi, bu işi ona tapşırmışdılar. İctimai əsaslarla işi aparırdılar. İndi bu, Müdafiə Nazirliyində ayrıca ştat olacaq bunun üçün».
HƏRBİ PROKURORLUQ OLAN YERDƏ...
«Hərbi hissələrdəki problemlər, nəhayət ki, dövlət rəhbərliyini də silkələyib və millət vəkilləri səviyyəsində belə bir komissiya yaradılması təklifi irəli sürülüb».
«Bu komissiyanın təşkili, məncə, formal xarakter daşıyır. Keyfiyyət məsələsinə gəlincə, qanunsuzluqları ört-basdır etməyə xidmət edəcək».
Ələkbər Məmmədovun fikrincə, hərbi prokurorluq olan yerdə ikinci bir təhqiqat qrupuna ehtiyac yoxdur.
MÜDAFİƏ NAZİRLİYİ CANFƏŞANLIQ GÖSTƏRMƏYƏCƏK
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli də hesab edir ki, Müdafiə Nazirliyinin tərkibində belə bir təhqiqat qrupu əksinə, hətta hərbi prokurorluğun işini məhdudlaşdıra bilər, yəni hansısa neqativ halla bağlı ilkin təhqiqat aparan nazirlik hərbi prokurorluğa da yalnız nəticələr barədə məlumat verə bilməsi ehtimalı güclüdür:
«Sözsüz ki, hər bir qurum istəməz ki, daxili neqativ halların sayının çox olması ilə statistikanı digər quruma açıqlasın. Bu mənada güman etmirəm ki, Müdafiə Nazirliyi baş vermiş qanunsuz halların qeydiyyata alınmasına xüsusi canfəşanlıq göstərsin.
Millət vəkili Pənah Hüseyn isə indidən mənfi arqumentlər söyləməyin tərəfdarı deyil, onun fikrincə, bu təhqiqat qrupunun bir işə yarıyıb-yarımayacağını zaman göstərəcək.
ORDUDA QANUNSUZLUQLAR ARAŞDIRILACAQ
Parlamentin digər üzvü Zahid Oruc da müxtəlif rəyləri təbii sayır, amma hesab eləyir ki, bu təhqiqat qrupunun yaradılması ideyası məhz ordudakı hansısa qanunsuzluq olduqda, onun qarşısını almağa yönəlib və əməldə də bunun özünü doğruldacağına şübhəsi yoxdur.
Müdafiə Nazirliyi isə təhqiqat qrupu təklifini şərh etmir. Nazirliyin sözçüsü Teymur Abdullayev deyir ki, onlar icraçı orqan kimi qanundan irəli gələn tələbləri həyata keçirirlər. Təhqiqat qrupunun hərbi prokurorluğun işini məhdudlaşdırmasına gəlincə isə deyir ki, bu məsələ düzgün anlaşılmır və qanuna təklifdə prokurorluğun fəaliyyətinin məhdudlaşdırılması yoxdur.